Balaca yumruqların düyünlənməsi, yaxud, insanlar niyə şəhid olmağı seçirlər (+Podkast)

Balaca yumruqların düyünlənməsi, yaxud, insanlar niyə şəhid olmağı seçirlər (+Podkast)
  20 Yanvar 2018    Oxunub:9810
AzVision Podkast: Yazını müəllifin səsi ilə dinləyin:



İnsanın böyüklüyünü onun mübarizə apardığı qüvvənin böyüklüyü ilə də ölçmək olar. O halda, dünyanın ən böyük imperiyası ilə mübarizə aparan, qorxmayan, onun qabağından çəkilməyən insanlar nə qədər böyük idilər - özünüz təsəvvür edin. O qədər böyük idilər ki, illər keçib, amma biz bu gün də onların məzarının qabağına gedib, baş əyirik, həmişə də əyəcəyik.

Küçədəsən. Gecədir. Soyuqdur. Bilirsən ki, şəhərə gələn ordunun insanlara atəş açmaq ehtimalı var. Digər tərəfdə səni isti ev, bir stəkan çay və rahat yataq gözləyir. Amma sən getmirsən. Küçədəsən. Titrəyirsən, çünki çox soyuqdur. Başqa insanlarla danışırsan. “Tüpürüm onun tankına da, gülləsinə də”,- deyirsən. Sən uşaq deyilsən, bilirsən ki, tanka-gülləyə tüpürməklə heç nə olan deyil. Çox yaxşı bilirsən bunu. Amma yenə də getmirsən. Gözləyirsən. Küçədəsən. Yumruğa düyünlənmiş əllərini ciblərinə dürtüb, soyuqdan büzüşmüsən. Amma evə getmirsən. Gözləyirsən ki, tank gələndə üstündəki əsgər sənin küçədə olduğunu görsün. Bəli, vura bilər, xıncım-xıncım əzib keçə bilər, amma eybi yox, əsas odur ki, səni görsün. Görsün ki, sən getməmisən. Niyə? Bu, nə əcaib istəkdir belə?

Bu, Vətənin yiyəsiz olmadığını göstərmək istəyi idi. Sanki, sənin xəstə, aciz atanın üstünə çox güclü bir düşmən gəlir, sənsə uşaqsan, lap balacasan, zəifsən; o düşmən bir zərbə ilə səni öldürə bilər. Amma sən yenə də balaca yumruqlarını düyünləyib, onun üstünə atılırsan. Alternativin nədir? Qaçıb gizlənib, uzaqdan yiyəsiz qalan atanın necə döyüldüyünə baxmaq? Sonra ömür boyu bu yüklə yaşamaq?

Bir hiss var ki, məhz onun sayəsində kiçiklər və zəiflər ayaqlarını yerə möhkəm basıb, başlarını dik tutub, böyüklərin və güclülərin qabağından qaçmırlar. Məğlub olacaqlarını bilə-bilə qaçmırlar. Bu hissə konkret bir ad qoymaq mümkün deyil. Mərdlik? Dəyanət? Cəsarət? Ərənlik?

Bir başqa hiss də var ki, onun da adını dəqiq qoymaqda çətinlik çəkirəm, amma məhz onun sayəsində sənin anan bütün başqa qadınlardan, atan bütün başqa kişilərdən, Vətənin isə bütün başqa ölkələrdən fərqlənir, səninki olur.

Bu iki hissin adını dəqiqləşdirmək vacib də deyil. Əsas bir şeyi bilmək lazımdır: Bütün şəhidlər həmin iki hissin qovuşduğu nöqtədə yaranırlar!

Şəhidlər Xiyabanında yatan insanlar ona görə böyükdürlər ki, eyni anda bu hisslərin hər ikisinin zirvəsinə yüksəlmişdilər. Bu, böyük şərəfdir.

Şəhidlərdən danışanda heç vaxt “nə üçün”, “kimin üçün”, “nəyin uğrunda” suallarını verməyin. Hər kəs ilk növbədə özü üçün şəhid olur. Şəhidlik – insanın həyatında yaşanan xüsusi bir anın qarşıya qoyduğu dilemmanın həllidir. Bəli, sən həmin an yaşamağı seçə bilərsən: Düşmənin qabağından qaçıb, yaşamaq olar; Gizlənib, yaşamaq olar; Əyilib, yaşamaq olar. Olar, qardaş, bu seçim həmişə var. Qaç və yaşa! Gizlən və yaşa! Əyil və yaşa!

Bu dilemma insan həyatının yolayrıcıdır. Onunla üzləşdinsə, həmin ana qədərki Sən daha bir də heç vaxt var olmayacaqsan. Şəhidlər o insanlardırlar ki, hər zaman özlərini mərd, cəsarətli, qorxmaz şəxs biliblər. Eynilə hamımız kimi! Hansımız özümüzü qorxaq, nakişi, şərəfsiz sayırıq ki?! İndi isə an yetişib və qərar verməlisən: Sən doğrudan da özünü təsəvvür etdiyin kimisənmi? “Yox” desən, sağ qala bilərsən, amma daha öz təsəvvüründəki sən olmayacaqsan. “Hə” desən, öz dünyanda sən qalacaqsan, amma dünyada sən olmayacaqsan. Buyur, seçim sənindir.

Şəhidlər bu dilemma ilə üzləşəndə ikinci variantı seçən insanlardırlar. Bu dilemmanın həlli elə bir andır ki, çətin ki, insan özündən başqa nəyisə düşünəcək gücdə olsun. Hər kəs özü üçün seçim edib və bu seçimi ilə də “mən kiməm” sualına əbədi cavab verib.

Bütün şəhidlər ilk növbədə ona görə ən uca hörmətə və ən dərin sevgiyə layiqdirlər ki, “Mən kiməm” sualı ilə üzləşəndə düzgün cavabı seçiblər. Ona görə, bu gün biz bilirik ki, onlar kimdirlər. Bəs biz? Biz kimik?!..

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #20-yanvar   Şəhidlər  





Xəbər lenti