Məşhur azərbaycanlı ovçu: “Peşəkar ovçu hər heyvanı vurmur”
Bildiyimiz kimi, Azərbaycana turist axını gücləndikcə, turizm sahəsi üzrə yeni istiqamətlərin yaranması zərurətə çevrilir. Maraqlıdır, Azərbaycanda ovçuluq turizmini də inkişaf etdirmək üçün əlverişli şərait varmı?
Peşəkar ovçu hər qarşısına çıxan heyvanı vurmur. O seçib heyvanın ən qocasına güllə atır. Xaricdən gəlib ev etmək istəyən qonağı biz müşayiət edirik. Biz ona istiqamət veririk ki, hansı heyvanı vurmaq olar və ya olmaz. Biz özümüz də hansısa ölkəyə gedəndə ov üçün hər heyvan növündən asılı olaraq rəsmi lisenziya alaraq ödəniş edirik”.
Faiq Babanlının fikrincə, Azərbaycanda elə heyvanlar var ki, onların çoxluğu təhlkükəlidir: “Buna misal olaraq deyim ki, canavarların Azərbaycanda təhlükəsi var. Eyni zamanda çaqqalların və yenotların da azaldılması mütləqdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin verdiyi məlumata görə, canavarlar maralları və dağkeçilərini yeyirlər. Bu da həmin heyvanların təbii artımının qarşısını alır. Canavarları da tələ qurmaq və ya zəhərli dərmanlarla yox, ancaq ov üsulu ilə azaltmaq olar. Çünki ovçu gözlə görüb vurur”.
Onun sözlərinə görə, Azərbaycanda ovçuların peşəkarlaşmasına ehtiyac var: “Azərbaycanda ovçuluq tam dövlət nəzarəti altında olmalıdır.Bizim əsas məqsədimiz Azərbaycanda pərakəndə ovçuluq məsələsini aradan qaldırmaqdır. Buna görə də Azərbaycanda ovçuların peşəkarlaşmasına çalışırıq. Həmçinin Azərbaycandan xaricə ov təşkil edirik. Həmkarım Asif İlyasovla birgə real ov filmləri çəkib dünyaya yayırıq. Bütün dünya bizi Safari Ov Klubu Azərbaycan (safari.az) adı ilə tanıyır.
Biz müxtəlif beynəlxalq ov cəmiyyətlərinin tədbirlərində iştirak edirik. Fəaliyyətimiz dəfələrlə qiymətləndirilib. Elə bu günlərdə ABŞ-da Beynəlxalq Ov Cəmiyyəti tərəfindən təltif edildik”.
O deyib ki, peşəkar ovçunun əsasə güclü hissiyyatı və enerjisi, həmçinin ətrafdakı təhlükəyə ani reaksiyası olmalıdır: “ Bunlar ovçunun cəngəllikdə ovlanmaması üçün ən vacib faktordur. Onun ərazisinə düşəndə heyvan dəqiq bilir ki, sən haradasan. Çünki buralar onun arealıdır. Mən hər şeyi hissiyyatla görürəm. Əgər mən nəyi isə hiss etdimsə, heç kim mənim fikrimi dəyişə bilməz. İkincisi, peşəkar ovçuda böyük ürək olmalıdır. Ən vacibi də odur ki, ölüm mələyini tanımalısan. Dünyada mənim kimi vəhşi heyvan ovu edən çox azdır. Çünki ölüm qorxusu var”.
Faiq Babanlı bildirib ki, dünyanın Azərbaycana marağını artırmaq üçün insan faktoru məsələsi önə çəkilməlidir: “Yəni azərbaycanlılar öz qəhrəmanlıqlarını ölkə daxilində deyil, xaricdə göstərməlidirlər. Çünki ölkə daxilində onu kimsə görmür. Xaricdə bütün sahələrdə tanınmış şəxslərin sayı artmalıdır. Ölkənin qiyməti onun şəxsiyyətlərinə görə verilir.
Mən 80-dən çox ölkədə olmuşam və bütün qitələrdə ov etmişəm. Ovladığım heyvanların vətənimdə yaratdığım şou-rumda canlı obrazlaşdırılmış kolleksiyasını etmişəm. Biz bu işə bir neçə ölkənin mütəxəssislərini cəlb edirik. Bununla cəngəlliklərin reallığını göstərirəm. Bura gələnlər gördüklərinə heyran olurlar.
Nəzərə alın ki, ovçuluq yüksək sferadır. Dünyaya göstərmək istəyirik ki, Azərbaycanda da bu sahəyə uyğun şəxsiyyət var. Xaricdə soydaşlarımız Azərbaycanda da belə işlərin görülməsi haqqında fəxrlə danışa bilərlər. Demək, bütün iş həll olunub. Yəni artıq biz varıq. Bir günə 10 ilin işini görürük. Çünki biz Azərbaycan üçün yetişmişik. Bir ölkənin hər hansı sahəsi üzrə insanının tanınması, bu ölkənin dünyada tanınması deməkdir”.
80-dən çox ölkədə ov edən Faiq Babanlı növbəti ov planlaşdırından da danışıb: “Ov edilməyən yerlərə dəvət almışıq. Planımız Yeni Qvineyaya getməkdir. Mən oxla da yaxşı atıram. Yeni Qvineyada adamyeyən qəbilələr var. Onlarla ov edəcəm”.
AzVision.az
Teqlər: Faiq-Babanlı Ovçu