İkinci Sarkisyan: Ermənistan prezidentinin kreslosuna düşən kimin kölgəsidir? – TƏHLİL

İkinci Sarkisyan: Ermənistan prezidentinin kreslosuna düşən  kimin kölgəsidir? – TƏHLİL
  03 Mart 2018    Oxunub:15285
"Ordu qiyam edir. Deyirlər, çar saxtadır”. Siz Ermənistanın Konstitusiyasını oxumasanız da, ən azından, "İvan Vasilyeviç peşəsini dəyişir" filminə baxmamış olmazsınız. Armen Sarkisyanın İngiltərə vətəndaşı olması həmin filmdəki səhnəni xatırladır. Çünki hələ İvan Qroznı dövründən çarın yalançı olub-olmaması məsələsi çox əhəmiyyətli olub".
Bu fikirləri dünən Ermənistan parlamentində Armen Sarkisyanın prezidentliyə namizədliyinin müzakirəsi zamanı "Yelk" partiyasından olan deputatlardan biri səsləndirib. Səbəb isə Sarkisyanın hələ də İngiltərə vətəndaşı olması barədə şübhələrdir. Halbuki ölkə konstitusiyası Ermənistanın birinci şəxsinin ikili vətəndaşlığı məsələsini qəbul etmir.

Lakin İkinci Sarkisyan iddia edib ki, 02 dekabr 2017-ci ildən Britaniya vətəndaşlığından çıxıb və yalnız Ermənistan vətəndaşı olub. Onun namizədliyini irəli sürən hakim Respublika Partiyası və Daşnaksütyunun parlament fraksiyası Armen Sarkisyanın ölkə konstitusiyasına müvafiq olaraq, son 6 ildə Ermənistan vətəndaşı olduğunu iddia etsələr də, müxalif "Yelk" partiyası 2011-2014-cü illərdə “Eurasia House International” təşkilatının Britaniya vergi orqanlarına təqdim etdiyi vergi hesabatında təşkilatın direktoru Armen Sarkisyanın vətəndaşlığı hissəsində “british” qeydinin olduğunu isbat edib.

"Yelk" İkinci Sarkisyanın İngiltərə vətəndaşı olduğunu sübut edən onlarla sənədin mövcudluğunu göstərib. Lakin parlament müzakirələri zamanı ortaya qoyulan bütün faktlara baxmayaraq, ertəsi gün İkinci Sarkisyan Ermənistanın dördüncü prezidenti seçilib.

İndi əsas məsələ əsl çarın kim olacağıdır. Gözlənilən odur ki, bu, elə birinci Sarkisyan özü olacaq. Konstitusiya islahatları ərəfəsində Serj Sarkisyan onun hakimiyyətdə qalmasına etiraz edən və islahatlara getmək istəməyən qüvvələrə söz vermişdi ki, nə baş nazir, nə parlament spikerliyinə namizədliyini irəli sürməyəcək. Lakin 2017-ci il seçkiləri oldu və parlamentdə Sarkisyanın partiyasının çoxluq əldə etməsi onun verdiyi sözə əməl etmədiyini, hakimiyyətdən əl çəkmək fikrində olmadığını göstərdi.

Respublikaçılar hökumətin başında yenidən Serj Sarkisyanı görmək istəyirlər. Heç o özü də hakimiyyətdən getmək fikrində deyil. Lakin Kremldəki çarlar çarının öz vassalını qəbul etmək istəmədiyi, telefonlarına belə cavab vermədiyi bildirilir.

Ermənistandakı siyasi sistem dəyişikliyində maraqlı olan qüvvələr hansılar ola bilərdi? Məhz xarici qüvvələr, çünki ölkədə ictimai rəylə hesablaşmaq dərəcəsi sıfırdan aşağı həddə olduğuna görə, xarici qüvvələrinin izini axtarmaq lazımdır. Ənənəvi olaraq belə hallarda dərhal 3 böyük güc mərkəzi ağla gəlir: Rusiya, ABŞ və Avropa Birliyi. Bir sıra postsovet ölkələrindəki siyasi sistem dəyişikliyi ya “rəngli inqilab”, ya da konstitusiya islahatları yolu ilə baş verib. Bir qayda olaraq, “rəngli inqilab”larda Soros və ABŞ izi axtarılırsa, konstitusiya islahatlarının Rusiyanın razılığı ilə edildiyi şübhələri hər zaman qalır. Ukrayna, Qırğızıstan, Gürcüstandakı “rəngli inqilab”lara Rusiyanın yanaşması bunu göstərir. Ehtimal edə bilərik ki, Ermənistanda da bu təhlükə olduğundan, Avropa Birliyi və Rusiya sistem dəyişikliyi barədə razılaşmaya gəlməli olublar.

Bir neçə ay əvvəl Ermənistanla Avropa Birliyinin imzaladığı sazişə də Rusiyanın Ukraynada olduğu qədər kəskin münasibət bildirməməsi Avropa Birliyi ilə Rusiya arasında müəyyən razılaşmanın olduğunu deməyə əsas verir. Ermənistanın bu addımı onun Rusiya telekanallarında təhqir olunması ilə kifayətləndi.

