Mitinqdə nə qədər adam vardı? Radikallar üçün həndəsə dərsi

Mitinqdə nə qədər adam vardı? Radikallar üçün həndəsə dərsi
  10 Mart 2018    Oxunub:27684
Hər dəfə mitinqdən sonra “Məhsul” stadionuna nə qədər adamın gəldiyi haqqında spekulyativ söz-söhbətlər başlayır. Müxaliflər qəsdən insanları olduğundan çox göstərməyə çalışırlar. Bu cür mübahisələrə son qoymaq üçün AzVision.az kiçik bir hesablama aparıb.
“Məhsul” stadionunun uzunluğu 90, eni 55 metrdir. Ümumi sahəsi 4950 kv. metr edir. Aksiya iştirakçıları onun heç yarısını da doldura bilmirlər, ən yaxşı halda sxemdə ştrixlərlə göstərilən sahə adamla dolur.

Stadionun ərazisini sxemdəki kimi şərti kvadratlara bölsək, bir kvadratın sahəsi təxminən 22 kv.m olacaq. Mitinqə gələnlər haradasa 54 şərti kvadratı əhatə edən ərazini tuturlar. Belə olduğunu bütün şəkillərdə görmək mümkündür. Bu, 22*54 = 1188 kv.m edir. Bir qədər çox, bir qədər az ola bilər. Bunu sonda nəzərə alacağıq.

Hər kvadmetrdə nə qədər adam yerləşir? Meydana toplaşanların sıxlığı yekcins deyil, bəzi yerlərdə çox, bəzi yerlərdə az olur. Üstəlik, ortada - ən sıx yerdə olan yekə bayraq xeyli insanın yerini tutur.

Amma yenə də, orta hesabla şərti olaraq ən sıx yerdə - tribunanın düz qarşısında 1 kv. metrdə 2 adamın olduğunu qəbul edək. Bundan da çox olması üçün onlar qucaqlaşmalıdırlar. Nisbətən orta hissələrdə hər kvadrat metrdə 1 adam olur. Stadionun məskun qisminin bir qədər periferiyasına doğru ən yaxşı halda təxminən hər 2-3 kvadrat metrdə bir nəfər yerləşir. Ona görə də, orta sıxlıq kimi, 1 kvadrat metrdə 1.5 adamın (əlbəttə, yarım adam anlayışı olmur, söhbət riyazi ortadan gedir!) yerləşdiyini qəbul etsək, bu, 1782 adam edir.

Hesabatlardakı bəzi xətaları nəzərə almaqla, bu rəqəmin 1700-1800 arasında olduğunu deyə bilərik. Ondan o yana hətta xətaları nəzərə alanda belə, mümkün deyil. Hələ bu 1800 rəqəmindən də media mənsublarını çıxmaq lazımdır ki, onların da sayı təxminən 150-200 nəfərdir. Bir də adamların ən sıx yerində xalça kimi üfiqi vəziyyətdə tutulmuş bayrağı... Axı onu xalça kimi tutmaq yox, qaldırmaq da olardı...

Qısası, mübahisə etmək lazım deyil: Riyaziyyat heç vaxt aldatmır. Həndəsənin dediyi həmişə düzdür. Həmin düz isə bundan ibarətdir: meydanda jurnalistləri də nəzərə almaqla, təxminən 1800 nəfər ola bilər. Heç bir halda bundan artıq deyil.

AzVision.az



Teqlər: Mitinq   Milli-şura   Radikallar  





Xəbər lenti