Kənd təsərrüfatında sıçrayış gözlənlir – TƏHLİL

Kənd təsərrüfatında sıçrayış gözlənlir – TƏHLİL
  05 Sentyabr 2017    Oxunub:7395
Azərbaycanda aqrar sahədə islahatlar hələ 90-cı illərdən başlanıb, bugün də davam etdirilir. Ancaq ölkədə bu islahatlar heç də kompleks nəticələr və irəliləyiş əldə etməyə imkan yaratmayıb. Yəni sözügedən sahədə birtərəfli inkişaf əldə olunub, bəzi ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı isə dayanıb. Söhbət, tütünçülük, baramaçılıq, fındıqçılıq kimi sahələrdən gedir.
Halbuki, ölkədə insanlar əsrlər boyu bu sahələrdə çalışıblar. Yəni, Azərbaycanda tütünçülük, baramaçılıq və fındıqçılığın çox böyük və zəngin ənənələri var. Çünki müvafiq bölgələrdə mövcud torpaq şəraiti, münbitlik, iqlim, coğrafi vəziyyət, xaricə çıxışın asan olması tütünçülük, baramaçılığ və fındıqçılığın inkişafına həmişə təkan yaradıb.

Sovet dövrünün başa çatmasıyla ölkədə aqrar sektorda texniki bitkilərin əkilib-becərilməsi dayandı. Düzdür, müstəqillik illərində kənd təsərrüfatının bir çox sahələrində əvvəlki dövrdən fərqli olaraq, daha çox irəliləyiş əldə olunub. Ancaq texniki bitkilər diqqətdən kənarda qaldı. Çünki investisiyalar ilk növbədə infrastruktura, ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yönəldiyindən, texniki bitkilərin əkilib-becərilməsi işinə maraq itdi.

Ancaq dövlət başçısı İlham Əliyevin pambıqçılığın inkişafına diqqət ayırmasıyla, bu sahələrin inkişaf etdirilməli olduğu gündəmə gəldi. Çünki Prezident pambıqçılıqla bağlı keçmişdə olan ənənənin bərpa olunmasıyla əlaqədar çıxışında qeyd etdi ki, pambıqçılıq məhv olmuş, tütünçülüyə maraq itmiş, baramaçılıq isə tarixə çevrilmiş, bu da ümumən kənd təsərrüfatının inkişafında əngəl yaratmışdı.

Keçən əsrin 70-ci və 80-ci illərində ölkədə 800-900 min ton pambıq tədarük olunurdu. 2015-ci ildə bu rəqəm güc-bəla ilə 35 min ton təşkil etmişdi. Ümumiyyətlə, ölkədə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi üzrə strukturunda pambığın payı 1970-ci ildə 16 faiz, 1982-ci ildə isə 22 faiz təşkil edirdisə, 2015-də ildə cəmi 1,2 faiz olub. Ona görə də həmin ildə cəmi 35 min məhsul götürmək mümkün oldu.

Ancaq Prezidentin pambıqçılığa diqqət ayırmasıyla cəmi iki il ərzində bu sahədə dönüş yaranıb. Keçən il, yəni 2016-cı ildə bütün güclər səfərbər edildi. Texnikalar alındı, dövlət dəstəyi göstərildi, meliorasiya işləri aparıldı. Nəticədə 51 min hektar sahədə pambıq əkildi və 90 min tona yaxın məhsul götürüldü. 2015-ci illə müqayisədə 3 dəfə çox...

Bu, nəyi göstərir?! Demək, qarşıya məqsəd qoyanda, hər şeyə nail olmaq mümkündür. Rəqəmlərə diqqət yetirək: 2015-ci ildə cəmi 18 min 700 hektar sahə əkilmişdisə, keçən il 52 min hektar, bu il isə 138 min hektar sahəyə pambıq toxumu səpilib. Bu da az qala, 3 dəfəyə çox sahədə deməkdir. 2016-cı ildə 2015-dəki ilə müqayisədə 3 dəfə çox – 90 min tona yaxın məhsul götürülmüşdürsə, bu il 140 min hektara yaxın sahədən 270 min ton məhsul əldə ediləcəyi nəzərdə tutulub.

Tütünçülüklə bağlı isə pik dövr 1978-ci ildə olub. 1970-ci ildə 14 min hektarda tütün əkilirdisə, mərhum dövlət başçısı Heydər Əliyevin fəaliyyəti nəticəsində 1978-ci ildə 18 min hektara çatdı. Amma 1990-cı ildə bu rəqəm 14 minə düşdü. 2014-cü ildə cəmi 1000 hektara qədər sahədə tütün əkilmişdi. O ki qaldı istehsala, 1970-ci ildə 24 min ton tütün istehsal olunmuşdusa, 1980-ci ildə 57 min ton... Yəni, 2 dəfədən çox tütün istehsal edilmişdir. 2015-ci ildə isə tütünçülük az qala tarixə çevrilirdi.