Ermənistan və Ukrayna arasındakı tək oxşarlıq hər ikisinin başına biznesmen şəxsin gətirilməsidir. "Şokolad kralı" Poroşenko kimi "Tetris" kralı Sarkisyan da biznesmendir. "Knightsbridge" holdinqinin rəhbəri olan yeni prezident həm də telekommunikasiya, texnologiya, multimedia kənd təsərrufatı, daşınmaz əmlak, energetika sahələrini əhatə edən 25 böyük şirkətə başçılıq edir. Onun biznesi Böyük Britaniya, Rusiya, Çin, Çexiya, Polşa, Monqolustan, Ukraynada milyonlarla dollar gəlir gətirir. Ermənistandakı məşhur Amulsar qızıl mədənindən gəlir götürülməsinə İngiltərə kral ailəsini də şərik edən Sarkisyan bununla özünə böyük dəstək qazanıb. Onun İngiltərədəki tərəfdarlarından biri bir neçə il əvvəl Türkiyədəki ofisi partladılmış HSBC bankıdır.

Armen Sarkisyanın habelə Nursultan Nazarbayevin qızı nüfuzlu Dariqa ilə çox yaxın əlaqələri mövcuddur. 2013-cü ildə Armen Sarkisyanın şəxsi dəvəti ilə Ermənistana gələn ingilis şahzadəsi Carlzın səfəri zamanı Dariqa da Yervanda idi. Məhz Armen Sarkisyanın tövsiyəsinə əsasən Dariqa hazırda Qazaxıstanın bütün telekanallarını özündə birləşdirən media holdinq yaradıb. Ermənistanın yeni prezidenti həmin holdinqdə 5 faiz səhmlərə sahibdir.

Sarkisyan habelə Dariqanın 2002-ci ildən hər il Astanada keçirdiyi və təşkilat komitəsinə sədrlik etdiyi Avrasiya Media forumunun əsasını qoyan şəxsdir. Berdimuhəmmədovla da yaxşı münasibətləri olan Sarkisyan hələ biznesmen olan vaxtı onunla Aşqabad dəniz limanının inşası, sement zavodlarının tikilməsi, mədənçıxarma və kommunikasiya tenderlərində iştirak barədə razılığa gəliblər.

2009-cu ildən "Yerevan - mənim məhəbbətim" fonduna rəhbərlik edən Armen Sarkisyan Serj Sarkisyanla dil tapa bilməyərək paytaxtda bəzi sosial layihələri yarımçıq qoymalı olmuşdu. Onun planlarına həm də uydurma "soyqırım" memorial kompleksi yaxınlığında Milli park salmaq və Diaspora muzeyi yaratmaq daxil idi.

2013-cü il mayın 28-də şahzadə Çarlz Armen Sarkisyanın dəvətilə Yerevana gəlmişdi. Britaniya səfirliyi səfərin şəxsi məqsədlə olduğunu iddia etsə də, ekoloqların etiraz nümayişi və Amulsar qızıl mədəni yaxınlığındakı Cermuk mineral suyunun mənbəyinə zərər gələ biləcəyi çağırışı İngiltərə kral ailəsinin Ermənistandakı qızıl istismarında iştirakını təsdiq edirdi.

Halbuki şahzadə Carlzın özünün dəstəyi ilə fəaliyyət göstərən Ümumdünya vəhşi təbiət fondunun təşəbbüsü ilə Ermənistan hökuməti Amulsar qızıl mədəni yaxınlıgında Cermuk Milli Parkı yaratmaq layihəsini həyata keçirməyə başlamışdı. Lakin qızıl mədəninin istismarına lisenziya verilməsi bu işləri yarımçıq qoydu. Ekoloqların şahzadə Carlzın etirazı da bununla bağlı idi.

Sarkisyanın öz varidatı 2 il əvvəl 5,7 milyon avro, uşaq kitabları yazan arvadı Nune Sarkisyanın sərvətini isə 1 milyon 780 min avro göstərilib. Görünən odur ki, artıq postsovet ölkələrinə militarist, şovinist insanlar yox, daha çox biznesmenlər gətirilir. Bunun bir neçə səbəbi var: burjuaziya sinfinə daxil olan bu insanlar millətçi təfəkkürdən uzaq, yalnız pul barədə fikirləşən, eyni zamanda, Qərbdən asılı insanlardır. Onların sərvətləri əsasən Qərb ölkələrində olduqlarından istənilən vaxt hesablarının dondurulması təhlükəsi bu insanları təkcə Rusiya ilə deyil, Qərblə də hesablamağa məcbur edir.

Doğrudur, Ermənistandakı siyasi sistem dəyişikliyi əsasən Rusiyanın üstün mövqeyini qoruyub saxlayır. Çünki yeni prezident, Qərbdə yaxın əlaqələri olsa da, əsaslı səlahiyyətlərə malik olmayan, hətta simvolik şəxs olacaq. O, əsas iki sahədə - müdafiə və xarici siyasət məsələlərində söz sahibi olmaq hüququndan tam məhrum edilib. Silahlı qüvvələr artıq prezidentə yox, müdafiə nazirinə tabe olacaq. Müharibə dövründə Ali Baş komandan isə baş nazir özü olacaq.

Hazırda və yaxın gələcəkdə Ermənistanda rusiyayönümlü qüvvələr əsas söz sahibi olaraq qalacaqlar. Bu, regional proseslərə və Qarabağ məsələsinə də öz birbaşa təsirini göstərəcək. Lakin ölkənin siyasi sistemi dəyişibsə, bir gün oyunçular da yerini dəyişə bilər və simvolik olaraq rusiyapərəst şəxs prezident, qərbpərəst şəxs baş nazir ola bilər. Məhz belə olarsa bu, 300 illik ənənəvi Rusiya təsirinin aradan qaldırılması və əsl “yuxarıdan inqilab” olar.



Nəzakət Məmmədova
AzVision.az



Teqlər: #Ermənistan   #Sarkisyan  





Xəbər lenti