Dezinformasiya tarixindən: Dünyanı dəyişən 3 “fake”xəbər

Dezinformasiya tarixindən: Dünyanı dəyişən 3 “fake”xəbər
  16 Yanvar 2018    Oxunub:10234
Dezinformasiya və indiki dillə desək, “feyk” məlumatlar yaymaq yeni bir şey deyil. Dünya kəşfiyyat və diplomatiya tarixində təxribat məqsədi ilə saxta sənəd hazırlanması, yalan informasiyaların yayılması halları çox olub və belə addımlar beynəlxalq siyasətə böyük təsir göstərib. Biz bu yazıda dünya siyasətinə təsir edən 3 məşhur dezinformasiya haqqında danışacağıq.
1-ci yalan͚:
Müharibəyə səbəb yoxdursa, yaratmaq lazımdır

Dezinformasiyanın dövlətlərarası münasibətlərdə yaratdığı gərginliyə klassik misal sayılan örnəklərdən biri “Ems məktubu” adlanan sənəddir.

1869-cu ildə İspaniya hökuməti Prussiya kralı I Vilhelmin qohumu və Prussiya ordusunun zabiti Leopold Hogensollerni boş qalmış İspaniya şahzadəsi taxt-tacına dəvət etdi. Amma Fransa imperatoru III Napoleon buna kəskin etiraz bildirərək, Prussiyadan tələb edir ki, Leopolda İspaniya taxt-tacını qəbul etməyi yasaqlasın.

Beləliklə, şahzadə İspaniya hökumətinin dəvətini rədd etməyə məcbur qalır. Müharibəyə başlamağa hazırlaşan Otto fon Bismark və III Napoleon isə mübahisənin sülh yolu ilə həll edilməsindən məyus olurlar.
Fransanın elçisi V. Benedetti öz hökumətinin göstərişinə əsasən, Ems şəhərində olan I Vilhelmə III Napoleonun belə bir tələbini çatdırır ki, Prussiya kralı öz üzərinə gələcəkdə heç bir zaman Leopold Hogensollernin namizədliyini müdafiə etməyəcəyinə dair öhdəlik götürsün. I Vilhelm belə bir təminat verməkdən imtina edir.

1870-ci ilin iyul ayında Prussiyanın Xarici İşlər Nazirliyinin müşaviri X.Abeken Emsdən Berlinə kansler Otto fon Bismarka Fransa elçisinin Prussiya kralı ilə söhbətinin məzmunu barədə məktub göndərdi. Lakin Bismark təxribat və dezinformasiya məqsədilə teleqramın mətnini təhrif edərək, ona Fransa hökuməti üçün təhqiredici hesab edilə biləcək ifadələr artıraraq, sənədi mətbuatda nəşr etdirir və xaricdəki Prussiya diplomatik nümayəndəliklərinə göndərir.

1870-ci il iyul ayının 19-da Fransa imperatoru III Napoleon Almaniyanın bu təxribatına aldanaraq, teleqramdan Prussiyaya qarşı müharibə elan etmək üçün bəhanə kimi istifadə edir və 1870-1871-ci illərin Fransa-Prussiya müharibəsi başlayır.



2-ci yalan:
“Fake” müdriklərin protokolları

XX əsrin əvvəllərində Rusiyanın Parisdəki səfirliyi nəzdində fəaliyyət göstərən rezidenturasının rəhbəri P.Raçkovski əsasən saxta sənədlərin hazırlanması və təxribatçı agentlərdən istifadə edilməsi sahəsində ixtisaslaşmışdı. Onun göstərişinə əsasən “Sion müdriklərinin protokolları” adlı təxribatçı sənəd hazırlanmışdı.

Bu sənədlərə I Dünya müharibəsi zamanı bir o qədər əhəmiyyət verilməsə də, II Dünya müharibəsi zamanı o, faşistlərin stolüstü kitabına çevrilmiş və Hitlerin “Mənim mübarizəm” adlı kitabının yazılmasında xüsusi rol oynamışdı.

Həmin sənədlər XX əsr ərzində hazırlanmış ən qalmaqallı və ciddi nəticələr doğurmuş saxta sənədlər olublar.

3-cü yalan:
Qaşınmayan yerdən (Rey)qan çıxaranlar

1981-ci ildə DTK tərəfindən ABŞ prezidenti Ronald Reyqanın saxta imzası ilə İspaniya kralı Xuan Karlosa ünvanlanmış məktub hazırlanmışdı. Məktubda deyilirdi ki, kral taxt-tacına yaxın olan bir sıra hərbi, siyasi və dini xadimlər İspaniyanın NATO-ya daxil olmasına müqavimət göstərən müxalifəti dəstəkləyib və buna görə də kral “sol müxalifəti” aradan qaldırmaq üçün bütün əsaslara malikdir. Əgər kral bunu edərsə ABŞ öz tərəfindən Cəbəllütariqin İspaniyaya qaytarılmasına yardım edə bilər.

Məktubun hazırlanmasında əsas məqsəd ABŞ-ın İspaniyanın daxili işlərinə müdaxilə etməsini göstərmək idi. DTK-nın Madriddəki agentləri həmin məktubun çoxsaylı nüsxələrini qəzet redaksiyalarına və İspaniyada akkreditə edilmiş bir sıra Avropa ölkələrinin səfirliklərinə göndərmişdilər. Ağ Ev isə bunu Amerika prezidentinə qarşı təhqir kimi qiymətləndirmiş və ABŞ-SSRİ münasibətləri daha da gərginləşmişdi.

Nəzakət Məmmədova
AzVision.az



Teqlər: #Dezinformasiya   #Feyk-xəbərlər  





Xəbər lenti