Avropanı parçalayan təşkilat: UFCE-ni hansı qüvvə yönəldir – TƏHLİL

Avropanı parçalayan təşkilat: UFCE-ni hansı qüvvə yönəldir – TƏHLİL
  27 Oktyabr 2017    Oxunub:7381
Kataloniyanın müstəqillik sevdasından sonra Şotlandiyada təkrar referendum keçirməklə bağlı fikirlər səsləndirməyə başladı. Almaniyanın Bavariya əyaləti anoloji addım atmaq niyyəti haqda fikirlər səsləndirdi. Belçikanın 3 bölgəsindən 2-sinin: Valloniya və Flamandiyanın müstəqil olmaq istəməsi heç kəsə sirr deyil.
Müstəqillik dalğasının bir ucu da İtaliyanın Veneto və Lombardiya bölgələrinə gedib çıxır. Təkcə Venesiya deyil, hətta Cənubi Tirol da müstəqilliklə bağlı seçki keçirməyə can atır. Fransanın Korsika və Alsas bölgəsində də uzun müddətdir müstəqillik istəkləri dilə gətirilməkdədir.

Bu sıraya Rumıniyanın Transilvaniya və Banat bölgələrini də əlavə edə bilərik. Macar azlıqların yaşadığı həmin regionlar referendum keçirmək istəklərinin olduğunu bildiriblər. Macarıstanın özünün isə 4 bölgəsində yaşayan roman azlıqların müstəqillik referendumu keçirməklə bağlı planları var.

Britaniyanın “Independent” qəzeti hələ Kataloniyada referendum keçirilməzdən bir neçə ay öncə yazırdı ki, Barselona şəhərində terror olacağı barədə məlumatı, təqribən 2 ay öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İspaniya hökumət rəsmilərinə bildirmişdi. Deməli, xeyli müddətdir ki, CIA İspaniyada baş verənləri yaxından izləyir və hər şeydən dəqiq xəbərdar olub. Bu mənada, Kataloniyadakı referendum ərəfəsində İspaniyanın baş naziri Mariano Raxoyun ABŞ-a səfəri diqqət çəkir. Səfər zamanı ABŞ Prezidenti ilə Kataloniyadakı referendum müzakirə edilib və rəsmi Vaşinqton tərəfindən Madridə dəstək verilib.

Kataloniyada baş tutan referendumdan 5 gün sonra Almaniyanın prezidenti Frank-Valter Ştaynmayerin “Avropada Etnik Toplumların Federal Təşkilatı”nın Almaniyanın Şlezvig-Holstayn əyalətindəki mərkəzinə baş çəkməsi diqqəti beynəlxalq siyasi arenada nüfuzu artmaqda olan qeyri-hökumət təşkilatlarının roluna yönəldir.

Ümumiyyətlə, ABŞ heç zaman güclü bir Avropa görmək istəməyib. Etnik və digər azlıqların qorunması ilə bağlı əldə olunmuş bütün beynəlxalq razılaşmaların imzalanmasında böyük işlər görən demək olar ki, bütün nüfuzlu qeyri-hökumət təşkilatlarının arxasında ABŞ və Almaniya dururlar. Avropada çox güclü Atlantistlər cəbhəsi var. Məsələn, Almaniya və Fransada sosial demokratlar bu cəbhədən sayılırlar. Atlantistlər həm də etnik, milli azlıq və azsaylıq xalqların da təmsil olunduğu federal Avropa layihəsinin tərəfdarlarıdır.

Avropadakı azlıqların problemləri ilə bağlı hansı məsələni araşdırsanız, arxasından “Avropa Etnik Topluluqların Federal Birliyi” – UFCE çıxır.



Bu təşkilat Yuqoslaviyanın parçalanmasında çox böyük rol oynayıb. Etnik, milli azlıq və azsaylı xalqlarla bağlı əldə olunmuş bütün razılaşdırmalarda birbaşa iştirak edən bu təşkilat “Avropada bütün etnik azlıqları qorumaq” üçün hüquqi bir çərçivə formalaşdırıb. Bu gün BMT və Avropa Şurasında rəsmi fəaliyyət göstərməkdədir.

UFCE - yaxud bugünkü adıyla UFCRE,- vaxtilə ABŞ və Almaniya xüsusi xidmət orqanlarının dəstəyilə 1949-cu ildə Parisdə qurulub. İlkin məqsədi 1925-38-ci illərdə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərmiş və tərkibində katolik, ultrasağçı, miliyyətçi və faşist təşkilatları birləşdirən “Vətəndaşlar Konqresi”ni yenidən canlandırmaq idi. Həmin konqress uzun illər Fransua Mitterranın dostu Andre Vois tərəfindən idarə olunub. Nəhayət, 1949-cu ildə Versal sarayında Mitterranın iştirakı ilə UFCRE rəsmən formalaşdırılıb.

UFCE 1961-ci ildə Avstriyada “Europa etnica” adlı bir dərgi nəşr etməyə başladı. Əslində bir dərgi 30-cu illərin faşist “Milli Konqres”inin yayım orqanı “Millət və Dövlət” adlı dərgisinin davamlı olaraq işıq üzü görürdü. Həmin jurnal yaxın gələcəkdə Avropanın etnik, milli azlıq, eləcə də azsaylı xalqların qorunması və tanınması məqsədi ilə təbliğatın bazası rolunu oynayacaqdı.

Bəzi siyasi analitiklər hesab edirlər ki, Avropada başlayan referendum tendensiyasının arxasında məhz ABŞ-a bağlı olan, Atlantizm prinsiplərinə xidmət edən QHT-lər dayanırlar. Səbəb Avropanın zəiflədilməsi və ABŞ-a daha çox ehtiyac duymasıdır.

Fərrux Həsənov
AzVision.az üçün


Teqlər: #Avropa   #Seperatizm   #Referendum  





Xəbər lenti