Girov Şahbaz Quliyevin vəziyyəti pisləşdi, vəsiyyət etdi: “Qızıma yaxşı baxın!” - (VİDEO)

Girov Şahbaz Quliyevin vəziyyəti pisləşdi, vəsiyyət etdi: “Qızıma yaxşı baxın!” - (VİDEO)
  02 Oktyabr 2017    Oxunub:26736
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin səhhəti pisləşib.
Bu barədə AzVision.az-a girov Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.

“Şahbaza baxış keçirən pakistanlı həkim Bakıda qardaşımla görüşüb. Şahbaz bir aydır ki, İrəvanda xəstəxanada yatır. Həkim deyib ki analizlərin nəticəsi yaxşıdır. Əgər analizlərin nəticəsi yaxşıdırsa, Şahbaz niyə xəstəxanda yatır? Bir analizin nəticəsi hələ çıxmayıb. Nəticələr açıqlanandan sonra Şahbazı yenidən həbsxanaya aparacaqlar. Şahbaz həkimə vəziyyətinin yaxşı olmadığını deyib”.



Girovun qardaşı İlham Quliyev isə AzVision.az-a açıqlamasında Şahbazdan iki gün əvvəl məktub aldığını qeyd edib:

“Şahbaz məktubunda vəziyyətinin ağır olduğunu, səhhətində problemlərin yarandığını yazıb. Hazırda İrəvanda müalicə olunur. Şahbaz məktubunda vəsiyyət edib. Yazıb ki, mənə görə narahat olmayın, əsas qızımdır, ona yaxşı baxın”.

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib.

Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə əlaqə saxlanılır.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Şahbaz-Quliyev   Kəlbəcər-Girovu  





Xəbər lenti