Azərbaycandan Gürcüstana xüsusi dəstə göndərilib - VİDEO

Azərbaycandan Gürcüstana xüsusi dəstə göndərilib - VİDEO
  22 Avqust 2017    Oxunub:3897
Gürcüstan Hökumətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi bu ölkəyə yola düşüb.
FHN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Barjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak edəcək xilasetmə dəstəsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 10 yanğınsöndürmə avtomobili və 79 nəfərlik şəxsi heyəti (fərdi yanğınsöndürmə vasitələri ilə təchiz edilmiş), Mülki Müdafiə Qoşunlarının dörd texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub. Həmçinin nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğının baş verdiyi mürəkkəb relyefli ərazilərdə daha operativ xilasetmə və yanğınsöndürmə əməliyyatları aparılması məqsədilə xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iki helikopteri ilə hadisə yerinə desant çıxarılması üçün ezam olunub.



Meşə yanğınının söndürülməsi məqsədilə qonşu ölkəyə ezam edilən nazirliyin xilasetmə dəstəsinin operativ və səmərəli fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsi üçün ərazidə FHN-in Mülki Müdafiə Qoşunlarının səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlarının qurulması və səyyar mətbəxin açılması nəzərdə tutulub. Bununla bağlı bütün təminat Azərbaycan FHN tərəfindən həyata keçiriləcək.

Ümumilikdə təbii fəlakət zonasına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 15 texnikası, o cümlədən 1 helikopteri və 126 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.



FHN-in xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Dövlət Sərhəd Xidmətinin iki helikopteri ilə Gürcüstana çatıb. Qeyd edilən digər texnikalar və canlı qüvvə yaxın saatlarda Azərbaycan-Gürcüstan dövlət sərhədini keçəcəklər.

Xatırladaq ki, avqustun 22-dən FHN-in aviasiya dəstəsinin xüsusi avadanlıqla təchiz olunmuş 1 helikopteri 11 nəfər şəxsi heyəti ilə yanğınsöndürmə əməliyyatına qoşulub.



AzVision.az


Teqlər: FHN   Gürcüstan   Yanğın  





Xəbər lenti