Regionların inkişafında növbəti hədəf nə olmalıdır? – TƏHLİL

Regionların inkişafında növbəti hədəf nə olmalıdır? – TƏHLİL
  07 Fevral 2018    Oxunub:5621
Ölkəmizin regionlarının sosial-iqtisadi inkişafına dair indiyədək qəbul edilən bütün Dövlət Proqramları uğurla icra edilib. Ayrı-ayrı bölgələrə və istiqamətlərə aid olanlar istisna edilməklə, indiyədək 3 belə Proqram qəbul olunub. Birincisi 2004-2008-ci ilə aid olub, ikincisi 2009-2013-cü illəri əhatə edib, üçüncüsü isə bugünlərdə dördüncü, yəni yekun ilinə həsr edilən konfrans keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” idi.
Sözügedən Proqramların nəticələrini ayrı-ayrılıqda nəzərdən keçirmək olmaz. Çünki bu, son 14 il ərzində gəlinən bir yoldur. Qeyd etdim ki, 2004-cü ildə ilk növbədə, infrastruktur layihələrindən başlandı. Elektrik təsərrüfatına böyük investisiyalar qoyuldu. Nəticədə ölkədə 30 elektrik stansiyası tikildi. Bu stansiyaların generasiya gücü 2500 meqavat təşkil edir. Buna qədər isə ölkədə 9 elektrik stansiyası tikilmişdi. Düzdür, onların generasiya gücü 3900 meqavat idi. Son 14 ildə generasiya gücünün 2500 meqavat artırılması böyük nailiyyətdi. Hələ bu il sözügedən rəqəmin 2900 meqavata çatdırılacağı deyilir.

Yaxud, digər bir fakt: 2004-cü ildə Azərbaycanda qazlaşdırma səviyyəsi 51% idi. Hazırda isə 93%... 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26% idisə, hazırda bu, 67 % təşkil edir. Qeyd edim ki, Bakı şəhərində bu rəqəm 81, bölgələrdə isə 43%-dir. Son 14 il ərzində 4 su anbarı tikilib: Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Bu su anbarlarının kənd təsərrüfatının inkişafına çox müsbət təsiri var.

Eyni zamanda, 14 il ərzində 12 min 300 kilometr yol çəkilib. Bu il isə 15 min kilometrə çatacaq. 443 körpü tikilib.

2004-cü ildə qəbul edilən birinci proqramda bunlar nəzərdə tutulmamışdı və tutula da bilməzdi. Bunlar həm ilk proqrama və ondan sonrakı ikinci və üçüncü proqramlara əlavə edildi. Sözün qısası, bütün bu işlərin nəticəsində iqtisadiyyat 14 ildə 3,2 dəfə artdı. Qeyri-neft sektoru isə 2,8 dəfə... Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə genişlənib.

Təkcə bir faktı qeyd edim ki, 2004-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollara bərabər idi. İlk regional inkişaf proqramının icrası bu rəqəmlə start götürmüşdü. Əslində, heç bir hökumət cəmi 1,8 milyard dollar valyuta ehtiyatları vəsaitiylə belə böyük bir yükün və vəzifələrin altına risk edib girməzdi. Ancaq Azərbaycan hökuməti regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi onun üçün prioritet təşkil etdiyindən buna getdi.

Bu gün isə valyuta ehtiyatları 42 milyard dollar təşkil edir. 14 il ərzində 23 dəfə artıb. Diqqət yetirilməli məqamdır ki, həm böyük investisiya, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoyulub, həm də valyuta ehtiyatları 23 dəfə artıb.

Ümumiyyətlə, 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub ki, bunun yarısını xarici, yarısını isə daxili sərmayə təşkil edib. Müstəqilliyimiz dövründə Azərbaycana yatırılan sərmayənin 93%-i son 14 ilin ərzinə düşür. Məhz bunun nəticələrindəndir ki, birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50% idisə, indi bu rəqəm 6%-ə yaxın təşkil edir.

