AntiAzərbaycan landromatı: manipulyasiya, Overton pəncərəsi və satılmışlar

AntiAzərbaycan landromatı: manipulyasiya, Overton pəncərəsi və satılmışlar
  27 Mart 2018    Oxunub:5583
Sənan Nəcəfov

(II yazı)

Biz mətbuat azadlığı əldə edə bildik. Lakin insanların azadlığını mətbuatın qəsdlərindən qoruya bilmədik
(Mark Tven)


Həqiqətin qorxunc üzü

Həyatı məcaralarla dolu bir nəfər ömrünü həqiqət axtarışına sərf edir. Şərqdən qərbə, quzeydən güneyə gəzir, nəticə olmur. Nəhayət, səfərlərinin birində Qədim Şərqdə az tanınan bir məmləkətdə uçuq-sökük bir məbədə gəlib çıxır. Məbəddə olan qoca kahin ona “həqiqət”in məhz burada olduğunu deyir və onu üstünə qara örtük atlmış bir heykəlin yanına gətirir. “Budur, o sənin qarşındadır”. Axtarışda olan kişi səbirsizliklə örtüyü aşağı çəkir və qarşısında dəhşətli, bədheybət, qorxulu bir çöhrə görür. Qorxu içində geri çəkilir: “Bu nədir? Belə həqiqət ola bilməz!”- deyir. Bu zaman həmin eybəcər simadan səs gəlir: “Elədir, bu mənəm, Həqiqətəm”. “Sən çox qorxulusan. Mən sənin kimi idbar sima heç vaxt görməmişəm. İndi mən insanlara həqiqət haqqında necə danışım? Kim mənə inanar?”-deyən həqiqət axtarışında olan şəxsə həmin idbar sima deyir:
Sən onlara yalan söylə, inanacaqlar!

***

Ötən yazıda qeyd etdik ki, əgər klassik müharibələrin hədəfi düşmənin fiziki məhvidirsə, informasiya müharibəsinin hədəfi müxtəlif manipulyasiya metodları ilə rəqibi mənəvi məhv etməkdir. Burada Qarabağ müharibəsində silahsız Azərbaycanın mübarizəsini, Ramil Səfərov məsələsini, Avropa oyunlarını, Avroviziya yarışmasını, bir müddət rekord olaraq qeydə alınan dünyanın ən hündür Bayraq Sütunu haqda deyilənləri xatırlatmaq yerinə düşər. Qarşı tərəfi natamamlıq və milli-mənəvi dəyərlər sayğısızlığına inandırmaq- manupulyativ proqramların nəticəsidir

Təsirli manipulyasiyada kütlə, böyük informasiya təsirinə məruz qalır. Kütlə, xüsusi hazırlanmış informasiyalara, KİV materiallarına və ya sosial şəbəkələrdəki informasiya axınına aydın düşüncə və ruhla müqavimət göstərə bilmir. Beləcə ictimai əhval-ruhiyyənin məqsədli dəyişməsi manipulyativ proqramların reallaşması üçün imkanlar pəncərəsi açır. Ötən yazıda qeyd etdiyimiz informasiya müharibəsi zamanı qarşıya qoyulan məqsədləri təkrarlayaq.

İnformasiya müharibəsi zamanı aşağıdakı məsələlər qarşıya qoyulur:
• Siyasi müxalifəti, dissidentləri, marqinalları, etnik, dini və digər fərqlilikləri dəstəkləmək
• Ölkə rəhbərliyinə, Polis və Orduya inamı azaltmaq, bu təbəqəni xalq əlehinə işləməkdə qınamaq, milli məsələlərin həllində bacarıqsızlıqlarını göstərmək
• Cəmiyyətin mənəvi-dini dəyərlərini sarsıtmaq, milli və etnik qarşıdurmaya səbəb olacaq addımlar atmaq, terrorçuların və separatçıların dəstəklənməsi
• Dövlətin iqtisadi və siyasi stabilliyinə inamı azaltmaq, kütlə düşüncəsinə süstlük, inamsızlıq, ruhsuzluq, solğun əhval-ruhyyə yeritmək
• əxlaq pozğunluğu, əyyaşlıq, narkomaniya, iyrənclik, səfillik, sinizm və nihilizm formalaşdırmaq
• gəncliyin mənəvi-psixoloji dayanıqlığını sarsıtmaq, düşünməyə imkan verməmək, hərbi xidmətdən yayınmasını stimullaşdırmaq, fərariliyə çağırış, dövlətə və vətənə xəyanəti “qəhrəmanlıq” kimi qələmə vermək
• Ordunun döyüş qabiliyyətini aşağılamaq, döyüş texnikalarımızın nasazlığını qabartmaq, rəqib ordusu haqda təriflər yağdırmaq
• Panika yaradacaq yalan informasiya yaymaq
Bəs bunları tətbiq etmək üçün nələrə əl atılır? Bu haqda danışaq.

Kütlə şüuru ilə manipulyasiya


Manipulyasiya insan şüuruna təsir göstərməklə idarə etməyə söykənən, fərdin şüuraltında, fikirlərində, istəklərində dəyişikliklər yaranmasına səbəb ola bilən psixoloji təsir mexanizmidir. Manipulyasiya sosial-psixoloji fenomen olaraq fərdlərin aldadıcı, zorakı, amma gizli taktikası nəticəsində insanın dərketmə qabiliyyətini, şüurunu, düşüncə tərzini və davranışını təmamilə dəyişmə gücünə malikdir. Manipulyasiya zamanı, manipulyator individiuma kənardan elə ustalıqla, hiss olunmadan, nəzərə çarpmadan təsir göstərir ki, o, fərdin həyat fəaliyyətini öz istədiyi istiqamətə yönəldə bilir.

