Zibilsevənlər

Zibilsevənlər
  06 Sentyabr 2013    Oxunub:1312
Qönçəgül Cabbarova

Bunu bilənlər bilir. Bilməyənlər də Molla Nəsrəddinin sözü olmasın, bilənlərdən soruşub öyrənsinlər, xanımlar və cənablar, lütfən... Yoxsa, günü-gündən gözəlləşən şəhərimizə “içi özümü, çölüm özgəni yandırır” prinsipindən baxmamaq qeyri-mümkündür.
Onsuz da hər gün qapıları güclə açılıb-bağlanan, oturacaqları sınıq-salxaq, pəncərələri, döşəməsi çirkli avtobuslarla gedib-gəlmək ruhumuzu qaraldır. Hələ bir də avtobusu öz həyət-bacası hesab edən, uşağına bir qutu tum alıb, yanı ilə gəzdirən bəzi anaları görəndə nitqim quruyur.

Bir neçə dəfə şahidi olmuşam eyni mənzərənin... Uşaq dayanmadan tumu çirtlayıb, avtobusun oturacağına, döşəməsinə tökür. İçi mən qarışıq, çoxumuz seyr edirik bu mənzərəni. Başını təəssüfələ yelləyən kim, qınayıcı nəzərlərlə baxan kim... Amma cifayda... Ağbirçəklərimizin sözü olmasın, ana olan bəndə dilini tərpədib, uşağına “dinc dur, belə etmə!” demir ki... Üstəlik bir-iki tumuda öz ağzına atıb pəncərədən çölə baxır.

Hələ uşaq bir kənara qalsın, yekə kişiləri, qadınları demirəm. Ciyəriyanmış kimi dayanmadan tumu çırtlayıb qabığını yan-yöyrəsinə tökən bu böyüklərə söz deməyə kimin hünəri catar...

Əslində buna oxşar vəziyyətlə tək avtobuslarda yox, dayanacaqlarda, metroda, gəzinti gəmilərində, lap elə göz oxşayan alış-veriş və əyləncə mərkəzlərində də qarşılaşırıq.

Belə yerlərdə övladlarının ayağından ayaqqabılarını çıxarmaq əziyyətinə qatlanmadan, elə o vəziyyətdə də insanların yemək yediyi masaların, oturacaqların üstünə çıxaran valideynlərə söz deyəndə, aldığın ən yaxşı cavab, “sənə nə, özüm bilərəm”dir!!!

Əhsən belə, tərbiyəyə... Nə deyəsən...

Metronun içində heç bir insanı saymayıb, ağızdolusu yerə tüpürən kişilərimiz, yediyinin qalıqlarını sağa-sola atan böyüklərimizə baxıb tərbiyə alır uşaqlarımız... Tüpürməyi, boş butulkaları hara gəldi tolamazlamağı sərbəstlik, müasirlik hesab edir gənclərimiz... İçtimai nəqliyyatlarda, küçələrdə, pilləkənlərdə, yaşayış binalarının qarşısında, parklarda bu qədər zibillik yaratmaq sizi niyə belə xoşbəxt edir görəsən?

İnanın ki, gözdən, könüldən iraq küçələrimizdə, elə lap gözümüzün gördüyü yerlərdə-parklarda, bağlarda qalaq-qalaq yığılan zibillikləri yaratmaqla həm özünüzün, həm də başqalarının ruhunu kirlədirsiniz....

Gündəlik məişət qayğılarınızın, yarımçıq qalan cavabsız sevgilərinizin, alınmayan işlərinizin hirs-hikkəsini gözəlliyi zibilliyə çevirməklə çıxarmayın. Yerin, torpağın, dayanacağın, oturaçağın heç bir günahı yoxdur vallah...

Bir az vicdanlı, bir az da insaflı olun.
Ruhunuzu saflaşdırın əzizlərim.
Bəlkə onda özünüzdən başqa özgələrini də düşünərsiniz...
Yadınıza düşər ki, yayın qızmar istisində, qışın oğlan çağında, gözü yuxudan ayılmamış yollara düşən, küçələri, parkları, bağları təmizləyən analarımız, bacılarımız var.

Bəlkə, elə onlardan biri sizin ya ananız, ya bacınız, ya da həyat yoladaşınızdır, nə bilmək olar...
Allah insanı ən gözəl biçimdə yaradıb və onu heyvandan fərqləndirən əsas cəhəti şüurlu olmasıdır.
Lətifəsi bütün yaxşı, təmizkar insanlardan uzaq... Heyvan heyvanlığı ilə yatdığı yeri təmizləyib, sonra yatır xanımlar və cənablar...

Bizə nə olub, axı biz ki insanıq...


Teqlər:





Xəbər lenti