İncəsənət Mərkəzində oğurluq – ŞƏKİLLƏR

İncəsənət Mərkəzində oğurluq – ŞƏKİLLƏR
  25 Sentyabr 2013    Oxunub:1775
Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyində oğurluq hadisəsi baş verib. Tanınmış Azərbaycan rəssamı Əşrəf Muradoğlunun 2 tablosu: “Tehran konfransı” (kətan, yağlı boya, 107x140 sm) və “Lenin Smolnıda” (kətan, yağlı boya, 130x117 sm) əsərləri oğurlanıb.



Bu barədə Mərkəzin direktoru Rafael Gülməmmədli bildirib. Onun sözlərinə görə, oğurluq faktı, fondda aparılan sonuncu daxili yoxlama zamanı aşkar olunub: “Faktın dərindən araşdırılmasına ehtiyac var. Oğurlanmış əsərlərin kimdə, harada olması haqda heç bir məlumatımız yoxdur. Fakt barədə yerli hüquq-mühafizə orqanlarına və İnterpola artıq xəbər vermişik. Bundan başqa Azərbaycanın və bir sıra xarici ölkələrin mədəniyyət qurumlarına hadisə barədə informasiya ötürülüb. Palalel olaraq medianın gücünə ehtiyacımız var. Xüsusi olaraq vurğulayım ki, hər bir əsər üçün 500 manat həcmində mükafat təyin edilib”.



Rafael Gülməmmədli həmçinin bildirdi ki, Əşrəf Muradoğlunun qeyd olunmuş əsərləri Bakı İncəsənət Mərkəzi tərəfindən 1988-ci ildə alınmışdı. Bu illər ərzində tablolar, təşkilatımızın adından, dəfələrlə Bakıda və xaricdə keçirilən sərgilərdə nümayiş olunmuş, reproduksiyaları kataloq və jurnallarda çap edilmişdir. Sonuncu dəfə Bakı İncəsənət Mərkəzinin fondlarının inventarizasiyası 2008-ci ildə aparılıb. O zamanlar da Əşrəf Muradoğlunun qeyd olunmuş əsərləri fondumuzda idi.

Sevda Babayeva


Teqlər:





Xəbər lenti