Kütlə şüuru ilə manipulyasiya isə kütlə şüuruna təsirlə kütləni idarəetmə metodudur. Bu zaman kütlə üçün xüsusi hazırlanmış informasiya hücumundan yararlanılır. Kütlə şüuru ilə manipulyasiya zamanı ardıcıl manipulyasiya elementlərinin tətbiqi ilə idarəolunan kütlə formalaşdırılır. Bununla da kütlədə hakmiyət orqanları haqda həqiqətin(faktın) manipulyatora uyğun istiqamətdə döndərilməsi ilə leqitim və ya qeyri-leqtim obraz yaradılır. İstiqaməti yönləndirmək üçün istifadə olunan sehirli çubuq: obyektə ünvanlanan, onun hərəkət və düşüncəsini dəyişəcək gizli-sehirli məlumatdır. Tam aydın olması üçün bu mənzərəni gözönünə gətirə bilərik: Xərçəng xəstələrində hüceyrəyə düşən virusun fəaliyyəti…

Manipulyasiya –təkcə gizli təsir deyil, bu həm də yoldan çıxarmadır. Manipulyatorun məqsədi obyektin seçim hüququnu əlindən almaqdır. Tənqidi yanaşmaq bacarığını heçə endirmək, düşünməyinə mane olmaq, kənardan təqdim olunanı yeganə mümkün- alternativsiz variant kimi qəbul etdirmək. Bu seçim azad və şüurlu seçim olmur, elə bu səbəbdən kənar təsir kütləni düşüncəsindən kənar idarə olunmasına şərait yaradır.
İndiki dövrdə manipulyasiya texnolgoyaları xaos nəzəriyyəsinə əsaslanır. Vətəndaş cəmiyyəti ilə manipulyasiya etməklə dövlət və ictimai institutların delegitimasiyasına nail olunur. Əksər hallarda ölkə əhalisinin böyük hissəsi informasiya təsirinin qurbanı olurlar. Bu zaman yayılan məlumatın həqiqiliyinə zərrə qədər də şübhə yaranmır. İctimai əhval-ruhiyə, düşüncə və şüurun dəyişdirilməsi manipulyasiya proqramlarının həyata keçirilməsi üçün imkanlar meydanı yaradır (Overton Pəncəsəri haqda az sonra danışacağıq). Yekun olaraq manipulyasiya metodlarından bəzilərini sadalayaq.
Beləliklə, hansı yollarla aparılır?

1. Təsir-təlqin. Bu zaman infomasiyanı yayan mənbə auditoriyanın inamını qazanır. Publika suqqestiv (təlqinedici) vəziyyətə gətirilir, oxucu, dinləyici, tamaşaçı heç bir təsdiqləyici fakt istəmədən hər şeyi real fakt kimi qəbul edir. Bu metod bütün dinlərdə tətbiq olunur: Düşünmək lazım deyil, inanmaq lazımdır.
2. Real mənzərənin süni ləkələnməsi, ziddiyətli, qeyri- dəqiq, qabaqcadan hazırlanmış informasiyanın çatdırılması.
3. Fərdə aid faktın ümumiyə daşınması, sistemə aid edilməsi
4. Şayiə, uydurmadan istifadə
5. “Meyit lazımdır” metodu- emosional zombiləşdirmə.
6. Bir faktın gizlədilib, digərlərinin qabardılması
7. Xırdalama metodu
8. Sonsuz təkrarlama və ya Gebbels metodu
9. Tamamilə yalan metodu.
10. Yalançı hadisələrin, mistik obrazların formalaşdırılması.
11. Faktların cəlbedici şüaurlarla dəyişdirlməsi «Azadlıq, Bərabərlik, Qardaşlıq”
12. Uyğunsuzluq metodu: obyektin düşüncələrinə zidd alternativ fakt, dəyər və ideyaların irəli sürülməsi. (Qramşinin molekulyar inqilab konsepsiyası)

***

Bizans imperatoru Yustinian Rinotmetin “Mənə düşmənlərimin başını gətirənlərə qızıl verəcəm” sözlərindən sonra Konstantinopol əhalisi davranışı ilə tarixə düşdü. Yəni Konstantinopolda pul üçün atasını öldürən oğullar, övladlarını qətlə yetirən analar saray qarşısında ucsuz-bucaqsız növbələr yaratmışdı.

***

Artıq ikinci yazıdır ki, informasiya müharibəsi, kütlə şüuru ilə manipulyasiya, insanlara təsir haqda məlumatlar verir, lakin bunlardan necə qorunmaq haqda bir kəlmə də yazmırıq. Yazacağıq təbii ki. Amma hələ vaxtı deyil. Ona görə ki, ən müasir metodlarla kütlə düşüncəsinə salınan virusun “hüceyrəni” necə dağıtmasının tam, dolğun izahını verməmişik. Bu tablonu çəkək, oxucu situasiyanın qəlizliyini anlasın və düşünüb, dərk etməyə hazır olsun, yalnız bundan sonra əks-tətbiq metodlarına keçərik.

Yazının bu hissəsində kütlə şüuru ilə manipulyasiyanın necə həyata keçirildiyini açıq-aydın göstərən bir metodikadan danışacağıq. Bu metod qeyd etdiklərimizi təsdiqləyəcək nadir imkanlardandır.

İndi siz, fərd olaraq, cəmiyyət olaraq, xalq olaraq heç vaxt qəbul etməyəcəyimiz bir ideyanı düşünün. Təkrar edirik: heç vaxt qəbul etməyəcəyimiz bir ideya. Bu ideyanın – qəbulu təsəvvürdə belə mümkün olmayan bir ideyanın, zaman keçdikcə bizə bərbəzəkli məcməyidə “yedizdirilməsi” texnikası ilə tanış olaq. Mətbuatda Overton Pəncərəsi haqda yazılarda hannibalizm, evtanaziya, insest, eynicinslilərin nikahını misal gətirib, həmin xətt üzrə izah edilib.

***

Jozef P. Overton “Mackinac Center” ictimai siyasət mərkəzinin birinci vitse-prezidenti olub. Təyyarə qəzasında həyatını itirən bu şəxs, ictimai rəydə problem haqqında təsəvvürlərin dəyişməsi modelinin təsvirini verib. Jozef Overtonu bu metoda görə söymək, qarğış etmək lazım deyil, bu insan yalnız və yalnız metodun mahiyyətini izah edib, yəni bizə bu barədə informasiya verib ki, nələrin iştirakçısı və şahidiyik. Ölümündən sonra onun şərəfinə adlanan bu metodda söhbət nədən gedir?