Yuxarıda qeyd etdim ki, ayrı-ayrı bölgələrə və istiqamətlərə aid istisna olmaqla indiyədək 3 Proqram qəbul edilib. Bunun birincisi 2004-2008-ci ilə aid olub. Prezident də qeyd etdi ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Belə ki, real olaraq da bu, özünü əyani şəkildə göstərdi. 2004-cü ilin əvvəllərində qəbul edilmiş ilk Proqram Azərbaycan regionlarında böyük dönüş yaratdı. Məhz ilk proqramın icrası nəticəsində regionlar sürətlə dəyişməyə və inkişaf etməyə başladı.

Ümumiyyətlə, 2004-cü ildə 1-ci Proqram qəbul olunanda məsələ qoyulmuşdu ki, regionlar sürətlə inkişaf etsin. Sonrakı daha iki Proqramın əsas məqsədi və icrasında başlıca hədəf isə regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaratmaqdan ibarət idi. Bu məqsədlə, sahibkarlığın inkişafına böyük dəstək həyata keçirildi və sair...

Bəs, regionların sosial-iqtisadi inkişafına dair növbəti, dördüncü Dövlət Proqramının əsas hədəf və məqsədləri nədən ibarət olmalıdır?

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident çıxışında bildirdi ki, qazlaşdırma bu ilin sonuna qədər 95%-ə çatdırılmalıdır. Enerji təhlükəsizliyinin təmini istiqamətində yeni addımlar atılmalı, həmçinin, ərzaq təhlükəsizliyi məsələsi də diqqət mərkəzində olmalıdır. Hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur ki, onlardan bir neçəsi artıq, fəaliyyətə başlayıb. 27-si bitkiçilik, 16-sı heyvandarlıq üzrə aqroparklardır. Bu aqroparklar nəticəsində ərzaq təhlükəsizliyi ilə bağlı əsas məsələlər həll ediləcəkdir. Belə ki, bunlarda ət, quş əti, süd, yem, buğda, arpa, soya istehsalı da nəzərdə tutulur. Aqroparklara 183 min hektar torpaq ayrılıb.

Bununla belə, görüləsi işlər hələ çoxdur. Sadaladıqlarımız cari işlərdir. Kənd təsərrüfatını inkişaf etdirməyin qayğısına daha çox qalmaq tələb olunur. Belə ki, zavod və fabriklərin yaradılması öz yerində, lakin aqrar məhsulların istehsalı və tədarükü bölgələrimizin iqtisadiyyatında əsas gəlir mənbəyini təşkil etməlidir.

Məsələ bundadır ki, rayonlar mərkəzdən, yəni dövlət büdcəsindən asılı vəziyyətdə olmamalıdr. Başqa sözlə, Azərbaycanın mövcud iqtisadi potensialından ən çox Bakı şəhərində istifadə edilməli deyil. Yeri gəlmişkən, Azərbaycanda 2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 milyard manat həcmində vəsait yönəldib. Prezidentin sərəncamı ilə rayon və şəhərlərin inkişafına 368 milyon manat ayrılıb ki, bu, regionların sosial inkişafında mühüm rol oynayıb.

Son 2 ilədək şəhər və rayonlarımızdan cəmi 6-sı xərclərini ödəyə bilirdi. Digərləri isə dotasiya hesabına yaşayırdı.Ancaq indi 30-dan çox rayon özünü yerli gəlirlə maliyyələşdirir. Odur ki, bu işdə əsaslı dönüş yaratmaq üçün aqrar sektorun inkişafı prioritet olmalıdır. Ölkədə əmək qabiliyyətli əhalinin 40%-ə yaxını məhz aqrar istehsalla birbaşa bağlı olan regionlarda yaşayır. Aqrar məhsulların istehsalı və emalı ilə bağlı işlək mexanizm yaradılmalı, kooperativ təsərrüfat üsulları geniş tətbiq olunmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər: #Regionların-inkişafı  





Xəbər lenti