Aftafa görməmiş zatların tualet radikalizmi

Aftafa görməmiş zatların tualet radikalizmi
  07 Mart 2018    Oxunub:20409
- Uy daaa, tualetə bax, içində güzgüsü də var!.. Ay daaa, hələ buna baxın: əlini uzadırsan, sabun gəlir!.. Özü də pılsızdır e bu, ay Azərbaycan xalqı, pılsız, pılsız... Vauu!! Bu tualet bizim ölkəmizdən daha çox inkişaf edib ki...
...Azərbaycanda hakimiyyətə qarşı mübarizə əvvəlcə meydanlarda başlamışdı, sonra getdikcə deqradasiya edərək, media səhifələri, ardınca partiya dəhlizlərilə məhdudlaşdı, indi isə tualet səviyyəsinə enib. Ömründə normal ayaqyolu görmədiyi üçün, gedib Avropada kəşf etdiyi tualetdən ekstaza gələrək, heyran-heyran danışan adamlar indi siyasi radikalizmin avanqardı olublar. Estafet aftafa görməmiş zatların əlinə verilib.



Qarşımızda milli siyasi radikalizmin dəhşətli deqradasiyası nəticəsində meydana çıxmış acı bir mənzərə var: Bir dəstə marginal Avropada tualetlərə girib, oradan canlı yayımlar edərək, bu yolla hakimiyyətə qarşı “mübarizə aparır”. Məkan tualet olduğu üçün, məzmun da formaya uyğundur: deyilən sözlərin hamısı qurşaqdan aşağıdır, fikirlər isə sanki yuxarı yox, aşağı yarımkürələrdən çıxıb. Aşağıdır, hər şey çox aşağıdır, aşağıdandır, aşağıyadır. Oturub normal bir yazı yazmaq iqtidarında olmayanlar tualetlərə girib, videolar çəkərək, bir sözü 40 dəfə təkrarlaya-təkrarlaya özləri kimi KÜTləyə xitab edirlər.

Lap əvvəl, hələ müstəqillik hərəkatı yeni başlayanda ortada olan ilk müxalifətin fəalları kitabxanalardan çıxmışdılar. Onlardan sonra gələn ikinci nəsil müxaliflər artıq başqa xanada – çayxanalarda formalaşmışdı. İndiki, tualetlərdə alətlərini əllərinə alıb videolar çəkən, sosial şəbəkələrdə aqressiya püskürən radikallar nəsli isə tənəzzülün növbəti dayanacağı kimi lap axırıncı xanalarda yetişiblər. Ona görə də danışdıqları ifadələrin də hamısı Lap Axırıncı Xana leksikonudur. Qınamağın yeri yoxdur: onlar başqa leksikonla sadəcə, tanış deyillər.

Bu uşaqların məşğul olduğu iş siyasət deyil. Onların heç bir ideologiyası, hədəfləri, strukturu, planları yoxdur. Ortada sadəcə, ilk baxışdan məqsədsiz görünən təhqir var. Bu, məişət prizmasından yanaşanda qisasçılıq, psixoloji nöqteyi-nəzərdən sosiopatiya, hüquqi baxımdan xuliqanlıq, əxlaqi baxımdan isə sadəcə, tərbiyəsizlikdir. Amma işin bir də siyasi-fəlsəfi tərəfi də var ki, bu məqam xüsusi maraq doğurur.

Nə istəyirlər onlar? Yəni bu dəstənin Avropada daldalanıb, söyüş söyməklə çatmaq istədiyi məqsəd nədir? Hakimiyyəti istefaya göndərmək? Radikalların istədiyi kimi populist “islahatlar” aparmağa məcbur etmək?! Belə olmur axı... Dünyada hakimiyyət institutu yaradılandan ta bugünə kimi söyüşlə heç bir iqtidar dəyişdirilməyib. Nə qədər savadsız olsalar da, yəqin, tualet radikalları özləri də bunu anlamamış deyillər. Elə isə nədir bu etdiklərinin məramı və anlamı?

İzn verin, bu yerdə sizi “Blasfemiya” termini ilə tanış edim. Blasfemiya - əslində tarixən dinə qarşı işlədilmiş bir taktika olub, amma sonradan siyasətə də gətirilib. Blasfemiyada məqsəd müqəddəs, toxunulmaz sayılan şeylərə qəsdən, nümayişkaranə şəkildə toxunmaqdır. Toxunursan və göstərirsən ki, buyurun, sizin müqəddəs sayıb, qorxduğunuz, çəkindiyiniz şeylər heç də o cür deyilmiş. Nəticədə oturuşmuş dəyərlər sisteminin demontajı prosesinin əsası qoyulmuş olur.

