“Ərəblər 100 gülləyə 5 ördək vururlar” – Dünya şöhrətli ovçu ilə MÜSAHİBƏ+VİDEO

“Ərəblər 100 gülləyə 5 ördək vururlar” – Dünya şöhrətli ovçu ilə MÜSAHİBƏ+VİDEO
  05 Oktyabr 2017    Oxunub:49968
Dünyanın ən reytinqli ovçularının siyahında yer alan Faiq Babanlı 1977-ci ilin yanvarında Qazax rayonunda anadan olub. Ali təhsillidir. Uzun müddət güləş və qaydasız döyüşlə məşğul olub, beynəlxalq turnirlərin qalibidir. Dünyanın 73 ölkəsində olub. O, Afrikada, Amazon cəngəlliklərində, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Kamçatkada dünyanın digər təhlükəli ərazilərində ov edib.

Faiq həmçinin dünyanın Pamir, Tyan-Şan, Himalay, Pireney sıra dağları kimi ucqar yerlərində olub və öz kolleksiyasını artırmaqda davam edir. Bu yaxınlarda onun ovçuluq fəaliyyətini əks etdirən “Peru” sənədli filminin təqdimatı baş tutub. Qeyd edək ki, Faiq Babanlı məşhur Babanlılar nəslinin nümayəndəsidir.
Faiq Babanlı AzVision.az -a müsahibəsində maraqlı məqamlardan söhbət açıb:



- Artıq 8-10 ildir ki, anakonda axtarıram. Hələ ki, tapa bilməmişik. BuŞ Allahın işdir, demək, belə olmağında nəsə bir xeyir var. Axtarışlarımızı davam etdiririk...

- Harada axtarırsınız ki?

- Peru, Boliviya, Paraqvay, Meksika, Brazilyada axtarırıq. Perunun ərazisində tapmaq ehtimalımız daha yüksəkdir. Mənim ov etdiyim yerlərin demək olar ki, hamısı bağlı ərazilərdir. Orada heç kim ov eləmir. Peruda isə ümumiyyətlə, ov edə bilən tək mənəm.



- Niyə? Bəyəm sizdən başqa ovçu yoxdur?

- Birincisi, gərək şəxsiyyət olasan. Şəxsiyyətə də bu adı verdirən onun hərəkətləridir. Eyni zamanda, hərəkətlərin dünyada maraq yaratmasıdır. Mənim üçün də belə bir fürsət yaranır və bundan istifadə edərək, ölkəmizi təmsil edirəm.

- Bu fürsət sizə necə yaranır?

- Çox yüksək reytinqli adamlar ov ilə məşğul olurlar: Prezidentlər, siyasətçilər, nazirlər... Niyə Peru zonasında ancaq Faiq Babanlı ov edir? Çünki Faiq Babanlının ovda reytinqi o qədər yüksəkdir ki, ona icazə verirlər. Əlbəttə ki, dövlətin icazəsi olmadan heç bir yerə daxil ola bilməzsən. Demək ki, orada bizim hərəkətimizə görə hörmətimiz saxlayan, dəyər verən adamlar var. Hər halda, onlar da yükəsək səviyyəli adamlardır.



- Zlatan İbrahimoviçi Azərbaycana necə gətirdiniz və yola saldınız?

- İbrahimoviç dünya miqyaslı şəxsiyyətdir. O vaxtlar onu Azərbaycana dəvət etdim, o da gəldi. Yenə də ona təşəkkür edirəm ki, Azərbaycana gəldi. Olimpiada qabağı bir fürsət idi. Biz də bu fürsətdən istifadə etdik.



- Pul vermişdiniz ona?

- Xeyr. Mən pul ilə iş görmürəm.

- Azərbaycanla bağlı fikirləri necədir? Bu gün də əlaqəniz davam edirmi?

- İbrahimoviç Azərbaycandan çox yüksək təəssüratla ayrıldı. Mən ona kamerasız həyat söz vermişdim. Bildiyiniz kimi, o, elə bir şəxsiyyətdir ki, hara getməsidən asılı olmayaraq, kameranın önündə olmalıdır. Ancaq Azərbaycana gələndə elə bil öz yerinə gəlmişdi. Ölkəni gəzdi və həddindən artıq yüksək təəssüratla buradan ayrıldı.



