Mitinqə adam toplamaq üçün 5 məsləhət

Mitinqə adam toplamaq üçün 5 məsləhət
  23 Oktyabr 2017    Oxunub:15443
Həftənin sonunda Milli Şuranın daha bir mitinqi olacağından, yəqin, indi bu qurumun rəhbərləri ərə gedən qızın xalası kimi narahatçılıq keçirirlər. Ötən həftədən təbliğat aparır, daha dəqiqi, statuslar yazaraq, ödənişli reklama qoyur, “fake” profillərdən girib, paylaşırlar ki, mümkün qədər çox adam görsün. Amma çifayda, hər mitinqə əvvəlkindən daha az adam gəlir, bu isə siyasi biznes üçün ciddi ziyandır.
Milli Şuranın təbliğatında elə bir dalan vəziyyəti yaranıb ki, hətta nöqtəvi zərbələr də effekt vermir. “Talana yox” dedilər – olmadı, “Yalana yox” dedilər –olmadı, “Alana yox” dedilər – yenə olmadı... Daha nəyə “yox” desinlər? "Verənə yox"?! Qafiyələr tükənir axı... Keçdilər ümumidən xüsusiyə, məsələn, “Kredit borcunu ödəyə bilmirsənsə, mitinqə gəl!” çağırışı nəzəri cəhətdən hədəfdən yayına bilməzdi, 100% işləməli idi. Çünki ölkədə kredit borcu olan ən azı 2-3 milyon adam var... Amma yenə də olmadı!

Bəs nə etmək, hansı şüarı irəli sürmək, hansı metodlara əl atmaq lazımdır ki, manısların slenqi ilə desək, “tutuzdursun”, yəni mitinqə çox adam gəlsin?! Buyurun, heç bir təmənna güdmədən Milli Şura rəhbərliyinə 5 ideya təklif edirəm. Tətbiq edin, qoy, sizin mitinqinizə çox adam gəlsin, biz isə maraqlı reportajlar hazırlaya bilək.

1. “Hellouin” şansını qaçırmayın

Madam ki, mitinq “Hellouin”ə bir gün qalmış keçirilir,
bu fürsətdən istfadə etməmək ağılsızlıq olardı. Mitinqi karnavala çevirin, görün, nə qədər adam gələcək! Şərt qoyun ki, stadiona keçmək üçün dress-kod lazımdır. Milli Şuranın rəhbərləri də Hellouin kostyumlarında gəlsinlər – məsələn, Gültəkin Hacıbəyli taxma burun, pırtlaşıq parikdə və süpürgənin üstündə; Əli Kərimli başında gözləri oyulmuş yekə bir balqabaqla, Nurəddin Məmmədli isə Bugs Bunny libasında... Cəmil Həsənli, məsələn, Albus Dambldor obrazında əla görünər! Siz bunları edin, mitinqə ən azı 30.000 adam gəlməsə, demək, mən bizim camaatı heç tanımıram!

2. Ələm uçurtmaq

Milli Şuranın “Məhsul” yığımında dindarlar böyük çəkiyə malikdirlər, bunu danmaq olmaz, amma onları düzgün cəlb eləməyi bacarsanız, effekt daha güclü olar. Baxın, bəzi kəndlərdə ələm uçurtma mərasimlərinə Milli Şuranın mitinqlərindən daha çox adam yığışır. Niyə? O sadə səbəbə görə ki, dindarlar gəlib sizin “demokratiya”, “insan hüquqları”, hələ-hələ “gey hüquqları” haqqında nağılları dinləmək istəmirlər. Ümumiyyətlə, din “gey”lərin mövcudluq hüququnu qəbul etmir, ona görə də, mitinqdən əvvəl öz medianızda cinsi azlıq "problem"ini qabartmağınız çox axmaq taktikadır. Dindarlara maraqlı olan ələm uçurtmaqdır, mərsiyə dinləməkdir, sinə vurmaqdır... Elan edin ki, mitinqdə mərsiyə deyiləcək, yaxud moizə oxunacaq, görün, adam sayı nə qədər artır? Çəkinmək lazım deyil, bir halda ki, dindar kəsimlə oynamağa qalxmısınız, cəsarətlə oynayın. Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu!