Jozef Overtonun qənaətinə görə, cəmiyyətə tamamilə yad ideyalar müəyən texnologiyalar vasitəsilə “təmizlənib” kütləyə təqdim etmək, yekunda qanuniləşdirmək mümkündür. Təbii ki, proses sürətli və asan başa gəlmir və öz-özlüyündə, tək beyinlərin yuyulması deyil, daha incə texnologiyadır. Əslində,

Kütləvi məhvetmə texnologiyasıdır, hədəfi bütöv cəmiyyətdir

Yaxşı, necə olur ki, şüurla bağlı manipulyasiyaların köməyi ilə əxlaqsızlıq həyat normasına çevrilir?
Doğrudurmu ki, biz azad cəmiyyətdə yaşayırıq? Demək bizim üçün müzakirəsi qadağan olunmuş mövzular ola bilməz. İnsan haqlarından, hüquq bərabərliyindən danışmırıq? Demək insan nə addım atırsa, atsın, hüququn aliliyini əsas götürüb, addım atmalıyıq, elə deyil? Ay sağ olun. Elədirsə, Vətənə xəyanət etmiş, onlarla soydaşımızın qətlinə səbəb olmuş (istəyir Ermənistan xüsusi xidmət orqanları tərəfindən verbovka olunsun, istəyir Burkino-Faso dini cərəyanlarındna biri tərəfindən, fərqi yoxdur) insanı qanunların aliliyi əsas götürülərək mühakimə edilməlidir. Bu zaman leyla yunus təhər biri çıxıb onların hüquqlarını müdafiə edib, “siyasi məhbus” adı ilə AŞPA və digər beynəlxalq qurumlara təqdim edəndə səsimizi çıxarmamlıyıq. Necə deyərlər, öz cəzandır, çək Balaş! Bu heç.

İndi
Overton Pəncərəsinin mərhələlərlə tətbiqi
sxeminə baxaq.

Bu cür yasaq əməllərə nümunə kimi yuxarıda sadalananlardan birini göstərmək olar – hannibalizm, insest, evtanaziya və s. Bu mövzular cəmiyyət üçün iyrənc və yolverilməzdir. Onların mətbuatda və ya digər yerlərdə müzakirəsi isə daha da arzulanmazdır. Doğrudur? Nə qədər narazı olsaq da, qışqırıb-bağırsq da, redaksiyalara hücuma keçib, yumurta atəşinə tutsaq da bu baş verəcək. Axı dedik, biz söz azadlığına, demokratik dəyərlərə önəm veririk. Elədirsə, niyə hansısa başıpozuq, öyrədilmiş şəxs, nüfuz agenti, satılmış blogger bu mövzunu media və ya sosial şəbəkələrdə müzakirəyə çıxarmasın? Nədən bu mövzuların öyrənilməsi üçün elmi konfrans və ya simpozium təşkil olunmasın?! Niyə öyrədilmiş, proqramlaşdırılmış ekspertlər fikir bildirməsinlər? Maşallah, bizdə adının önünə “politoloq”, “psixoloq”, zooloq, daha nə bilim nə “oloq” qoymuş ekspertlər vaqonla. Onlar üçün ümumiyyətlə, müzakirəsi qadağan mövzu olmamalıdır. Demək, “pəncərə” artıq bir qədər aralandı.

Daha sonra adıçəkilən iyrənclikləri dəstəkləyən “qrup” peyda olur. Bu cəmiyyət yalnız virtual olsa belə, əvvəldən hazırlanmış media (sosial şəbəkələr də) dərhal onları “görür” və qrupun bəyanatlarını dərc etməyə, yaymağa başlayır. Daha sonra, belə insanları və onlarla eyni mövqedə olanları ən radikal yollarla məhv etməyə çağıran insanlar “qrupu” yaranır. Sırf debat, reklam üçün. Maraqlıdır ki, bu cür “mühafizəkarlar” dərhal bədheybət, faşist, dini fanatik, geridə qalmış, qeyri-tolerant insan kimi təqdim olunurlar. Necə deyərlər, onların imici də belə formalaşdırılır, PR-ları belə aparılır. Məqsəd isə bu “vəhşi”, “qaniçənlərin” fonunda yenilik gətirənlər , əslində əxlaqsızlığı, pozğunluğu təbliğ edənlər günahsız fağırlar kimi görünürlər. “Pəncərə” bir qədər də aralandı və növbəti addım bu pozğunluqlara yeni, daha gözəl adın ortaya atılmasıdır. İntihar – “evtanaziya”, homoseksuallıq – “həmcins sevgi” və ya “gender problemi”, hannibalizm – “antropofagiya” və s. Beləliklə, qadağa bizim şüurlarımızda adiləşməyə, leqallaşmağa başlayır. Anti-reklam da reklamdır axı. Yeni ad kütlə psixologiyası üçün hər zaman maraq doğurur. Yeni adlar məsələnin mahiyyətindən uzaqlaşmaq, diqqəti yayındırmaq və onun mahiyyəti fərqli formada təqdim etmək mümkündür. “Pəncərə” isə aralanmaqda davam edir və artıq yolun yarısı qət olundu. Mövzular artıq geniş müzakirələrə çıxarılır, beləcə, təbliğat üçün imkan məqamı yetişir. Bu məqamda işə pop-mədəniyyət və yenidən media qoşulur. Müzakirələr tok-şoularda aparılır, populyar filmlərdə, mahnıların sözlərində, videokliplərdə ortaya çıxır.

Əxlaqsızlıqların leqallaşdırılmasına tərəfdar olanlara haqq qazandırılması üçün isə cinayətkarın müsbət simasının təbliğinə başlanılır, halbuki bu imic onun törətdiyi cinayətlərlə heç uyğun deyil. Mövzu “qızışdıqdan” sonra isə artıq onu populyar mövzu kateqoriyasından “aktual” kateqoriyasına keçirmək olar. Bu, “pəncərə”nin açılmasında son mərhələdir. Artıq qanunverici bazanın hazırlanması ilə prosesi başlaya bilər. Bu mərhələdə səhnəyə gizli “lobbiçilər” çıxır, ictimai rəy sorğuları aparılır, əksəriyyətin bu kimi halların leqallaşdırılmasına tərəfdar olduğu ortaya qoyulur.

Demokratiya, söz və mətbuat azadlığı deyil?

Kimə sübut edə bilərsən ki, sən elə düşünmürsən. Nə ilə izah edə bilərsən ki, o sorğulardan xəbərin yoxdur. Sən olmamısan, qonşun olub, iş yoldaşın, onun yaxını, o birinin tanışı. Bunlar da olmayıb? Onda hardandır dəstək bəyanatları, şərhlər, ekspert rəyləri? Beləliklə, bizə anladılır ki, nəyə icazə varsa, onun qadağan edilməsi mənasızdır. “Overton pəncərəsi” nəzəriyyəsinin iş prinsipi qısa olaraq, belədir. Bu prinsipdə əsas aşağı templə irəliləmə və ardıcıllıqdır. “Overton pəncərəsi”nin köməyilə nəinki müxtəlif cinsi və ya məişət pozuntularını, hətta ən müxtəlif dağıdıcı siyasi və sosial ideyaları leqallaşdırmaq, populyarlaşdırmaq olar. Ağlımıza gələn və ya gəlməyən.

