Türkiyə-NATO: Yollar ayrılır?

Türkiyə-NATO: Yollar ayrılır?
  18 Sentyabr 2017    Oxunub:22267
Türkiyə-NATO arasında gərginlik son 65 ilin ən yüksək həddinə çatıb. Belə davam edərsə, Şimali Atlantika Müqaviləsi Təşkilatı Orta Şərqdəki çox dəyərli müttəfiqini itirə bilər.
Doğrudur, NATO və Türkiyə bir-birinə lazım olduqlarını yaxşı dərk edirlər, lakin 2013-cu ilin Gəzi olayları ilə başlayan gərginlik getdikcə artmaqdadır. Yeri gəlmişkən, ehtimal var ki, elə Gəzi hadisələrinə əsas səbəb Türkiyənin Çindən silah alışı ilə bağlı danışıqlar aparması olmuşdu.

Hazırda isə Türkiyənin Rusiyadan S-400 kompleksləri alması növbəti gərginliklərə yol açmaqdadır. Türkiyənin əvvəllər NATO-da yalnız Yunanıstanla Kiprə görə problemləri var idisə, Suriya məsələsi, 16 iyul çevriliş cəhdi onu ABŞ və Almaniya ilə qarşı-qarşıya gətirib. ABŞ-ın Güləni təhvil verməməsi, Suriyada PYD/YPG-ni özünə tərəfdaş seçməsi, Almaniyanın “feto”çulara və PKK-çılara öz ərazisində sığınacaq verməsi, referendum ərəfəsində türk icması ilə görüşməyə imkan yaratmaması Ərdoğanın revanş götürməsinə səbəb oldu. Türkiyə Bundestaq üzvlərinə “İncirlik”dəki alman kontingentinə baş çəkməyə icazə vermədi. Hətta ən yüksək səviyyədə olan diplomatik səylər nəticəsiz qaldığından, Almaniya öz hərbçilərini “İncirlik”dən İordaniyadakı bazaya təxliyə etməli oldu.



Türkiyənin ABŞ-a və NATO-ya meydan oxuması bununla da bitmir. Trampın Yaxın Şərq səfərindən sonra ərəb dünyasının Qatara qarşı birləşdiyi bir vaxtda Ərdoğan nəinki ora hərbi yardım göndərdi, hətta ərazisində hərbi bazasını yaratdı. Bununla da kor-koranə NATO və ABŞ-ın yedəyində getməyəcəyini göstərdi.

Sonuncu belə bir demarşı Qərbin iradəsi əleyhinə Bağdad Paktını imzalayaraq SSRİ-yə səfər planlaşdırmaqla Adnan Menderes etmişdi, lakin onun aqibəti dar ağacından asılmaq oldu. Ərdoğan isə müttəfiqlərin onunla belə davranmasına imkan vermədi və ordunu təmizləməklə NATO-nun əlində özünə qarşı olan əsas vasitəni zərərsizləşdirdi.

Rusiya təyyarəsinin vurulması, səfir Karlovun öldürülməsi ilə Türkiyə və Rusiya arasında mövcud olan 250 illik rəqabət düşmənçiliyə cevrilmək üzrə olsa da, Ərdoğanın üzünü Şərqə tutması bəzi dairələrin planlarını kağız üzərində qoyur.

Doğrudur, özünü pravoslav Bizansın varisi sayan, Pyotrdan sonra Qara dəniz boğazlarına çıxmaq strategiyası yürüdən Rusiyanın Türkiyə ilə strateji müttəfiq olması inandırıcı görünmür, lakin ABŞ və NATO ilə gərginləşən münasibətlər fonunda Türkiyənin alternativ variant kimi Rusiya və Çinlə yaxınlaşması göz qabağındadır. Üstəlik, İranla Kürdüstanın yaradılmasına qarşı mövqelər də üst-üstə düşür.

NATO-nu ən çox narahat edən məsələlərdən biri Türkiyə silahlı qüvvələrində aparılan həbslərdir. Türkiyə ordusu gücünə görə NATO-da ikinci yerdə durur, buna görə də minlərlə sıravidən tutmuş, generallaradək dunyəvi-atatürkçü, deməli, qərbpərəst hərbçilərin həbsinə NATO biganə qala bilməz. Ordunun zəiflədilməsi NATO-nun təhlükəsizlik strategiyasına zərbə vurulması deməkdir. Tək bir fakt - çevriliş cəhdindən iki həftə əvvəl sayı 518 min nəfər olan ordunun şəxsi heyətinin hazırda 355 min nəfərədək azalması təmizləmələrin miqyasından xəbər verir.



Doğrudur, çevriliş cəhdinə qədər də ordunun hərbi eltasının zəiflədilməsi baş vermişdi, lakin 2016-cı il 15 iyuldan sonra bu, kulminasiya həddinə çatdı. Bir çox hərbçilər NATO ölkələrindən, əsasən də Almaniya və Yunanıstandan siyasi sığınacaq alıblar. Təbii ki, müttəfiqlərin bu davranışını Ərdoğan qarşılıqsız qoymur və Rusiya ilə yaxınlaşma buna verilən ən kəsərli cavabdır.

Rusiyadan S-400 komplekslərinin alınması dünya silah bazarında birinci yeri tutan ABŞ-ı ciddi narahat edir, çünki ABŞ və Rusiya arasında seçimdə tərəddüd edən bir sıra ölkələr üçün Türkiyənin addımı pis nümunə ola bilər. Onlar daha ucuz və keyfiyyətdə heç də geri qalmayan Rusiya silahlarına üstünlük verə bilərlər. Bu, milyardlarla dollar itki, ən əsası isə nüfuzun itirilməsi deməkdir.

Eyni zamanda, ipə-sapa yatmayan Ankaranın dünyada Rusiya və Çindən sonra üçüncü, NATO-da isə ilk S-400 sistemli ölkəyə çevrilməsi Lozannada ona biçilən roldan daha artığına iddia edən, improvizələrə yol verən, buna görə də rejissorun və ssenaristin xoşuna gəlməyən ərköyün aktyorun kiçik səhnədə böyük rol ifa etməsinə bənzəyir. ABŞ isə yaxşı rollara görə heç də həmişə “Oskar” vermir. Çünki istənilən istedad o zaman istedad kimi qiymətləndirilir ki, o, məhz sözdə ABŞ-ın ideyalarına, əməldə isə onun qlobal maraqlarına xidmət etsin!

Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: #Türkiyə   #NATO   #S-300  





Xəbər lenti