Manat niyə bahalaşmır? – TƏHLİL

Manat niyə bahalaşmır? – TƏHLİL
  18 Yanvar 2018    Oxunub:16802
Ölkəmizin valyuta bazarında sabit vəziyyət qalmaqda davam edir. Və 3 il bundan öncə - 2015-ci ilin fevralın 21-nədək olduğu kimi, manatın ABŞ dollarına görə məzənnəsi yenə “bir nöqtədə” ilişib qalıb. Belə ki, o vaxt 0,78 qəpik səviyyəsində idisə, indi də xeyli müddətdir 1,70 qəpik səviyyəsində sabitləşib.
Bu isə “Azərbaycanda Mərkəzi Bank əslində, heç vaxt tam üzən məzənnə siyasətinə keçməyib və keçməyəcək” deyənlər üçün bir növ əlavə arqumentə çevrilib. Başqa sözlə desəm, “manatın məzənnəsi aktiv şəkildə idarə olunur” deyə düşünənlərin əlinə əsas verib.

Bəs, əslində vəziyyət necədir? Manat niyə ucuzlaşmır və yaxud, bahalaşmır? Bunun qarşısını alan nədir? Yəni mövcud şəraitdə manat möhkəmlənməyə meyillidirsə, niyə 1,70 qəpikdən o tərəfə bahalaşmır? Yoxsa, həqiqətənmi, valyuta bazarı tələb və təklifin nisbəti altında deyil, kənar müdaxilə yolu ilə idarə olunur?

Keçən ilin yanvar və fevral ayının birinci yarısında manata nisbətdə möhkəmlənən ABŞ dolları fevral ayının ikinci yarısından etibarən bir az ucuzlamağa başladı. Belə ki, 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi əgər, 1.7707 azn səviyyəsinə bərabər idisə, keçən ilin fevralın 2-də o, özünün dövr üzrə maksimum həddinə - 1.9200 azn-ə qalxdı. Sentyabrın 27-si tarixində isə minimum həddə - 1.7002 azn-ə endi.

2017-ci ildə milli valyutamız möhkəmlənməyə, yəni bahalaşmağa başladı ki, buna da səbəb həm neftin dünya bazarlarında qiymətlərinin bir neçə ay öncə sabitləşməyə başlaması, ilin yanvar ayından iqtisadi tənəzzüldə dönüşün yaranması, idxalın məhdudlaşdırılması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin effekt verməyə başlaması, o cümlədən, valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, xüsusən də "qara bazarın" və ümumiyyətlə, spekulyasıya elementlərini aradan qaldırmaq məqsədilə banklar üçün müəyyən edilmiş -/+ 4 %-lik marjanın ləğvi oldu.

Bundan əlavə, AMB sədri E. Rüstəmov da təsdiqləyib ki, manatın məzənnəsinin sabitləşməsində tədiyyə balansının profisitə keçməsi mühüm rol oynayıb. Məlumdur ki, son 2 ilə yaxın idi o, pozulmuşdu. Bunun da başlıca səbəbi neftin dünya bazar qiymətlərinin enməsi idi.

Azərbaycan manatının dəyərinin arxasında neftin qiymətinin dayanması sirr deyil. AMB hansı ehtiyatlara malik olursa-olsun, neftin qiymətinin bir “döşəmə” həddi var ki, bu da 35-40 dollardır, əgər ondan aşağı düşərsə, məzənnəni 3 aydan artıq saxlamaq mümkün deyil.
Məsələ bundadır ki, manat keçən ilin fevral ayından etibarən 11,5% möhkəmlənib. 1 il əvvəl, 2016-cı ildə isə 15%-ə yaxın ucuzlaşmışdı. Sual yaranır ki, məzənnə əgər kənar müdaxilə yolu ilə idarə olunursa, bu cür əks tendensiya necə baş verir? Təkrar edirəm ki, keçən ilin fevralın 2-də manat 1,92-dək ucuzlaşmışdı. Onda 1,70-ə niyə endi?

Əlbəttə, o düzdür ki, AMB manatın ABŞ dollarına nisbətən 1,70-dən də aşağıda möhkəmlənməsində maraqlı deyil. Ancaq bunu valyuta bazarına müdaxilə, yəni intervensiya etmək yolu ilə təmin edir. Başqa sözlə desəm, tənzimləyir.

Misal üçün, Dövlət Neft Fondu (ARDNF) ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında ümumən 584,8 milyon dollar məbləğində vəsait satıb ki, noyabr ayı ilə (208,9 milyon dollar) müqayisədə bu, 2,8 dəfə çox olub. Ümumən isə 2017-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 milyard 598,12 milyon dollar satıb ki, bu, 2016-cı il ilə müqayisədə 1,3 milyard dollar və ya 26,53% azdır.

Dekabr ayında AMB-nin rəsmi valyuta ehtiyatları 80 milyon dollardan çox artıb. Demək ki, Mərkəzi Bank bazardan dollar alıb. Niyə? Milli valyutanın dəyərini 1,70-dən aşağıda möhkəmlənməyə qoymamaq üçün.

Fikrimcə, əlavə izaha ehtiyac qalmır. Son olaraq qeyd edim ki, Mərkəzi Bank bu cür çevik məzənnə rejimini cari il ərzində saxlayacaq. Və sözügedən qurum manatın əsaslı makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli şəraitdə dəyişkənlik risklərinin qarşısını almaq məqsədilə arada məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər və edəcək də. Ona görə ki, AMB-nin müvafiq açıqlamasında da qeyd olunduğu kimi, manatın əhəmiyyətli möhkəmlənməsi bir sıra mikro və makro risklərin reallaşmasına yol aça bilər.

Yeri gəlmişkən, bu il ARDNF-dən büdcəyə 9,216 milyard manat transfert nəzərdə tutulub. 2017-ci il ərzində bu rəqəm 7,5 milyard manat və ya 1,716 milyard manat az təşkil edirdi. Bu isə indiki kursla dollara çevirsək, 5 milyarddan çox edir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Manat   #Dollar   #Neft  





Xəbər lenti