3. Musiqi tərtibatını dəyişin

Xalqımız musiqisevər xalqdır – bununla heç kim mübahisə edə bilməz. Mitinqlərdə isə hər dəfə eyni mahnılar təkrar-təkrar oxudulur: “Qalx-qalx, ulu torpaq”, “Könlüm quşu qanad çalmaz...”, “Çao Bella”... Bunlar yaxşı mahnılardır, amma sizin məqsədlərə uyğun deyillər axı. Özünüzə uyğun olan, sizin kütləni daha çox cəlb edəcək mahnılar seçin. Məsələn, “Harayıma gəl, aaay ürəyim”, “Xəngələ gəl, xəngələ”, "Nə-nə-nə-nəşəni çəkdim, xu-xu-xu-xumar apardı" kimi. Üzeyir Mehdizadənin, Manaf Ağayevin repertuarına baxın. Gültəkin Hacıbəylinin çıxışından əvvəl və sonra “dünyanın ən zil səsli müğənnisi”nin (adını demirəm, eldən ayıbdır) mahnılarından buraxa bilərsiniz. Bir sözlə, musiqi tərtibatı məzmuna uyğun olmalıdır, onda kütləvilik də artacaq.

4. İmkanlarınızı gözə soxmayın

Sadə insan mitinqə metro, Əli Kərimli isə qiyməti 80.000 azn-dən baha olan “Mazda CX9” ilə gəlir və özünü yırtıb-tökərək danışır ki, məmurlar rüşvətxordurlar, dövləti çapıb-talayırlar, lüks həyat tərzi keçirirlər... “Van minut”, Əli bəy... Mitinqə böyründə cangüdənlər qaçan bahalı maşında gəlmək lüks həyat tərzinin əlaməti deyilsə, bəs nədir? Hər halda, buna "zərurət" deyə bilməzsiniz. Onda sizin tənqid etdiyiniz "məmurlardan" fərqiniz nə olur? Əgər qolunuzdakı saatın markası “Rolex”dirsə, məmurların ünvanına silkələdiyiniz yumruq xitab etdiyiniz kasıblara heç bir təsir göstərməyəcək, inanın mənə. Kütlə o zaman sizi qəbul edər ki, onlardan biri olduğunuza inansın. Bir varlının (sizin) o biri varlılara qarşı mübarizəsi başını aşağı salıb, kasıbçılığını edən sadə insana niyə maraqlı olmalıdır ki?! Proletariatın qabağına burjuy obrazında çıxmaqdan daha axmaq nə ola bilər?! Dediklərimdə səmimi olduğumu göstərmək üçün əgər istəsəniz, hətta öz avtomobilimi sizə birovuz verməyə hazıram. 97-ci ilin “çeşka”sıdır, motoru 1.8, rəngi gedib, amma “xodovoy”unda heç bir problemi yoxdur. Sizin iş üçün əla yarayar!

5. Alternativ göstərin

Bu, sadə psixoloji texnikadır: təkcə qarşı tərəfi pisləməklə insanları cəlb edə bilməzsən, alternativ variantı da göstərməlisən. Tamam, məmurlar pisdir, bunu artıq 10 üstü n+1 dəfə demisiniz, biz də eşitmişik. Sonra nə edək? O pis məmurun alternativi kimdir? Fərz edək, sabah sizə dövlətdən rəsmi müraciət gəlsə ki, X vəzifəsinə partiyanızdan bir gənc, savadlı və işgüzar kadrın namizədliyini irəli sürün, kim olacaq o şəxs? Qaçıb, Avropada qrant hesabına daldalanıb, oradan Azərbaycana qara yaxan yekəbaşlarmı? Ən böyük amalı mitinqdə iştirakına görə hansısa təzyiqə məruz qalmaq, sonra da bundan faydalanıb, sığınacaq almaq olan siyasi tüfeylilərmi? Varmı sizin partiyanızda təhsilli, bacarıqlı, təşəbbüskar, feysbukda status yazmaqdan savayı, hansısa real işlərə imza atmış vətənpərvər gənclər? Varmı inkişaf proqramlarınız, konsepsiyalar, “yol xəritələri”?.. Varsa, hanı onlar, yoxdursa, alternativ göstərmədən nəyisə tənqid etmək qərəzin ən böyük əlamətidir. Təkcə Nurəddin Məmmədlinin dovşanların çoxaldılması haqda yazdığı elmi iş ilə hakimiyyətə alternativ olmaq mümkün deyil axı.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: #Milli-Şura   #Mitinq   #Əli-Kərimli   #Gültəkin-Hacıbəyli  





Xəbər lenti