“Xahiş edirəm, babamı xilas edin" - Dilqəmin 5 yaşlı nəvəsi (VİDEO)

“Xahiş edirəm, babamı xilas edin" - Dilqəmin 5 yaşlı nəvəsi (VİDEO)
  30 Oktyabr 2017    Oxunub:13019
“Atam Dilqəm Əsgərovun erməni girovluğundan azad olunacağı günü ailəmiz, qohumlarımız səbirsizliklə gözləyir”.

Bunu AzVision.az-a erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
O, deyib ki, sonuncu dəfə atasından sentyabr ayında məktub alıb. “Atam yeddi ay idi ki, bizim məktubumuza cavab vermirdi. Sonuncu məktubu çox qısa məzmunludur. Səhhəti ilə bağlı heç nə yazmayıb. Hamamız onun yolunu gözləyirik. Atamın erməni girovluğundan azad edilməsi ilə bağlı xarici ölkələrə səfərlər edib, çıxışlar edəcəyəm. Yaxın aylarda Türkiyədə konfranların birində atamın qanunsuz olaraq erməni girovluğunda saxlanılması ilə bağlı çıxışım nəzərdə tutulub”.

Dilqəmin yolunu gözləyənlərdən biri də onun 5 yaşlı nəvəsi Nazlıdır.



“O, deyir ki, məktəbə gedən zaman alacağı 5 qiymətini babasına göstərmək istəyir. Hər gün bizə onun nə vaxt evə gələcəyi barədə suallar verir. Baba və nəvə bir-birlərinə çox bağlı idilər. Biz inanırıq ki, dövlətimizin başçısı, cənab İlham Əliyevin dəstəyi ilə atam azadlığa qovuşacaq” - Kürdoğlu Əsgərov deyib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Hafiz Əhmədov
AzVision.az






Teqlər: Dilqəm-Əsgərov   Girov  





Xəbər lenti