- İndi kimin Azərbaycana gəlmək vaxtıdır?

- Çox adamlar gəlir. Sadəcə olaraq, mən onların adlarını çəkə bilmirəm. Məqsədim Azərbaycanı onlara olduğu kimi tanıtmaqdır.

- Ərəblər tez-tez Azərbaycana ov üçün gəlirlər. Siz bir professional ovçu kimi bunu necə dəyərləndirirsiniz?

- Ərəb elə də güclü ovçu deyil. Onlar Azərbaycana gəlib, heyvanları qırası deyillər. Onlar Azərbaycana gəlib köçəri quşlara, örədəklərə güllə atırlar. 100 güllə atıb, beş ördək vururlar. Bu da Azərbaycana pul, turist gətirir. Tənqid etməzdən öncə bunu da fikirləşmək lazımıdır. Biz turist istəyirik ki, gəlsinlər və dövlətə fayda versinlər. Həm də mane oluruq... Bu isə dügün hərəkət deyil. Belə yanaşma daha çox insanların dünyagörüşünün azlığından, boş-boş oturub hər şeyi tənqid etmələrindən irəli gəlir. Ölkəyə xeyir verən işlərə biz birlikdə dəstək olmalıyıq. İnsanın qiyməti onun verdiyi təklifin və etdiyi tənqidin nə qədər sağlam olmasından ibarətdir.



- Ərəblərlə, onların şahzadələri ilə münasibətiniz necədir?

- Ərəbistanda çox yüksək vəzifəli insanlara münasibətimiz var.

- Peruya sonuncu səfəriniz necə yadda qalıdı?

- Çox çətin bir səfər oldu. On ildir ki, mən Amazona gedib-gəlirəm. Amma indiyə qədər belə ağır bir səyahət görməmişdim. Keçilməz cəngəllik idi. Yağışa düşdük. İçməyə su, yemək tapa bilmədik. Yağış və palçığın içində 9 saat cəngəllikdə hərəkət edəsi olduq. Bunların hamısını lentə almışıq. Növbəti “Peru” filmində bunların hamısını, o cümlədən, qayığımın timsahlar olan göldə batamasını və yarım saat suda qalmağımı görəcəksiniz..

- Timsaha yem olmaqdan necə xilas oldunuz?

- Mən öyrənmişəm, həm də təcrübəm çoxdur.



- Ölümdən qorxmursunuz?

- Xeyr. Ölümü tam anlayıram.

- Müsahilərinizin birində demişdiniz ki, ov kişilər üçün normativdir. Qadından ovçu ola bilməz..?

- Çox yüksək reytinqə malik kifayət qədər qadın ovçu var. Qadınla kişinin yalnız cinsi fərqlidir. Qadının da bədəni adrenalin tələb edir. Ov isə tam bir adrenalindir.



- Sizcə, heyvanlar arasında olan hansı cəhətlər insanlarda çatışmır və yaxud, olması labüddür?

- İnsan və heyvan mexanizm olaraq eynidirlər. Sadəcə, Allah heyvandan fərqli olaraq, insana şüur verib. Məsələn, mən vəhşi heyvanı ovlamaq istəyəndə əvvəlcə onu çağırır, sonra gülləni atıram. Bu zaman mənim ancaq iki saniyəm var. Bu iki saniyə ərzində ata bildinsə, həyatda qalacaqsan. Əks halda, özüm hədəf olacağam. Heyvan səhv etmir. O, Allah tərəfindən kodlaşdırılıb. İnsan isə fikirləşir, bəzən ağLımız bizi aldadır. Həyatı itirmək qorxusu olanda insan maşına çevrilir.

- Ölüm riskilə çoxmu üz-üzə qalmısınız?

- Bəli. Çox olub.



- Heç xəsarət almısınızmı?

- Ancaq saxladığım heyvanlar mənə xəsarət yetiriblər. Leopardlar, şirlər və s. Ov zamanı elə də xəsarət almamışam. Demək istəyirəm ki, mən professionalam və səhv edə bilmərəm. Allah da məni qoruyur. Bunu dansam, qiymətsiz olaram.

