Azərbaycanın Trampdan istəyi nədir? - ŞƏRH

Azərbaycanın Trampdan istəyi nədir? - ŞƏRH
  05 İyul 2017    Oxunub:4829
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin başçısı Donald Trampa təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunub ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diplomatik əlaqələrin qurulmasından sonra ötən 25 il ərzində dostluq və əməkdaşlıq zəminində dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:

“Enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı transmilli layihələrə ABŞ-ın mühüm və davamlı dəstəyi, beynəlxalq terrorizmə qarşı mübarizədə, Əfqanıstanda sülhyaratma missiyasında ölkələrimizin yaxından və səmərəli əməkdaşlığı tərəfdaşlığımızı səciyyələndirən başlıca amillərdəndir”.

Həmçinin, ölkə başçısının məktubunda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın səylərinə ümid bəslədiyi qeyd olunub.

“Biz, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”.



Ölkə başçısının Trampa təbrik məktubunu AzVision.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, artıq ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələdədir:

“ABŞ prezidenti Donlad Tramp qısa zaman ərzində Azərbaycan prezidenti İlham Əliyevə bir neçə məktub göndərib. Bu məktublarda Azərbaycanın dövlət başçısına çox isti mesajlar var. Azərbaycanla strateji tərəfdaşlığın önəmi vurğulanıb. Trampın bu münasibəti Azərbaynda xoş qarşılanıb. Artıq ABŞ-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələdir. Qarşılıqlı olaraq Azərbaycam prezidenti İlham Əliyev ABŞ-ın milli bayramı – Müstəqillik Günü münasibətilə Donald Trampı təbrik edib”.

Politoloq qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri strateji əhəmiyyət kəsb edir: “90-cı illərin ortalarında Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxarmaq istəyərkən şimal və cənubdan çox böyük təzyiqlər vardı. Bu məsələdə Azərbaycana ən böyük dəstəyi ABŞ verdi. Bunu Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə vurğulayıb. Məhz ABŞ-ın dəstəyi sayəsində Azərbaycan öz neftini alternativ yollarla – Gürcüstan və Türkiyə üzərindən dünya bazarına çıxarmaq imkanı qazandı. Sadəcə bizim daha böyük istyəmiz var ki, ABŞ işğal olunmuş torpaqlarımızın azad olunmasında, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində öz rolunu oynasın. Çünki, ABŞ münaqişənin həlli ilə məşğul olan üç həmsədr dövlətdən biridir. Ancaq, təəssüf ki, ABŞ bu məsələdə passivdir. ABŞ-da dövlət başçılarının sonuncu görüşü 2001-ci ildə Ki-Uest şəhərində olub. Bu görüşdən sonra passivlik müşahidə edilir. Barak Obamanın 8 illik prezidentliyi dövründə ABŞ faktiki olaraq münaqişənin həlli ilə məşğul olmadı və bütün təşəbbüs Rusiyanın əlinə keçdi. Rusiya isə işğalçının strateji müttəfiqidir. Bunu açıq deyirəm ki, Rusiyada indiki qüvvələr münaqişənin ədalətli həllini sürətləndirməyə imkan vermirlər”.



E.Şahinoğlu hesab edir ki, münaqişənin həlli ilə bağlı həmsdər ölkə kimi ABŞ və Fransa fəallaşmalıdır: “Biz çalışırık ki, münaqişənin həlli üçün digər oyunçular - Fransa və ABŞ bir qədər fəallaşsın. Yəni, münaqişənin həllinin uzanmasının qarşısını alsınlar. Bu baxımdan bizim Tramp administrasiyasından müəyyən ümidlərimiz var. Bütün hallarda ikili əməkdaşlıq inkişaf etdirilməli, enerji əməkdaşlığı davam etdirilməlidir və bir çox məsələlərdə ABŞ Azərbaycanı, Azərbaycan isə ABŞ-ı dəstəkləməlidir. Bu hər iki ölkə üçün çox əhəmiyyətlidir”.

Politoloq bildirib ki, ABŞ və Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələ qazanması üçün ən vacibi yaxın müddətdə Ağ Ev administrasiyasının ölkə başçısı İlham Əliyevi Vaşinqtona rəsmi səfərə dəvət etməsidir: “Bu, ikili münasibətlərin inkişafı üçün çox önəmlidir. Təsssüf ki, Barak Obama dövründə bu baş vermədi. Obama administrasiyası nə etdi? Obama Türkiyəyə səfər edərkən qonşu dövlətlərin prezidentlərini Ankaraya dəvət etdilər ki, onlarla görüşsün. Bunu Azərbaycanın dövlət başçısı qəbul etmədi. Hesab edirəm ki, bu, doğru qərar idi. Amma, Azərbaycanla strateji əməkdaşlığa önəm verilirsə, prezidentlər arasında məktublaşma belə sürətlə gedirsə, yaxın perspektivdə Azərbaycan prezidentinin Vaşinqtona rəsmi səfərə dəvət edilməsinə ehtiyac var. Hesab edirəm ki, bu iki ölkə arasındakı münasibətlərə çox güclü təkan verə bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Azərbaycan   ABŞ   Tramp  





Xəbər lenti