Tam aydın olsun deyə, hamını təəccübləndirəcək bir mövzunu seçin: Dağlıq Qarabağa “müstəqillik” verilməsi! Şoka düşdünüz? Fikirləşirsiniz ki, absurddur, mümkün deyil və anti-millidir? Ay sağ olun, bax söhbət elə bundan gedir. Demək, təsəvvürümüzə gəlməyən mövzunu bizə təqdim edib, qulaqlarımızı dəng edib, yekunda reallaşdıra bilərlər.

Beləliklə bir daha kütlənin, cəmiyyətin qəbul etmədiyi ideyanı bizə necə “yedizdirdiklərinin” sxemini çəkək.
1-ci mərhələ: Əvvəl o qəbulolunmaz, tabu, iyrənc dəyər cəmiyyətdə hər hansı hadisə nəticəsində gündəmə gətirilir.
2-ci mərhələ: “Alimlər”, “ekspertlər” buna “rəy” verir.
3-cü mərhələ: Cəmiyyətdə aktiv müzakirəyə çıxarılır (lehinə və əleyhinə olmaqla),
4-cü mərhələ: “Nəticə çıxarılır ki”, niyə də yox?
5-ci mərhələ: Mövzu bu qanuniləşdirilir və ya normaya çevrilir.

Göründüyü kimi, “Overton pəncərəsi” şüurla manipulyasiya etmənin üsullarından biridir. Bu cür texnologiyalar sayəsində sağlam düşüncəli insanlar belə, ənənəvi mentallığın daşıyıcısı olmaqdan imtina edir, sanki başqaları tərəfindən idarə olunan robota çevrilirlər. Nəticədə, onların şüurları ilə manipulyasiya etmək elə də çətin olmur.

Təəssüf ki, belə üsullar onlarla, hətta yüzlərlədir. Onlar birdən-birə peyda olmur. Belə üsullar illərlə ən yaxşı psixoanalitiklərin, sosial psixoloqların və digər mütəxəssislərin köməyilə işlənib hazırlanır. Belə üsulların və təşəbbüslərin hazırlanması ilə də Tavistok İnsan Münasibətləri İnstitutu, Stenford Elmi Araşdırmalar İnstitutu, Massaçusets Texnologiya İnstitutunun Qrup Dinamikası Araşdırma Mərkəzi və s. məşğul olurlar. ( Bu məlumatların və yazının müəllifi Fuad Hilalova sonsuz təşəkkürümü çatdırıram-müəl.). Bu təşkilatların adları sizə tanış deyil ki? Beyin mərkəzləri, xaos mühəndisləri, inqilablar, iğtişaşlar, işğallar, silah satışı...
Beləliklə, F. Ruzveltin məşhur sitatını xatırladıram: “Siyasətdə heç nə boş-boşuna baş vermir. Əgər nəsə baş veribsə, demək ki belə də planlaşdırılıb”.

***

Tarixdən məlumdur ki, 2-ci Dünya Müharibəsində bir çox ölkədə təbliğat filmləri hazırlanırdı. Bu filmləri hazırlayan beyin mərkəzləri düşünürdülər ki, əhali, xüsusən də əsgərlər öz vətənləri uğrunda sonadək döyüşməli, lazım gəldikdə ölməyə belə hazır olmalıdılar. 40-cı illərdə ABŞ-da belə filmlərə külli miqdarda vəsait ayrılırdı. Lakin hərbi nazirlik bu vəsaitin nə fayda verdiyini dəqiqləşdirmək istəyirdi. Daha doğrusu müəyyən etmək istəyirdilər ki, təbliğat filmləri adi əsgərə necə təsir edir? Nəticə məyusedici oldu: filmlər əsgərlərə heç bir təsir göstərmir. Bəlkə filmlər effektli çəkilmirdi? Xeyr! Mütəxəssislər müəyyən edirlər ki, kütlə, seyrçi filmin təbliğat məqsədli olduğunu anladıqları üçün əhəmiyyət vermirlər.
Lakin mütəxəssislər bir müddətdən, daha dəqiq desək filmin nümayişindən 9 həftə sonra nəsə qeyri-adi dəyişikliklər baş verdiyini müşahidə edirlər. Psixiloqların növbəti yoxlamasında əsgərlərin müharibəyə münasibətində dəyişiklik qeydə alınır. Məlum olur ki, 9 həftə öncə filmə baxan əsgərlər, baxmayanlara nisbətən müharibəyə daha çox simpatiya bəsləməyə başlayırlar. Demək istər-istəməz təbliğat öz işini görür.

“Yatan adam” effekti

Alimlər sual qarşısında qalmışdılar. Onlar bilirdilər ki, təbliğatın təsiri radioaktiv substansiya kimi bir müddətdən sonra zəifləyir. Yəqin ki, sizlər də bu halla rastlaşmısınız: oxuduğunuz məqalə marağınızı cəlb edir və ilk anlarda heyrətlənirsiniz. Bir neçə həftədən sonra həmin hissin nə ilə bağlı olduğunu izah edə bilmirsiniz və az keçmir ki, tamam yaddan çıxardırsınız.

Qəribəsi budur ki, təbliğatla bağlı məsələdə hadisələr eynilə təkrarlanır, sadəcə əks istiqamətdə. Yəni, kiməsə təbliğat vasitəsilə təsir etdikdə onun marağı zaman keçdikcə zəifləmək əvəzinə, getdikcə artır. Səbəb? Amerika hərbi nazirliyinin araşdırmaçısı, psixoloq Karl Hovland bu fenomeni “sleeper effect” yani “yatan adam effekti” adlandırır. Bunu belə izah edirlər: hər hansı təbliğat işi dövriyyəyə buraxılanda mənbə haqda məlumat tez yaddan çıxdığı halda, söylənilən faktlar və arqumentlər əksinə yaddaşda uzunmüddətli qalır. Başqa sözlə: beyin məlumatın haradan gəldiyini yadda saxlamır, amma məlumatı, faktları yaddaşa uzunmüddətli köçürür.

ABŞ-da elə bir seçki olmur ki, rəqiblərdən biri haqda iyrənc reklam roliki yayılmasın. Lakin qanunların tələbi ilə filmin sonunda müəllif və sponsor haqda mütləq məlumat verilir. Seyrçi, seçici bilir ki, bu seçkiqabağı təbliğatdır və hər cür yalan, qara PR mümkündür. Lakin aparılan araşdırmalar zamanı müəyyən olunub ki, bu məqamda “yatan adam effekti” öz işini rahatlıqla görür. Xüsusən də qərarını verməmiş seçilər üçün. Yəni bu təbəqədən olan seçicilər bu məlumata daha tez inanırlar, araşdırmadan, dəqiqləşdirmədən (bunun səbəbini izah edəcəyik-müəl). Burada deyəcəyimiz, daha doğrusu təkrarlayacağımız odur ki, belə iyrənc kampaniayda məlumatı ötürən mənbə, pulu ödəyən yaddan çıxır, yalan, şər, böhtan isə ləkə kimi yaddaşlarda qalır. Necə deyərlər, sən çamur at, qarşı tərəf doğru olsa da onu təmizləməyə vaxt sərf edəcək və ləkə bir müddət qalacaq.