- Heç heyvan haqları təşkilatlarının hədəfinə tuş gəlirsinizmi?

- Bunların hamısı bir oyundur. Avropada deyirlər ki, ay “yaşıllar” belə gəldi, “greenpeace” elə getdi... Amma bütün ovların hamısını da özləri təşkil edirlər. O “greenpeace” və “yaşıllar” da həmin ov cəmiyyətlərinin nəzdində yaradılan qurumlardır ki, camaat onları qırmasın. Ov leqaldır. Müəyyən insanlar ov edə bilərlər. Yoxsa, bütün əhali ov etsə, dünayda bir dənə də heyvan qalmaz. Bunların hamısı nisbidir. İcazə olmasa, mən həmin sahəyə daxil ola bilmərəm. Bizə dövlət bir dənə heyvanı vurmağa icazə verir. Həmin heyvan da çox yaşlı olur. Deyirsən ki, başqasına atım, deyirlər, olmaz. Adamın arxasınca nəzarətçi də təyin edirlər. Təbii ki, cəngəllik ovunu nəzərdə tutmuram. Oralar da qorunan hissələrdir, girmək olmaz. Mən hələ indiyə qədər dişi heyvana güllə atmamışam.



- İndi ətrafınızda olanlara “azərbaycanlıyam” deyəndə necə bir münasibətlə qarşılaşırsınız?

- Dövlət Azərbaycanı tanıtmaq üçün hər şey edir. Əvvəllər mən elə ölkələrdə olurdum ki, oradakılar Azərbaycanın xəritədə olduğunu belə, bilmirdilər. Ancaq son vaxtlar çox yerlərdə Azərbaycanı tanıyırlar. Tanımasalar da, biz təbliğatımızı aparırıq. Bizim ov etdiyimiz yerlədə çox reytinqli adamlar ova gəlirlər.

Xaricdə imkan düşən kimi, mən ov etdiyim yerə Azərbaycan bayrağı sancıram. Bir dəfə cəngəllikdə dedim ki, bayrağı qaldırıb yuxarıdan, asın. Dedilər ki, burada axı heç kim görməyəcək... Cavab verdim ki, təyyarə ilə buradan uçacaq yüksək reytinqli şəxslərin bu bayrağı görməsi hər şeyə dəyər.

Azərbaycanı təmsil edən şəxslərə kömək göstərmək lazımdır. Mane olmaq olmaz. Mane olanların özlərinin azərbaycanlı olmaları ilə bağlı məndə suallar yarana bilər.



- Sizə mane olan varmı?

- Onlar kiçik adamlardır. Danışsalar da, onları eşidə bilmərəm. İnsanın sözünün qiymətinin olması üçün gərək özü bir şəxsiyyət olsun. Şəxsiyyəti olmayan insan pis danışa bilər, çünki özü pis adamdır. Mən şəxsiyyəti olanı eşidərəm.

- Ölüm anında insanla heyvanın oxşar cəhətləri olur?

- Heyvan ölüm anını elə də hiss etmir. İnsan isə ölüm anında çox təşvişə düşür.



- Ovçuluqdan əlavə, bizneslə də məşğulsunuzmu?

- Mənim hər bir ölkədə böyük insanlarla əlaqələrim var. Ən çətin şey dünyanın yüksək sferasında təmsil olunan şəxslərlə əlaqəyə girmək və onların səni qəbul etmələridir. Əgər o, yüksək səviyyəli insandırsa, filankəsin qohumusan deyə, səni qəbul etməyəcək. Həmçinin də pul ilə heç kimi qəbul etmirlər. Sənin etdiyin hərəkət onları heyrətləndirəndə onlar səni qəbul edirlər.

- İnsana ov hədəfi kimi baxanlara münasibətiniz necədir?

- İnsan heyvan deyil. İnsanı heyvanla eyniləşdirmək düzgün deyil. Bəzən deyirlər ki, “Mən insan öldürə bilərəm, amma heyvana toxuna bilmərəm”. Bunu normal insanlar deməzlər. Onlara nəzarət etmək lazımıdır, çünki onlar qorxuludurlar, şüurlarında problem var.