Hazırda keçmiş nəticələri bərpa etmək qarşıya vəzifə qoyulub. Hökumət tütünçülüyün inkişafına dair Dövlət Proqramı da qəbul edəcək. Əkin sahələrini 2021-ci ilədək 2 dəfə genişləndirmək nəzərdə tutulub. Yəni, indiki 3200 hektardan təqribən 6 min hektara qədər... Əgər, orta məhsuldarlıq səviyyəsi 2 ton götürəlsə, ölkədə hər il 12 min ton quru tütün istehsal etmək mümkündür. Bu isə yeni ixrac imkanı deməkdir.

Ölkə başçısı İlham Əliyev qeyd edib ki, bir neçə həmkarıyla - xaricdən tütün idxal edən ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlər əsnasında bu məsələni qaldırıb və həmin ölkələrin tütünü Azərbaycandan alacaqları ilə bağlı razılığa gəlinib. Çünki Azərbaycan tütünü keyfiyyətlidir. Üstəlik, elə ölkələr var ki, orada tütün istehsalı yoxdur. Ona görə ki, iqlim şəraiti buna imkan vermir. Ancaq həmin ölkələrdə siqaret fabrikləri mövcuddur. Odur ki, onların ucuz və xam tütünə böyük ehtiyacları var.

Baramaçılığa gəldikdə, 1970-ci ildə Azərbaycanda 3700 ton barama istehsal olunub. 1980-ci ildə isə bu rəqəm 5 min tona çatıb. 1991-ci ildən sonra isə barama istehsalı kəskin şəkildə aşağı düşdü. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilib. üzdür, indi bu rəqəm 244 tona çatdırılıb. Gələcək planlar isə bundan ibarətdir ki, gələn il 500 ton barama tədarük edilsin. 2019-cu ildə isə 1000 ton səviyyəsində... Əgər, bütün planlar həyata keçsə, 2025-ci ildə 6 min ton barama istehsal etmək mümkün olacaq. Yəni, hətta sovet dövründəkindən 2 dəfə çox.

Beləliklə də Azərbaycanda baramaçılıq kütləvi xarakter almalıdır. Çünki buna ehtiyac var. Azərbaycan ipəyi dünyada məşhurdur. Ölkədə Şəki İpək Kombinatı fəaliyyət göstərir ki, onun istehsal gücünü artırmaq düşünülür. Üstəlik, daha bir kombinat yaratmaq da söhbət mövzusudur. Bu işə xarici, yerli investorların marağı olarsa, dövlət onlara dəstək verəcəkdir. İnvestorlar əmin ediləcəklər ki, bu sahənin inkişafı ilə bağlı heç bir problem olmayacaq.

Keçən il fındıq Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Ölkəyə 105 milyon dollar valyuta gətirib. Bu ilin birinci yarımili ərzində isə 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib. Fındıq ən çox valyuta gətirən kənd təsərrüfatı istehsalı məhsuludur. Odur ki, ölkənin 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 16.3 min hektar fındıq bağları salınmışdırsa, 2017-2018-ci illərdə daha 10 min hektar salmaq planlaşdırılır. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur ki, yeni bağlar salınandan sonra isə bu rəqəm 20 min nəfərə çatacaqdır.

Ümumiyyətlə, baramaçılıqdan və tütünçülükdən fərqli olaraq, fındıqçılıq son illər ərzində demək olar, tənəzzülə uğramayıb. Belə ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idisə, 2013-cü ildə bu rəqəm 30 min, 2015-ci ildəsə 32 min 700 hektara çatıb.

Hazırda dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb və xaricdən tinglər gətirilib. Və indiyədək 14 min 800 ton fındıq ixrac edilib. Azərbaycanın fındıq ixrac etdiyi əsas ölkələr bunlardır: İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar və Almaniyaya 24 milyon dollar... Bütövlükdə isə 25 ölkəyə fındıq ixrac edilib. Odur ki, qarşıya qoyulan məqsəd odur ki, fındıq bağlarının sahəsi 80 min hektara çatdırılsın.

Yeri gəlmişkən, Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında hazırda dördüncü yerdədir. Nəzərdə tutulan tədbirlər tam həyata keçirilərsə, üçüncü yerə çıxa bilər.

Ümumiyyətlə, Azərbaycan dövləti kənd təsərrüfatının inkişafına müntəzəm olaraq çox böyük vəsait ayırır və investisiyalar yönəldir. Adlarını çəkdiyim kənd təsərrüfatı məhsullarının satışı üçün isə çox geniş imkanlar mövcuddur. Belə ki, qapı-qapı gəzib bazar axtarmağa ehtiyac yoxdur. Bunlar hamısı ixrac yönümlü məhsullardır. Prezident də çıxışında bildirib ki, bu məhsulların satışı üçün bazarlar axtarmağa ehtiyac yoxdur və bu, olduqca üstün cəhətdir. Odur ki, dövlət hər şeyi öz üzərinə götürüb və tezliklə ölkənin aqrar sektorunda çox böyük sıçrayış gözlənilir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Kənd-Təsərrüfatı   #Pambıqçılıq   #Tütünçülük  





Xəbər lenti