“İkinci ərim məni atıb, xalası qızı ilə evləndi” - Günelin həyat hekayəsi (VİDEO)

“İkinci ərim məni atıb, xalası qızı ilə evləndi” -  Günelin həyat hekayəsi (VİDEO)
  30 Noyabr 2017    Oxunub:29968
Bakıdakı sosial sığınacaqlara Azərbaycanın müxtəlif bölgələrindən onlarla qadın pənah gətirir. Onlar ailələri, yaxınları tərəfindən tərk edildikləri üçün sığınacaqlara üz tutmalı olurlar.
İki uşaq anası olan həmsöhbətimiz Günel Şahbazovaya (Ad,soyaq şərtidir) “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi sahib çıxıb. 24 yaşlı qadın iki dəfə ailə həyatı qurub. O, 5 aydır ailəsi tərəfindən tərk edilib və hazırda sığınacaqda qalır.



Günelin həyat hekayəsi: “İki dəfə ailə həyatı qurmuşam. Bundan əvvəl xalam oğlu ilə evli idim. O, rəhmətə gedib. İkinci həyat yoldaşıma hər şeyi danışmışdım. Demişdim ki, mən bir dəfə evli olmuşam, əgər razısansa, bu yola çıxaq. O, razı olduğunu demişdi. Hətta anam onunla danışmışdı ki, əgər qızımı yarı yolda qoyub gedəcəksənsə, ondan əl çək. Demişdi. yox, mən qızınla birgə yaşamaq, ailə qurmaq istəyirəm. Biz Bakıda kirayə qalırdıq. O, rayondan işləməyə gəlmişdi. Usta işləyirdi. Onun valideynlərinin bizim bir evdə yaşamağımızdan xəbəri yox idi. Anası, atası zəng edəndə deyirdi ki, işləyirəm, oğlanlarla qalıram. Bir müddət qaldıq, iş olmayanda rayona gedib gəlirdi. Sonra oğlum dünyaya gəldi. İkinci dəfə hamilə olandan sonra oğlan məni atdı. Gedib rayonda öz xalası qızı ilə evləndi. Məni burada, onu da orada aldatdı. Məcbur qalıb anamın yanına köçdüm”

“İkinci baharı”nda xoşbəxtliyini tapa bilməyən Güneli və uşaqlarını güvənərək evinə getdiyi doğma anası qəbul etməyib: “Qardaşım əsgərliyə gedəndən sonra anam məni evdən çıxartdı. Dedi, sənə deyirdim getmə. Bacım rayonda ərdədir. Onunla əlaqəm yoxdur. Qardaşımın isə anamın bizi qovmasından xəbəri yoxdur. O, bacısnın burada qalmasına icazə verməzdi”.

Çarəsiz durumda olan Günel ikinci həyat yoldaşının valideynləri ilə əlaqə saxlayaraq, onlardan kömək istəyib: “Qaynam və qaynatam bura gəldilər. Dedilər ki, edə biləcəkləri yeganə kömək uşaqlara soyadın verilməsi ola bilər. Aliment verməyə imkanları yoxdur. Ancaq nəsə kömək etməyə çalışacaqlar. Mən atasız qızam. Ağlım kəsməyib. Anam da, məndə də məsuliyyətsizlik etmişik. Məsələni əvvəlcədən düz qurmamışıq. Rəsmi nikaha düşmək lazım idi. İndi anamla telefonla əlaqə saxlayıram. Deyirəm, ana, əvvəlcədən tədbirli olsaydın, bura düşməzdim”.

Vaxtı ilə etdiyi səhvin acısını yaşayan Günel uşaqlarına qalacaq yer və bir tikə çörək axtarır.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Sığınacaq   Qadın  





Xəbər lenti