***

Michael Şermer “İnanan Beyin” adlı kitabında beyini bir inanc motoru olaraq görür. İnsanlar öncə inanır, sonra həqiqətlərə baxırlar. Təxminən belə izah olunur: duyğulardan gələn informasiyanı işləyən beyin, əvvəlcə ona bir qəlib kimi baxar, daha sonra bu qəlibə görə səbəb axtarar. Beynimizin nöqələri birləşdirərək yaratdığı bu qəliblər inanmağa meyillidir. Beyin bir dəfə inandığı şeyi sağlamlaşdırmaq üçün faktlar axtarırır. Buna Fransis Bekon belə yanaşıb: “İnsan bir dəfə bir görüşü (yanaşmanı, ideologiyanı) mənimsədisə hər şeyi bu görüşlə uyuşacaq, dəstəkləyəcək yönə çəkər. Yetərli sayda və ağırlıqda alternativ təklif olduqda bunları önəmsiz görür və laqeyidlik göstərər və ya başqa bir səbəblə bir kənara buraxıb, rədd edər.

***

İndi isə sosial şəbəkələrdə yayılan kaps, rəvayət və foto kollajları düşünün. Bu haqda misalları sonsuz sayda sadalaya bilərik. “Erməni kilsəsinə qaz veririk”, “bu ölkədə bir kişi var” və s. və. i. fikirlərinin necə təhrif olunduğunu adi istifadəçi görmür, çünki kütlə psixologiyasına təsir texnikalarından məharətlə istifadə olunub, Böyük Yalan nəzəriyyəsi öz işində, gözdənsalma kampaniyası ortada, beyin isə kənar informasiya axınına müqavimət göstərməkdə acizdir.

Həliksə yuxarıda qeyd olunan effekti faktla göstərmək üçün Azərbaycana qarşı aparılan bir iyrənc kampaniya barəsində danışaq.
Xatırlayırsınızsa, ötən il Britaniyanın “Guardian” dərgisində həmmüəllifi erməni əsilli jurnalist olan, uydurma məlumatları əsasında hazırlanan “Azərbaycan landromatı” adı altında “tədqiqat” yayıldı. Bu böhtan kampaniyasının müəllifləri “Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Tədqiqi üzrə Mərkəz” (OCCRP) adı altında birləşmiş jurnalistlər konqlomeratı idi. Bəli, özlərinin də etiraf etdiyi kimi əks-kəşfiyyat sızıntılarında ixtisaslaşmış “jurnalist” bandası. Biri də Azərbaycandan olan “nüfuz agenti” Xədicə İsmayılova idi.

Həmin yazı bəlli dairələr tərəfindən dövriyyəyə buraxılandan az sonra Xədicə İsmayılova 92 yaşlı şeytan Sorosun “Hazırkı zaman” nəşrinə müsahibəsində etiraf edirdi ki, bu “tədqiqat”da bir çox şeyləri dəqiqləşdirmək mümkün olmayıb və daha ciddi tədqiqat lazım idi. Təsəvvür edirsiniz, hansısa firmanın sürücüsünü tapmaqla öz adını müəlliflər sırasına, utanmadan, çəkinmədən yazan və peşəkar jurnalistikadan dəm vuran Xədicə İsmayılova aparılan tədqiqatın qeyri-təkmilliyi və sona çatdırılmaması barədə açıq etiraf edirdi. Elə isə bu tələm-tələsiklik, bu qaça-qaç nəyə və kimə lazım idi? Bu tələsiklik Mehman Əliyevin həbsi ilə bağlı idi, ya Prezident İlham Əliyevin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı böyük humanist jestini gözdən salmaq üçün idimi, ya həmin dövrlərdə yaranan və getdikcə daha böyük sürət yığan Azərbaycanla Qərb arasındakı pozitiv münasibətləri korlamaq məqsədilə edilirdi, ya bəlkə doğrudan da “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə növbəti müqavilənin imzalanması hansısa dövlətləri qıcıqlandırmışdı, və nəhayət, bəlkə az vaxtda Bakının artıq ikinci dəfə yüksək hərbi komandanlıq səviyyəsində Amerika-Rusiya danışıqları üçün ev yiyəsi olması idi, bəlli deyil hələ də.
Niyə iş adamları, lap elə götürək məmurlar qalmışdı bir tərəfdə, bu məsələlərə heç bir aidiyyatı olmayan Prezident hədəfə gətirilirdi, məhz onun fotosu antiAzərbaycan şəbəkəsinin mediasında mətləbə dəxli olmayan başlıqlı məqalələrdə verilməli idi?

Niyə məhz Prezident? Hansı məntiqlə?

Hörmətli oxucuların dəyərli vaxtını həmin böhtan, şər kampaniyasının vinti olan yazı ilə tanış etməklə ala bilmərik. Amma elə məqamlar var ki, qeyd etməsək olmur. Həmin saxta yazıdan 4-5 sitat gətirəcəyik. (Halbuki 21 təkzib olunmalı, aydınlıq gətirilməli, açıq-aşkar yalan danışılan məqam sadalaya bilərik-müəl.).

Sitat 1. “Bəzi pullar birbaşa Azərbaycan hökumətindən gəlib. Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi 9 milyon dollar köçürüblər. 29 milyon dolları Rusiyanın silah şirkəti Rosoboronoeksport göndərib.”
Bizim şərh: Nazirliklərin ehtiyacı olan texniki avadanlıq alınıbsa, burada vay-şivən qoparmalı, sensassiya yaratmalı nə var axı? Bu adi alqı-satqı, ticari əməliyyatdır. Güc strukturlarını adını çəkməklə, faktları şişirtməklə heç nədən “hərbi sahə”yə qarmaq atmaqda kimlər maraqlı ola bilər, sizcə?

