Leyla Əliyeva uşaqlarla görüşdü

Leyla Əliyeva uşaqlarla görüşdü
  28 Sentyabr 2013    Oxunub:12203
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evini ziyarət edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sentyabrın 27-də Bakının Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli və Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evlərinin sakinləri ilə görüşdü, onların yaşayış şəraiti ilə maraqlandı.

Leyla xanım Əliyeva əvvəlcə Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəldi. Fondun vitse-prezidenti kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdü, onların əl işlərindən ibarət sərgiyə baxdı.

Leyla xanım Əliyevaya məlumat verildi ki, burada 60 uşağın cəlb olunduğu müxtəlif dərnəklər fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, müxtəlif ölkələrdə 1 nömrəli uşaq evinin balaca sakinlərinin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bununla yanaşı, uşaqlar Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də yaxından iştirak edirlər.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evinə gəlib.
Burada 3-16 yaş arasında 4 qrup üzrə kimsəsiz və valideyn himayəsindən məhrum olan 90 uşaq yaşayır. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlanılır. Fondun dəstəyi ilə uşaq evinin sakinləri xaricdə keçirilən bir sıra müsabiqələrdə uğurla iştirak etmişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evində də olub. Leyla xanım Əliyeva uşaq evinin sakinləri ilə görüşdü, onlarla söhbət etdi, yaşayış şəraiti ilə maraqlandı. Fondun vitse-prezidenti uşaqların rəqslərinə tamaşa edib.

Uşaq evlərində Leyla xanım Əliyeva uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindirdi.
Sonda xatirə şəkli çəkdirildi.


Teqlər:  





Xəbər lenti