Həbsin seçilməsi halları məhdudlaşdırılır – Prezident qanunu imzaladı

Həbsin seçilməsi halları məhdudlaşdırılır – Prezident qanunu imzaladı
  21 Dekabr 2017    Oxunub:17414
Azərbaycan Respublikasının Prezidenti Cinayət-Prosessual Məcəlləyə dəyişikliklərin edilməsi haqqında qanunu imzalayıb. Həmin qanun Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı çərçivəsində həyata keçirilən genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir.
Sərəncamda verilən tövsiyə və tapşırıqlara müvafiq olaraq hazırlanan Qanunda nəzərdə tutulan ən mühüm yeniliklərdən biri həbs qətimkan tədbirinin seçilməsi hallarının məhdudlaşdırılmasıdır. Belə ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə həbsin seçilməsinə imkan verən hallar minimumadək azaldılır. Daha ağır kateqoriya cinayətlər üçün isə həbsin yalnız 3 halda tətbiq edilməsinə icazə verilir: şəxs istintaqdan gizləndikdə, onun gedişinə mane olduqda və ya yenidən cinayət törətməsinə dair əsaslar olduqda.

Bunadan əlavə, istintaq zamanı şəxsin uzun müddət həbsdə saxlanmasının qarşısını almaq üçün həbsin uzadılması qaydası təkmilləşdirilir. Müstəntiq və prokurorların həbs müddətinin uzadılması ilə əlaqədar qaldırdıqları vəsatət və təqdimatlar yuxarı prokurorlar tərəfindən bir neçə mərhələdə yoxlanılacaq. Bununla da həbslərin lüzumsuz olaraq uzadılması hallarının qarşısı alınacaq.

İstintaq zamanı qətimkan tədbirlərinin tətbiq edilməsi hallarını azaltmaq məqsədilə Qanunda müəyyən edilib ki, belə tədbirlərin seçilməsi məsələsi həll edilərkən müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə edib-etməməsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilib-ödənilməməsi məsələlərini mütləq nəzərə alsın. Bu, həmçinin təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə və onlara vurduğu ziyanı ödəməyə stimullaşdıracaq. Beləliklə, cinayətin ictimai təhlükəli nəticələri minimuma endirilmiş olacaq, təqsirləndirilən şəxsə qətimkan tədbirinin seçilməsini zəruri edən bir sıra əsaslar aradan qalxacaq.

Həbs qətimkan tədbirinin tətbiq edilməsi hallarının azaldılması üçün Qanunda nəzərdə tutulan növbəti istiqamət alternativ qətimkan tədbirlərinin seçilməsi imkanlarının genişləndirilməsidir. Əgər əvvəllər ev dustaqlığı qətimkan tədbirləri yalnız həbs seçildikdən sonra onun əvəz edən qətimkan tədbirləri qismində seçilə bilərdisə, yeni qanuna əsasən, ev dustaqlığı müstəqil qətimkan tədbiri kimi birbaşa olaraq seçilə biləcək.

Qeyd etmək lazımdır ki, təcrübədə qətimkan tədbirləri arasında seçim edən cinayət təqibi orqanları həmin tədbirin effektivliyinə xüsusi əhəmiyyət verirlər. Bu nöqteyi-nəzərdən son dövrlərə qədər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə səmərəli nəzarət mexanizmləri yox idi, məhz bu səbəbdən həmin qətimkan tədbirinin seçilməsi halları da çox az idi. İstintaqçılar bir çox hallarda başqa alternativ olmadığı üçün həbsin seçilməsinə əl atmalı olurdular. Müasir texnoloji yeniliklərin tətbiqi ev dustaqlığının səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq, bununla da həbs əvəzinə onun seçilməsi üçün daha geniş şərait yaranacaq.

Bu yenilik, barəsində ev dustaqlığı seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin, yəni elektron qolbaqların tətbiq edilməsi olacaq. Şəxsin üzərinə elektron qolbaqlar bağlanacaq və onun yerdəyişmələri daim müvafiq monitorinq sisteminin nəzarəti altında olacaq. İstintaq dövründə elektron nəzarət vasitələri tətbiq edilmiş şəxsin öz vəzifələrini yerinə yetirməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilib. Xatırladaq ki, istintaq bitdikdən sonra şəxsə hökmlə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilərsə, bu zaman elektron monitorinq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yeni yaradılmış Probasiya Xidməti tərəfindən həyata keçiriləcək.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası çərçivəsində hazırlanmış və az əvvəl qüvvəyə minmiş qanuna əsasən Cinayət Məcəlləsinə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar konseptual dəyişiklik edilib. Qanuna əsasən narkotik vasitələrin istifadəçiləri ilk növbədə narkomaniya xəstəliyinə düçar olmuş şəxs kimi qəbul edilib və müvafiq olaraq həmin şəxslərin müalicə edilməsi üçün tədbirlər nəzərdə tutulub.

Yəni satış məqsədi olmadan narkotik vasitə əldə etmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar məcburi müalicə tədbirləri tətbiq edilir. Dövlət həmin şəxslərin müalicə edilməsini öhdəsinə götürür. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir. Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliyə əsasən Məcəlləyə yuxarıda qeyd edilən tədbirlərin tətbiq edilməsini tənzimləyən yeni bir fəsil əlavə edilib.

Narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tibb müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən inşa ediləcək ixtisaslaşmış tibb müəssisəsində həyata keçiriləcək.

Cinayət-Prosessual Məcəlləyə dəyişikliklərin edilməsi haqqında qəbul edilmiş Qanun Azərbaycan Respublikası Prezidentinin Sərəncamda verdiyi tapşırıqlara müvafiq olaraq bütövlükdə cinayət təqibinin gedişində həbs qətimkan tədbirinin seçilməsi hallarının azaldılması və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ tədbirlərinin tətbiqi genişləndirilməsinə şərait yaradacaq.

AzVision.az



Teqlər: #Prezident   #Qanun   #Hüquqi-islahat  





Xəbər lenti