19 yaşlı Nigarın acı taleyi: Valideynləri və əri ondan imtina edib (VİDEO)

19 yaşlı Nigarın acı taleyi: Valideynləri və əri ondan imtina edib (VİDEO)
  21 Noyabr 2017    Oxunub:30330
19 yaşlı Nigar Ağayeva (ad şərtidir-red) əslən Masallı rayonundandır. İki uşaq anasıdır. Erkən yaşlarında ailə həyatı quran Nigarın övladları dünyaya gələndən sonra həyat yoldaşı və valideynləri ondan imtina edib.
Həmyaşıdları tələbə həyatı yaşadığı halda, Nigar iki uşağı ilə küçələrdə qalıb.
Çətin durumda qalan Nigar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınıb. Hazırda övladları ilə birlikdə sığınacaqda qalır.



19 yaşlı Nigar ömrünün ən gözəl çağlarında yaşadığı iztirab dolu günləri, başına gələn hadisələri AzVision.az-a danışıb.

“Valideynlərimin istəyi ilə ailə həyatı qurmuşam. Rəsmi nikahımız yoxdur, dini kəbinlə evlənmişik. Toyumuz olandan sonra Bakıya gəldik. Qaynanam oğlunun onun istədiyi qızı almadığına görə, heç vaxt məni sevmirdi. İstəmirdi ki, mən o evə gəlin köçüm. Bakıda üçümüz birlikdə qalırdıq. Bir ildən sonra böyük oğlum dünyaya gəldi. Yaş yarımlıq olandan sonra yoldaşım mənə xəyanət etməyə başladı. Qaynanam ona başqa bir qız tapmışdı. Evdə tez-tez dava olurdu. Mənə deyirdi ki, “sən pissən, oğluma yaxşı qız alacam”. Həyat yoldaşım başqa bir qadınla yaşayırdı. Artıq anam yoldaşımın xəyanətindən xəbər tutmuşdu. Buna görə məni uşağımla birlik yanına apardı. Ərim həmin qadınla 5-6 ay birlikdə yaşadı. Sonra onu hamilə vəziyyətində atıb, mənimlə barışdı. Bizim ikinci oğlumuz dünyaya gəldi. İkinci uşağa hamilə olanda həmin qadının qızı olmuşdu. O , uşağı yoldaşımın üstünə atdı. Dedi ki, bu uşağa sən baxmalısan. Mənə dedilər ki, uşağı qəbul etməsən, səni evdən qovacağıq. Məcburiyyətdən qəbul etdim. 3 uşağa baxmaq çətin idi. Ancaq çalışırdım ki, hər şey öz qaydasında olsun”.

Nigarın çətin günləri bundan sonra başlayıb. Sonda həm əri, həm də doğma valideynləri ondan üz döndərib:

“Qaynanam və həyat yoldaşım ayrıseçkilik edirdi. Qaynanam nəsə alırdısa, o uşağa verirdi, mənim uşağımı isə döyürdü. Bunları qəbul etmirdim. Deyirdim, üçü də sənin nəvəndir, niyə ayrıseçkilik edirsən. Buna görə evdə söz-söhbət yaranırdı. Artıq vəziyyət dözülməz idi. Sonuncu dəfə məni kirayə qaldığımız evdə qoyub getdilər. Bankdan pul götürmək üçün getdiklərini desələr də, qayıtmadılar. Hələ də onlardan xəbər yoxdur.

Valideynlərinə vəziyyəti izah elədim. Onlar məni qəbul etmədilər. Dedilər ki, ikinci uşaq lazım deyildi, bir uşaqla gəlmişdin, qayıtmazdın. Uşağı doğmusansa, əzabını çək. Ya uşağın ikisini də at, gəl yanımıza, ya da tək saxla. Mən də dedim, elə şey ola bilməz, sizi silərəm, amma uşaqlarımı yox. Məni valideynlərim evləndirmişdilər. Amma çətin günümdə məni tərk etdilər”.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Sığınacaq  





Xəbər lenti