Sitat 2. “Bu pul axının böyük bir hissəsinin son mənzili naməlumdur, lakin sənədlər milyonlarla dolların dünya boyunca müxtəlif şirkət və fərdlərin bank hesablarında oturduğunu göstərir”.
Bizim şərh: Bu artıq jurnalist araşdırması deyil, dedi-qodu, yalan və fərziyyə ilə şər atmaqdır. “O olub, bu olub”, “bizə elə gəlir ki”, “deyəsən belədir”, “məncə burada nəsə başqa cürdü” ifadələrini “haykanuşradio” istifadəçiləri edərlər, özünə hörmət edən jurnalist bunu yazıb adına tədqiqat qoymaz. Başqa bir sitat da eynilə göyə baxıb sabahın havasını proqnozlaşdırmaq kimi sayıqlamadır: “Danimarkanın Berlinske qəzetinə sızan bank sənədləri Azərbaycanın hakim elitasının bunda əli olmasına əsas verir”. Belə çox gülməli…

Sitat 3. Gələn pulların qalan yarısı əsasən Britaniyada proksi direktorlar və səhmdarlar tərəfindən yaradılan ofşor şirkətlərdən gəlib. Bu şirkətlər yüz milyonlarla dollar veriblər. Ancaq onların bəziləri pul da çıxarıb.
Bizim şərh Təkrar edirik “Yüz milyonlar, şirkətlər, bəziləri” araşdırma deyil. Konkret olun! Və bir də. Azərbaycanın burada iştirakı nədədir və qanun pozuntusu hardadır? Bir halda ki, vəsait Brtaniyada yaradılan şirkətdən gəlirsə, bizim adımız niyə hallanmalıdır?

Sitat 4. “Bu şirkətlərin həqiqi sahiblərinin kimliyi naməlumdur. Azərbaycanın pulyuyan maşınına pul qoyan və ya götürən şirkətlərin 33-ü Rusiyanın pulyuyan maşını haqda OCCRP-nin hesabatında da yer alıb. Həmin hesabata görə, Rusiyanın 20 milyard dolları Rusiya, Moldova, Latviya ərazilərində kütləvi əməliyyatlarla ofşora köçürülüb”.
Bizim şərh: Yenə də yalnış ünvan. Bunun Azərbaycana nə dəxli? Söz xatirinə, hesabatı qorxulu və təsirli etmək üçün başqa ölkələrdən gətirilən sitatların tədqiqat sahiblərinə nə başucalığı gətirdiyini oxucular qiymətləndirsinlər.

Sitat 5. “Azərbaycanın pulyuyan maşını haqda hesabatda isə deyilir ki, Baktelekomun köçürdüyü pulları hardan aldığı məlum deyil. Bunlar hökumətdən, Mərkəzi Bankdan və ya Beynəlxalq Bankdan alınan borclardır? – bilinmir.”
Bizim şərh Sadəcə gülməlidir. Bilinmirsə nə tədqiqatdır, tədqiqatdırsa niyə sonlandırılmayıb?

Sitat 6. “LCM Alliance LLP-nin Metastar-ın offisi isə Azadlıq prospektindəki ünvanında hələ də işləyir”
Bizim şərh: Dəhşətli faktdır. Burada sosial şəbəkələrin smaylikinin yeri var

Sitat 7. 2013-cü il oktyabrın 25-də Polux şirkətinin hesabından 660 min dollar məbləğində 7 köçürmə edilib. Hesabına pul köçürülənlərdən ikisi Avropa Birliyi lobbiçiləri olub.
Bizim şərh Lobbiçilikdir. Bundan niyə narahat olurlar? Hansı ölkədə lobbiçilik cinayət hesab olunur?

Təkrar edirik, belə yalnışlıq, uydurma və saxta ittihamlarla dolu 21 məqam sadalaya bilərik. Ortada nə qalır? Primitiv, başdansovdu, tələm-tələsik qarayaxma! Bir də suallar. Jurnalist Eynulla Fətullayev o vaxt cavab yazısında sualları dəqiq və konkret qoymuşdu:
• Nəyə görə Xədicənin və Nahapetyantsın başçılıq etdiyi jurnalist konqlomeratı digər avropalı siyasətçilərin Qarabağa cinayətkar səfərlərinin maliyyə mənbələrini araşdırmır?
• Karolina Koks, konqresmen Frenk Pallone, avrodeputatlar Fransua Roşbulan, Yaromir Ştetina, Tomas Rudi, Enrike Komninq, Holger Arppe və heç kimin tanımadığı separatçı kvazidövləti ziyarət edən başqaları hansı mənbələrdən maliyyələşir?
• Nə vaxtdan bəri avropalı vergi ödəyicilərinin pulları səhra komandirlərinin və yarıkriminal quruluşların ictimai dəstəklənməsi üçün sərf olunur? Korrupsiyanı və mütəşəkkil cinayətkarlığı araşdıran bu jurnalist mərkəzinə avrodeputatların kriminal səhra komandirləri ilə korporativ maraqlarını tədqiq etməyə nə mane olur?
• Niyə Sərkisyan ailəsinin qarışdığı səs-küylü qalmaqallar, korrusiya halları araşdırılmır?
• Niyə Rusiya mediası informasiya diversiyasının hədəfləri arasında “Rosoboroneksport” haqda yazılanları araşdırmır? Niyə Rusiya mətbuatı silah ixracı nəhənginin ticari əməliyyatlarına qara yaxmalıdır ki?
Suallar açıq qalıb. Bir daha qayıdaq qeyd etdiyimiz effektə. Təbliğat, informasiya müharibəsində insanları inandırmaq üçün istifadə olunan texnikalardan biri budur. Müəllif, sponsor qalır bir tərəfdə, yaddaşlardan silinir, əvəzində atdıqları çamur, böhtan qalır. Həmin ərəfədə sosial şəbəkələrdə bir qrup tərəfindən davamlı paylaşılan belə məlumatlarda başlıq olaraq “Azərbaycan Landromatı” və foto olaraq Prezidentin fotosu paylaşılırdı. ? Faktlardan biri də prezidentlə bağlı deyildi, bir ciddi səbəb yox, özlərinin dedikləri kimi tutarlı tədqiqata ehtiyac var, əvəzində ortada böyük ləkələmə kampaniyası. Paylaşanların 80%-i isə erməni istifdəçilər və Xədicə İsmayılovanın dostları idi. Məqsədi tutursunuz yəqin ki.

***

Deyilənə görə, məşhur nağıl yazarı danimarkalı Anderson qeyri-adi geyimi ilə hər zaman diqqət çəkib. Hətta nimdaş plaşı və əzik-üzük şlyapası bütün Kopenhagenə tanış imiş. Bir gün yazıçı küçədə gəzərkən, tanımadığı birisinin onu ələ salmaq məqsədilə dediyi “Siz başınızın üstündə gəzdirdiyiniz yararsız əşyanı şlyapa adlandırırsınız?” atmacasına Anderson belə cavab verir:
- Cənab, siz şlyapanızın altında gəzdirdiyiniz yararsız əşyanı baş adlandırırsınız?

