Milli Şuranın şəhidlər şousu

Milli Şuranın şəhidlər şousu
  22 Yanvar 2018    Oxunub:6609

20 Yanvar Azərbaycanda ümumxalq hüzn günü kimi qeyd olunur. Həmin gün imkanı olan kəslər şəhidlər xiyabanını ziyarət edir, müstəqillik yolunda canlarından keçmiş qəhrəmanlarımızın ruhuna dualar oxuyurlar.

Təbii ki, insan axınının olduğu yerlərdə problemlər də yarana bilər. Məhz buna görə, hər il olduğu kimi, ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün xiyabana gedən yollarda sıxlığın qarşısını almaq məqsədilə dəmir maneələr quraşdırılmış və müəyyən olunmuş hissələrdə polis əməkdaşları dayanmışdı. Bununla da insanların xiyabana hissə-hissə keçmələri təmin olunurdu.

Amma təəssüf ki, ucuz siyasi xallar arxasınca qaçmağa vərdiş etmiş radikal kəsim bu prosesdən də öz maraqları naminə istifadə etməyə çalışdı. İnsanların rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə görülmüş tədbirlər Əli Kərimli başda olmaqla, bir qrup tərəfindən çox çirkin formada siyasiləşdirildi. Ortaya iddia atıldı ki, guya cəbhəçilərin Şəhidlər Xiyabanına girişi hakimiyyət orqanları tərəfindən məqsədli şəkildə məhdudlaşdırılıb. Hadisə yerindən canlı yayım edən Əli Kərimli yaranan mənzərəni həyasızcasına hakimiyyətin onlara qarşı təxribatı kimi dəyərləndirdi. Əli Kərimlinin çıxışından ruhlanan cəbhəçilər “azadlıq”, “istefa” şüarları səsləndirməyə başladılar. Özlərini Şəhidlər Xiyabanında yox, sanki “Məhsul” stadionundaymış kimi hiss edən bu şəxslərin etirazı çox utancverici görüntülərin yaranmasına səbəb oldu. Bir sözlə, “şəhidlər ölməz, vətən bölünməz” şüarının səslənməli olduğu yerdə “istefa” deyə bağıranlar elə ilk növbədə şəhidlərimizin ruhuna hörmətsizlik etmiş oldular.

Gələk məsələnin başqa bir tərəfinə. Yuxarıda da qeyd etdiyim kimi, güclü insan axınının olacağını nəzərə alan müvafiq dövlət qurumları bəzi önləyici tədbirlər görmüşdülər. Bu tədbirlərdən biri də insanlara ziyarət etmək üçün daha əlverişli vaxtların tövsiyə olunması idi. Aydındır ki, ziyarət üçün ən pik vaxt saat 12:00 radələridir. Məhz insanların rahatlığı üçün Bakı Şəhər Polis İdarəsi bütün partiyalara, siyasi təşkilatlara xəbərdarlıq etmişdi ki saat 14:00-dan sonra ziyarətə gəlsinlər. Lakin bütün partiya və təşkilatlardan fərqli olaraq, Milli Şura rəhbərliyi edilən xəbərdarlıqlara məhəl qoymadı və ziyarət üçün ən pik vaxtı - saat 12:00 radələrini seçdi.

Canlı yayım vasitəsilə çıxış edən Əli Kərimlinin vəziyyəti hakimiyyətin “siyasi qisasçılığı” kimi dəyərləndirməsi isə olduqca gülünc və əsassız iddia idi. Sual yaranır ki, Milli Şuraya istədiyi vaxt şəhərin mərkəzində mitinq keçirməyə icazə vermiş bir hakimiyyət niyə belə bir yola əl atsın ki?! Demək, problem elə özlərindədir. Ötənilki mitinqlərin fiasko ilə nəticələnməsi Əli Kərimlini başqa radikal yollara əl atmaq məcburiyyətində qoyub. 20 Yanvar şousu da elə bu zərurətdən doğan səbəbdir.

Onu da qeyd edək ki, Əli Kərimlinin bu davranışı müxalif siyasi dairələrdə də birmənalı qarşılanmayıb. Hətta bəzi müxalif partiya və təşkilatlar Kərimlinin bu əməlini bir partiya sədrinə yaraşmayan biabırçı hal kimi dəyərləndiriblər.

Bir daha bəlli oldu ki, vətən, millət təəssübü Milli Şura rəhbərlərinə tamamilə yad hisslərdir. Bu qurum xalqın gözü qarşısında matəm gününü siyasi şouya çevirməklə əsil mahiyyətini növbəti dəfə ortaya qoymuş oldu. “Şəhidlər bizim and yerimizdir” demişik həmişə. Onlar biz müstəqil dövlətin vətəndaşları olaq deyə canlarını fəda ediblər. Hər bir azərbaycanlının üzərinə düşən öhdəlik isə ən azı ildə bir dəfə, şəhadət günlərində onları layiqincə yad etməkdir. Amma əsl Azərbaycan vətəndaşına və şəhidlərimizin adına layiq şəkildə etməliyik bunu, daha Milli Şuranın tərəfdarları kimi yox.

Ceyhun Əhmədli
AzVision.az




Teqlər: Milli-Şura   Şəhidlər  





Xəbər lenti