Məsələn, Qərb kinosunda İsa Məsihi hər cür səhnələrdə göstərə bilirlər, amma eyni şeyi müsəlmanların peyğəmbərilə bağlı etsən, nələrin və kimlərin baş verəcəklərini təsəvvürə gətirmək çətin deyil. Niyə? Çünki Xristianlığa və İsaya qarşı uzun müddət ərzində blasfemiya həyata keçirilib, nəticədə onun “toxunulmaz” statusu mənəvi dəyər olmaqdan çıxarılıb. Şərqdə isə bu dəyərlər hələ də sakral mahiyyət daşıyır.

Blasfemiyanın bir də siyasi variantı var. Onun nəticəsidir ki, bu gün Qərb dövlətlərində məsələn, dövlət rəhbərlərinin statusları dəyərdir, fərdiyyətləri isə yox. Siyasi sistemlərin mövcudluğunun və işləkliyinin təmin olunmasında rəhbər mövqelərdəki insanların şəxsiyyəti heç bir rol oynamır. Dövlətə patriarxal təfəkkürlə yanaşan klassik şərqli düşüncəsində belə deyil, burada rəhbərin şəxsiyyətində bir sakrallıq, toxunulmazlıq olmalıdır. Avropadakı tualet müxalifətini təşkilatlandıran hiyləgər mərkəz, görünür, məhz bu nöqtədən vurmağı qərara alıb. Hər halda, bu ideya tualetdə maye sabun gördüyünə görə ekstaz keçirən beynin məhsulu ola bilməz.

Kifayət qədər hiyləgər plandır. İllərdir çalışsa da, Azərbaycanın daxilində radikalizmi gücləndirə bilməyən qüvvələr internetin yaratdığı mühitin imkanlarından istifadə etməklə, bu niyyətlərini virtual olaraq Azərbaycanın informasiya məkanında, amma coğrafi mənada ölkədən kənarda reallaşdırdılar. Nəticədə Azərbaycanın siyasi tarixində “miqrantların söyüş radikalizmi” adlandıra biləcəyimiz yeni bir fenomen formalaşdı.

Bu işlərin ən qorxulu tərəfi heç də siyasi blasfemiya deyil. Tutalım, hakimiyyətə əks tərəfdə duranların hamısı özü üçün kəşf edəcək ki, sən demə, iqtidarı söymək də olarmış... Sonra? Sonrası odur ki, hakimiyyətin nəhəng sosial bazasının olduğunu nəzərə alsaq, hər bir söyüşə əks söyüş də hər zaman səslənə bilər. Bu halda “qazanılan” yalnız o olacaq ki, ölkə siyasətində əxlaqsız leksikon standarta çevriləcək, etik normalar isə tamamilə aradan qalxacaq. Başqa sözlə, tualet radikalları öz əllərilə, daha doğrusu, dillərilə söyüş cəhənnəmi yaratmış olacaqlar. Konkret və məhz hakimiyyətə isə bundan heç nə olmayacaq; Nitsşenin məşhur fikrini vəziyyətə uyğun interpretasiya etsək, hakimiyyəti dəyişməyən hər bir hücum onu daha da möhkəmləndirir.

Qorxulu olan başqa şeydir: bu tualet radikalları Azərbaycana qarşı qurulan hiyləgər planda iştirak edib, məşhurlaşdıqca, yeni növ radikalizmin simalarına çevrildikcə, özləri də anlamadan böyük oyunlarda qurban verilən piyadalara da dönə bilərlər axı. Məsələn, bu oyunu quran qüvvələrdən hansısa biri, tutaq ki, elə konkret erməni kəşfiyyatı sabah Azərbaycanın üstünə daha ağır informasiya hücumuna keçmək istəsə, sadəcə, həmin bədbəxtlərdən birini aradan götürmələri kifayətdir. Bunu çırtma çalmaq qədər asanlıqla edərlər, çünki fiqur olaraq tualet radikallarının heç bir dəyəri yoxdur, qrant konveyerelərində onlardan dəstə-dəstə yetişdirmək olar. Sonra isə rəqibə “mat” elan etmək üçün piyadalarından birini asanlıqla qurban verməklə, şübhələri Azərbaycanın üstünə yönəldə bilərlər. Bax, bu, həqiqətən qorxuludur.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #Radikalizm   #Mühacirlər   #Söyüş   #Blasfemiya  





Xəbər lenti