Xədicə və satılmış digərlərinin menyusuna

Belə rəvayət edirlər ki, orta əsrlərdə bir qadın cadugərlikdə günahlandırılaraq hamının gözü qarşısında edama məhkum olunur. O dövlətin qanunlarına görə meydana yığışan bütün insanlar məhkumun günahkar olduğunu təsdiqləməliymiş, bir nəfər olsa belə bitərəf qalarmışsa, ya etiraz edərmişsə edam qərarı ləğv edilirmiş. Beləliklə kütlə edam meydanına toplaşır. Kütlədən gələn “cadugər”, “ifritə” sədalarının ardı-arası kəsilmir. Həmin tamaşada məhkum qadının oğlu da iştirak edirmiş. Oğlan sakit dayanıb anasına kömək üçün yollar arayırmış. Bu məqamda ekstazda olan kütlədən bir nəfər qadının oğlunu tanıyır və o, qışqırır: “Bu həmin qadının oğludur. Cadugərin oğlu, iblisdir. Onu da yandırsınlar”. Kütlə şüarı dəyişir: “Qadın və oğlu yandırılsın!”. Oğlunun da edam ediləcəyindən qorxan qadın qışqırır: Bu mənim oğlum deyil, o sadəcə sizin ağılsızlığınıza tamaşa etməyə gələn adi insandır”. Anasının bu sözləri oğlanı sanki yuxudan oyadır və o canını qutarmaq üçün qışqırır: “Cadugər!”

Beləliklə, edamı gecikdirəcək sonuncu maneə də aradan qalxır və qadını yandırırlar. Tonqal sönəndən sonra kütlə dağılışır, ortada tək oğul və ananın yanmış cəsədi qalır. Həmin şəhərdən baş götürüb gedən oğulu başqa diyarlarda da heç kim qəbul etmir. Təhqir olunur, söyülür, döyülür. Vaxt keçir, qadının günahsızlığı üzə çıxır, ona bəraət verirlər. Oğlu isə ömrünün sonuna qədər vicdan əzabı ilə yaşayır və hər yerdən qovulur.

“Mənə yalan üçün pul verirdilər”

Ötən yazımızın sonluğunda qeyd etdiyimiz bu başlıq oxucuların xüsusilə diqqətini cəlb edib. Hətta sosial şəbəkələrdə şübhə ilə sual edənlər də oldu. Gülməli idi. Əslində isə bu sözləri alman jurnalist deyib və onun açıqlaması uzun müddət Qərb gündəmini silkələyib. Azərbaycan oxucusu üçün bəlkə də o qədər də tanış deyil, amma Qərb və xüsusən Rusiya üçün “qəhrəmandır”. Tanınmış alman jurnalist Udo Ulfkottenin “Satılmış jurnalistlər” kitabı Snoudenin açıqlamalarından heç də geri qalmır, bəlkə də daha çox irəli gedib.

Biz öz növbəmizdə bu yazıda Qərbdə “satqın” hesab olunan Ulfkottenin kitabından sitatlar və müsahibələrindən bəzi fikirləri təqdim edirik.
Tanınmış jurnalist, Almaniyanın “Frankfurter Alqemayne Tsaytunq” redaktoru, Əfqanıstan, İordaniya, Misir və Səudiyyədə xüsusi müxbir, Helmut Kol hökumətinin məsləhətçisi, Adenauer Fondunun sədri, saysız-hesabsız beynəlxalq mükafat və adların sahibi Ulfkott 2014-cü ildə nəşr etdiyi kitabla öz başına gələnləri, “qara jurnalistika” təcrübəsini və hamının oxuduğu məşhur media ulduzlarının mahiyyətini açıqlığı ilə göstərdi. O, çəkinmədən bu oyunlarda iştirak edənlərin adlarını açıqlamaqla qələm dostlarını obyektivliyi və mənəviyyatı qorumağa çağırır, jurnalistikanı bu iyrənclikdən uzaq durmağa səsləyirdi. Jurnalist səmimi etiraf edir: “Mən yalan danışırdım, məlumat çatdırırdım, rüşvət alırdım və ictimaiyyətdən həqiqəti gizlədirdim. O şeyi ki, mən edirdim jurnalistika deyildi, xəyanət idi”. Bunu Asiyadan, Afrikadan, Özbəkistandan olan hansısa elmi araşdırmaçı, QHT sədri, jurnalist deyil, tanınmış Qərb qəzetlərindən birinin baş redaktoru deyirdi. Bəli, inkişaf etmiş Qərbin, söz azadlığı və demokratiya carçısı olan Qərbin jurnalisti! O Qərb ki, bəşəriyyəti mənəviyyatlı olmağa, inkişafa və sivilləşməyə çağırır. Bu ifadələr Ulfkott məxsusdur: “Dördüncü hakmiyyət” (bəzən onu KİV adlandırırlar) üzərində dünyanın ən güclü xüsusi xidmət orqanlarının, “dünya hakmiyyətinin” transatlantik qolunun, oliqarxların, şirkətlərin, bankların tam nəzarəti KİV-i faktiki dünyanın siyasi “beşinci kolonu edib”.

Kitab çıxan kimi təbii olaraq əks-hücum başladı. Kimlərsə tanınmış jurnalisti qeyri-peşəkarlıqda günahlandırdı, bəziləri yazdıqlarını mənasız “öz yığını” kimi qələmə verdi, digərləri isə “psixi xəstə” adlandırdılar. Halbuki o günə qədər hər şeyi gözəl anlayan, yaxşı qələmi olan, səliqəli, yüksək ixtisaslı ekspert, tapşırıqları yüksək səviyyədə yerinə yetirən jurnalist idi.

Udonun həyatı haqda çox danışmaq istəmirik. Bəlli olan odur ki, elə universitet illərində Almaniya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub, universiteti bitirən kimi tanınmış qəzetlərdən birində işlə təmin edilib. Beləliklə adi tələbənin böyük yaradıcılıq uğurları başlayıb. Yaxın və Orta Şərqin demək olar ki, bütün ölkələrində olub, Əfqanıstan, İran, İraqda xüsusi müxbir, hərbi reportyor kimi çalışıb. Özü etiraf edir ki, bu müddətdə BND (Almaniya məxfi idarəsi), MKİ, Mİ-6 (İngilitərə), Mossad-dan tapşırıqlar alıb.