- Nə vaxta qədər ovçuluq edəcəksiniz?

- Kişinin, döyüşçünün ruhi qidası ovdur. Şərt deyil ki, gedib güllə atasan. Nə qədər yaşayacağamsa, ov da olacaq.

- Güllə atmadan heyvan ovlayırsınızmı?

- Çox ovlamışam. Mən yaxşı ox ata bilirəm. Cəngəllikdə tələlər də qururuq. Cəngəllik həyatı çox çətindir, əlçatmazdır. Ora heç kim getmir. Oradan da heç kim sağ çıxmır. Biz isə indi adi hal kimi ora hər ay gedirik. Oralar nə qədər gözəl olsa da, bir o qədər çətinliklərlə doldur. Həşərat əlindən tərpənmək olmur. Tırtıllar, qurdlar ağaclardan tökülüb, adamı sancır. Barmaq boyda olan qarışqalar da sancır. Hər addımbaşı ilanla qarşılaşırsan. Bunlar mənim üçün artıq adiləşib. Mən cəngəllikdə özümü daha rahat hiss edirəm. Çünki cəngəlliyin dilini bilirəm.



- Cəngəllik insanları necə olurlar?

- Onlar insanı ilk baxışdan tanıyırlar. Savadsız olsalar da, tanıyırlar. İnsanı hiss edirlər.

- Siz də hissiyatlısınız?
- Mən hissiyyatlı olmasaydım, bu qədər işləri görə bilməzdim...



- Kitab yazmaq fikriniz varmı?
- Amazonda bəzi hallarla qarşılaşdıq. Asif İlyasov bundan sonra dedi ki, deyəsən, mənim yazmaq vaxtımdır. Çünki o, artıq on altı ildir ki, mənim həyatımda baş verən çox qeyri-adi hadisələrin şahidi olub...

- Yeni hədəfləriniz nədir?

- İspaniyaya ova çağırıblar. Mart ayında Cənubi Afrikada böyük ovum gözlənilir. Yeni Qvineya və Yaponiyada da ov edəcəyəm. Hələ indiyə qədər Yaponiyada heç kim ov etməyib. Maral ovuna dəvət ediblər. Çünki orada ov bağlanmışdı və heyvanların sayı həddindən artıq çoxalıb, artıq seleksiya vaxtı gəlib çatıb. Ya gözləməlidirlər ki, onları canavar yesin, ya da ov üçün satıb, pul qazanmalıdırlar.



- Azərbaycanın ov potensialı barədə nə düşünürsünüz?

- Çox yüksəkdir. Mən Azərbaycanda ov etmirəm, amma kənardan baxanda çox münbit görünür. Gələcəkdə Azərbaycana müəyyən heyvanları gətirmək kimi fikirlərimiz də var.

- Siz də heyvan ovlamaq üçün pul ödəyirsiniz?

- Hər bir dövlətdə ov üçün pul ödənilir. Hər bir heyvanın da, quşun da öz qiyməti var.



- Heç quş ovlamısınız?

- Çox. Biz Boliviya, Argentinada göyərçin ovuna gedirdik. Milyonlarla göyərçin göyə qalxır, bulud kimi göyün üzünü tuturdular. Boliviyada ov edən zaman qaranlıq düşən kimi o göyrəçilər bir saniyədə yoxa çıxırdılar. Elə bil, quma çevrilirdilər.



- Rəqibləriniz varmı?

- İndi riskli ovçuları az görürəm. Elə bir şəxsi axtarıram...



- Silahı götürüb ova getmək və cəbhəyə getmək çoxmu fərqlidir?

- Sən ova getməmiş, cəbhəyə gedə bilməzsən. “İrəli” komandası verilənə qədər silahı əlinə götürməyi bacarmalısan. Biz həmişə cəbhəyə getməyə hazırıq.



















































Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video/Montaj: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az






Teqlər: FaiqBabanlı   ovçu   azərbaycanlı   Amazon  





Xəbər lenti