"Selfi" mitinqi - TƏHLİL

"Selfi" mitinqi - TƏHLİL
  23 Sentyabr 2017    Oxunub:7558
Milli Şuranın söyüşlü, təhqirli mitinq kampaniyası, nəhayət, başa çatdı. Buradaca qısa bir haşiyə çıxaraq qeyd edim ki, başa çatan təkcə mitinq deyildi, bu gün həm də son dövrlər Azərbaycana qarşı aparılan çirkli kampaniyanın “Məhsul” stadionunda nöqtəsi qoyuldu.
...Mən stadiona daxil olanda Əli Kərimli danışırdı. Yenə saxta ritorika ilə həmişə olduğu kimi, gah demokratiyadan, gah korrupsiya hallarından danışdı. Amma bir sual verən yox idi ki, əgər ölkəmizdə demokratiya olmasaydı, Milli Şura bu mitinqi necə keçirə bilərdi, axı? Yaxud, əgər Azərbaycanda insan hüquqları boğulursa, “Məhsul” stadionuna toplaşanları hara yazaq bəs? Əli Kərimli kürsüdən bu yalanlarına davam edərkən bir qrup insanın meydanı tərk etdiyi də diqqətimdən yayınmadı.

Görüş yerinə həmişəki kimi gecikən Gültəkin Hacıbəyli əqidə söhbətindən danışarkən internet əsrində yaşadığımızı unutdu. Gözəl Bayramlı ilə həmişə eyni kürsüdə dayandığını ifadə edən Gültəkin Hacıbəyliyə 9 il əvvəl prezident seçkiləri ərəfəsində Mingəçevir şəhərində keçirilən mitinqdəki çıxışını xatırlatmaq keçdi içimdən...

Mitinqdə ən diqqət çəkən məqamlardan biri isə Avropa İttfaqının bayraqlarının çoxluq təşkil etməsi idi. Hətta bu bayrağın ən yüksək nöqtədə dalğalanması üçün sanki AXCP fəalları arasında yarış gedirdi. Fotolara da baxsaq, aydın şəkildə görərik ki, mitinq ərzində ən hündür nöqtədə dalğalanan bayraq məhz Avropa İttifaqının ulduzlu bayrağı idi. Üçrəngli şanlı bayrağımız isə təəssüflər olsun ki, ayaq altına atılmışdı...

Ənənəvi şüarlar səsləndirildi, arada bir “azadlıq”, “istefa” deyə bağırdılar, amma sadəlövh insanları niyə stadiona topladıqlarını izah edə bilmədilər. Əlbəttə ki, mitinqin ölkəmiz əleyhinə erməni lobbisinin apardığı qarayaxma kampaniyasının məntiqi yekunu olduğunu deyə bilməzdilər. Məhz buna görə də çıxış edənlər hər dəfə mövzu məlum qondarma hesabatlara yaxınlaşanda söz oyunu edərək, insanların fikrini yayındırmağa çalışdılar. Sifarişi hardan aldıqlarını açıq şəkildə ifadə etməsələr də, səsləndirdikləri şüar və qaldırdıqları plakatlardan hansı qüvvələrin maraqlarına xidmət etdiklərini əyani şəkildə ortaya qoydular.

Adını “ümumxalq” mitinqi qoymuşdular. Lakin başda “Müsavat” olmaqla, əksər müxalif partiya və təşkilatların boykot qərarı onu göstərdi ki, mitinq xalqın yox, konkret siyasi dairələrin maraqlarına xidmət edir.

Ümumilikdə bugünkü mitinqin mahiyyət və nəticə etibarilə əvvəlkilərdən heç nə ilə fərqlənmədiyini desək, yanılmaraq. Yenə xaricdən verilən sifarişə uyğun olaraq yığışdılar, köhnə şüarlarını səsləndirdilər, arada vaxt tapdıqca isə Avropadakı havadarlarına yaradılan şəraitə görə “təşəkkür”lərini ifadə etdilər. Təbii ki, əsas qazanc və maliyyə mənbəyi hesab olunan “zon”dakıları xatırlamaq da yaddan çıxmadı. Bəzi “seçilmiş” məhkumların adları yazılan plakatları kameralara yaxın tutmaq uğrunda sanki savaş gedirdi.

Bir də, foto və “selfi” çəkənlər xeyli çox idilər. Səbəb heç kimə sirr deyil: radikallar mitinqdə çəkilən şəkillərə “siyasi mühacir” adı ilə xaricə getmək üçün bilet kimi baxırlar. Və mitinqə gələnlərin çoxunun əsas məqsədi məhz həmin bileti qazanmaqdır.



Vəə... uzun müddətdir həm daxildən, həm də xaricdən ciddi hazırlıq görülən mitinq rüsvayçı nəticə ilə başa çatdı. “Məhsul” stadionunun mərkəzi hissəsinə toplaşmış bir ovuc insan əvvəlki nağıllara qulaq asıb evlərinə dağılışdı. Nə Əli Kərimlinin, nə Cəmil Həsənlinin, nə də ki Gültəkin Hacıbəylinin dilindən bir dənə də olsun yeni fikir eşitmədik.

Unutmadan qeyd edim ki, polislər, jurnalistlər, bir də Milli Şura rəhbərliyinin qohum-əqrəbalarını çıxmaq şərtilə, inanmıram, min nəfərdən artıq iştirakçı olsun. Baxmayaraq ki, izdihamlı mitinq təşkil etmək üçün hər yola əl atmışdılar. Mitinqə gəlməyənə “peysər”, “şərəfsiz”, “erməni” dedilər, amma nəticə etibarilə dəyişən heç nə olmadı. Görünür, bütövlükdə cəmiyyətimizə ünvanlanan söyüş və təhqirlər tamamilə əks effekt verib. Xalqımız mitinqi boykot etməklə, bir növ, həmin söyüş və təhqirlərə görə Milli Şuraya ən yaxşı cavabı vermiş oldu. Onu da anladıq ki, 10 milyona yaxın vətəndaşımız Milli Şura rəhbərliyinin gözündə yuxarıdakı söyüşlərə layiq imiş...

Təbii ki, bundan artığını gözləməyə də dəyməzdi. Ölkədəki ictimai-siyasi vəziyyəti qətiyyən əks etdirməyən, cəmiyyətin sosial sifarişi olmayan bu mitinqin fiasko ilə nəticələnəcəyi heç kəsdə şübhə doğurmurdu.

Azərbaycan xalqı mitinqi boykot etməklə xaricdəki ermənipərəst qüvvələrə də vacib ultimatumlar göndərdi. Onları əmin etdi ki, antiazərbaycan şəbəkəsi daxildəki antimilli qüvvələr nə qədər irəli versə də, bu xalqın dövlətinin rəhbərliyinə olan inamı zərrə qədər də azalmayacaq.

Ceyhun Əhmədli
AzVision.az



Teqlər: #Milli-Şura   #Mitinq   #Karikatura  





Xəbər lenti