Alman jurnalist əminliklə deyir ki, əgər hər hansı jurnalistdən cəsasuluğa görə şübhələnirlərsə, şübhələr əsaslıdır. O da əlavə edilib ki, əgər jurnalist xüsusi xidmət orqanları ilə əməkdşalıqdan imtina edirsə, o vəzifə və peşəkar fəaliyyətdə heç bir addım ata bilməz.

“Satınalınma sistemi demək olar ki, sirr deyil. İstənilən redaksiyada məqalə yazmaq üçün amerikan blankları olur. “Yaz, doldur və göndər. Vaşinqton tərəfindən maliyyələşən istənilən fond buna görə yaxşı qonorar ödəyər. Fondlardan isə Üçtərəfli Komissiya, Aspen İnstitutu, Marşal Fondu və digərlərini göstərmək olar. İlk vaxtlarda bu təşkilatlar istedadlı və perspektivli gənc jurnalistləri müəyyən edirlər. Daha sonra məlum cəlbetmə prosesi başlayır. Onlar hətta başqa ölkələrdən jurnalistləri dəvət edir, təlimatlandırır və yüksək miqdarda qonorar yazırlar. Qiymətli hədiyyələr, səfərlərin maliyyələşməsi, ABŞ-da bahalı otellərdə qalmaq adi haldır. Alman jurnalist bahalı hədiyyə aldığını, hətta bir dəfə Oklahoma ştatının qubernatoru tərəfindən “ştatın fəxri vətəndaşı” adına layiq görüldüyünü deyib.

Ulfkotte yazır ki, bir dəfə 2 BND əməkdaşı redaksiyaya gələrək bir məqaləni cümləbəcümlə, paraqraf-paraqraf diktə ediblər və yekunda redaktorun öz imzasının qoyulması tələb olunub. Məqalə Liviyada məxfi kimyəvi silah zavodunun mövcudluğu haqda imiş. İki gün sonra bütün tanınmış dünya xəbər agentlikləri bu məlumatı yayıblar. Bu məqalə ABŞ-ın Liviyaya qarşı hərbi müdaxiləsinə səbəb olub.

Və nəhayət, bir gün əsəblər dözməyib. Hər şeydən imtina edib. 2013-cü ildən başlayaraq bu yöndə yazılar və kitablar nəşr edir. Hərçənd Qərb mətbuatı Udonun Rusiya xüsusi xidmət orqanları tərəfindən “verbovka” olunduğunu iddia edirlər. Əslində onun rusiyameyilli açıqlamaları, məqalələri bunu deməyə əsas verir.

Bütün bunlara baxmayaraq, o, öz ölkəsini ABŞ-ın koloniyası sayır. Çünki ictimai rəyi formalaşdıran əksər qəzet və jurnallar, saytlar, TV kənardan diqtə ilə fəaliyyət göstərirlər. “Harada ki, söz azadlığı, vətəndaş hüquqları qorunmur, orada demokratiyadan danışmağa dəyməz. Almaniyada hazırda bunun şahidiyik”- alman jurnalist bu fikirdədir.

Əgər Snouden Amerika xüsusi xidmət orqanlarının dünyanın istənilən yerində total izləmə həyata keçirdiklərini deyirdisə, Ulfkotte dünya ictimaiyyətini zombiləşdirən və monipulyasiya edən “görünməz əli” ifşa edib.

Jurnalist iddia edir ki, Qərb öz təbliğatını həyata keçirmək üçün müxtəlif strategiya və taktikalardan istifadə edir. Bu təbliğat mismarları davamlı olaraq dünya ictimaiyyətinin beyninə korrupsiyaya uğramış, öz peşəsinin əlehinə gedən jurnalistlər tərəfindən vurulur.

Və nəhayət bu demarşa görə nə ilə “mükafatlandırıldı”? Əvvəlcə 3-4 cinayət işi qaldırılıb, polis azından 6 dəfə evində axtarış aparıb. Amma dövlətə xəyanət, dövlət sirrlərinin yayılması maddələri məhkəmədə sübut olunmayıb. 2008-ci ildə internetdə provakasiya məruz qalıb. Saxta profil yaradılaraq guya İslam dinini təhqir etdiyi deyilib. Fanatik islamçılar bu video müraciətə görə Udo və xanımını qətlə yetirməyə söz veriblər.
Başqa kimlər eyni aqibəti yaşayıblar?

…Pulitser mükafatçısı Qeri Uebb “İran-kontras” kitabını yazdığı üçün (MKİ agentlərinin ABŞ-a narkotik gətirmələri haqdadır) əvvəl çalışdığı “Mercury News” qəzetindən qovurlar, daha sonra bir dekabr gecəsində başına 2 dəfə (!) güllə sıxmaqla (yəqin özü yoxlama atəşi edirmiş) “intihar” edib…
…Daha bir müəmmalı “intihar” 2005-ci ildə “Rollinq Stoun” jurnalının təsisçisi və redaktoru Hanter Topmsonun başına gəlib. O, müsahibələrindən birində 11 sentyabr 2001-ci il hadisələrinə həsr olunmuş kitabı bitirdiyini elan etmişdi. Onun qənatinə görə həmin cinayətdə mısuliyyət MKİ və Buş hakimiyyyətinin üzərinə düşür.
…İntiharların qurbanları F.Marşall, M.Qastinqs və digər jurnalistlər olublar.
Hələlik Qərb mətbuatı Abraham Linkolnun məşhur sitatını təkzib etməklə məşğuldur. Linkoln deyirdi ki, “Xalqın bir hissəsini həmişə aldatmaq olar, bütün xalqı bir müddət aldatmaq olar, amma bütün xalqı hər zaman aldatmaq olmaz”.

Yuxarıda deyilənləri əsas gətirərək deyə bilərik ki, nə qədər ki, Xədicə İsmayılova kimi jurnalistlər, botlar, trollar var, bu yalan maşını bir müddət işləyəcək. Ulfkotte haqqında bu məqamı ona görə xatırlatdıq ki, öz dövlətinə qarşı işləyən, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlər bu hadisəyə diqqət yetirsələr yaxşı olar. Zaman gələcək vicdan baş qaldıracaq və bax, o zaman geriyə qayıdış mümkün olmayacaq. Aldığınız beynəlxalq mükafatlar, yüksək qonorarlar, xarici ölkələrdə “konfrans” adı ilə istirahətlər köməyə gəlməyəcək və geri istəniləcək. Təkrar edirik, vicdan baş qaldırarsa. Və təbii ki, bu hiss varsa…

(ardı var)




Teqlər:





Xəbər lenti