“Halo Trust”: Qarabağda siyasi minalar basdıran təşkilat – ARAŞDIRMA

“Halo Trust”: Qarabağda siyasi minalar basdıran təşkilat – ARAŞDIRMA
  05 Aprel 2018    Oxunub:7037
Bugünlərdə Dağlıq Qarabağda qeyri-qanuni fəaliyyət göstərən “Halo Trust” təşkilatının bir neçə üzvünün həlak olması barədə məlumat yayıldı. Onlar kimdirlər, Qarabağda nə axtarırlar, bu təşkilatın fəaliyyəti nədən ibarətdir, ərazilərimizdə hansı fəaliyyətlə məşul olurlar? Gəlin, bu suallara cavab tapmağa çalışaq.
Böyük Britaniyanın və ABŞ-ın nəzarətində olan “Halo Trust” adlı qeyri-hökumət təşkilatı rəsmi olaraq, mülki vətəndaşlara təhlükə yarada biləcək minaların və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi ilə məşğuldur. Amma əslində bu qurum heç də rəsmən bəyan etdiyi kimi, təkcə mina axtarmır, bəlkə də əksinə, siyasi mənada ərazilərimizə mina yerləşdirməklə məşğuldur.

HALO (Hazardous Area Life-Support Organization) sözünün mənası “təhlükəli zonalarda həyatın təminatı təşkilatı” deməkdir. Əsası 1988-ci ildə Britaniya parlamentinin üzvü və Britaniya ordusunun keçmiş polkovniki Kolin Kempbell Mitçell tərəfindən qoyulub. Təşkilat bir sıra məşhur insanları, tanınmış ictimai xadimləri öz fəaliyyətinin tanıdılmasına cəlb edə bilib. Məsələn, şahzadə Diana 1997-ci ilin yanvar ayında özünün piyadalar əleyhinə minaların istehsalının dayandırılması uğrunda qlobal kampaniyası zamanı “HALO Trust”la əməkdaşlıq etmişdi. O, Anqolaya səfəri zamanı “HALO Trust” emblemli zirehli gödəkçə geyinmişdi. Hazırda isə onun oğlu, Britaniya şahzadəsi Harri və məşhur Hollivud ulduzu Ancelina Coli təşkilatın fəaliyyətini dəstəkləyirlər. Məlumatlara görə, Britaniya şahzadəsi Harrinin ailə qurmaq istədiyi Kamilla Terlou adlı qadın “HALO Trust”ın ən fəal üzvlərindən biridir.



Təşkilatın maliyyələşmə mənbələri qismində ictimai və hökumət təşkilatları göstərilir. Hökumətlər sırasında ABŞ, Almaniya, Avstraliya, Belçika, Kanada, Finlandiya, İrlandiya, Yaponiya, Niderland, Yeni Zelandiya, Norveç, İsveçrə hökumətlərinin adları qeyd edilir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Müdafiə Departamentinin Humanitar Ofisi, Dövlət Departamentinin Siyasi-Hərbi İşlər Bürosu, Böyük Britaniyanın isə Xarici və Birlik Ofisi, Beynəlxalq İnkişaf Departamenti təşkilatın işinə yardım göstərirlər. Avropa Humanitar Yardım və Mülki Müdafiə Komissiyası, Avropa İnkişaf Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Mina Aksiya Xidməti (UNMAS), BMT-nin Layihə Xidmətləri Ofisi (UNOPS), BMT Mina Aksiya Koordinasiya Mərkəzi (UNMACC) təşkilatın donorları sırasındadırlar.

“HALO Trust” ilə əməkdaşlıq edən özəl fondlar və fərdlərə gəlincə, bura Yaponiya Yardım Assosiasiyası, “Sayrus Fondu”, “Dulverton Trust”, “Azadlıq Sahələri” (ABŞ), “Qold Ailə Fondu”, “Qreyps for Humanity” (Kanada), “Hans K. Rausing Trust”, “Jack Deloss” Xeyriyyə Fondu, “John and Cindy McCain” Fondu, “Coli-Pitt” Fondu, “Julia Burke Fondu”, “Qurbanlar Fondu”, “Reece Fondu”, “Seattle Fondu”, “Rotary International”ın ABŞ-dakı üzvləri, “Velton Ailə Fondu”, “Qreq və Liza Vendt” daxildir. Transmilli şirkətlərdən isə “Coca-Cola”, “Google Earth” və “Hewlett Packard” təşkilata dəstək verirlər.



“HALO Trust”ın 7 min nəfər minaaxtaranı var. Onun əməkdaşları Kamboca, Mozambik, Somali, Şri-Lanka, Eritreya, Abxaziya, Çeçenistan, Kosovo, Anqola, Əfqanıstan və Dağlıq Qarabağda fəaliyyət göstərirlər.

Təşkilat Rusiya xüsusi xidmət orqanlarının nəzər dairəsinə 1998-ci ildə düşmüşdü. Belə ki, firmanın həbs olunmuş çeçen funksionerləri məlumat vermişdilər ki, qurumun abxaz filialının əməkdaşları - iki Britaniya və bir nəfər Zimbabve vətəndaşı Çeçenistan ərazisində Rusiyaya qarşı təxribatlar hazırlamaqla məşğul olublar. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, 1997-ci ildən başlayaraq təşkilat Moskvanın icazəsi olmadan Çeçenistan ərazisinə gələrək, orada öz filiallarını açıb. Onlar hərbi-siyasi xarakterli kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olmuş və ərazilərin minalardan təmizlənməsi kursları adı altında çeçen yaraqlıları arasında mina-partlayış işi sahəsində 100-dən artıq mütəxəssis hazırlayıblar. Onların İçkeriyanın Milli Təhlükəsizlik Xidməti, eləcə də, Mashədov, Yandarbiyev, Gelayev, Barayev və digər komandirləri ilə sıx əlaqələrinin olması müəyyənləşdirilib.

2008-ci ilin avqust ayında RF Baş Qərargahı Silahlı Qüvvələrinin rəis müavini general-polkovnik Anatoli Noqovitsın “HALO Trust”ı gürcü partlayıcı-texnik mütəxəssislər hazırlamaqda ittiham etsə də, təşkilat bunu qəti şəkildə təkzib etmişdi.

Təşkilat 1995-1996-cı illərdən Dağlıq Qarabağda da qeyri-qanuni fəaliyyət göstərir. Bir müddət fəaliyyətinə fasilə verilsə də, 2000-ci ildən etibarən mütəmadi olaraq separatçı bölgədə işlər həyata keçirir. Həmin müddət ərzində 250 nəfər yerli sakin tam ştatlı işə qəbul olunub, 50 min mina zərərsizləşdirilib. Qurumun hesabatında göstərilir ki, bölgə mina partlayışlarının adambaşına düşən sayına görə dünyada ilk yerlərdən birini tutur.



Dağlıq Qarabağda mina təmizlənməsi xərclərinin əksər hissəsini hazırda ABŞ hökumətinin nəzdində olan Beynəlxalq İnkişaf Agentliyi ödəyir. Bundan başqa, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti (DFID) və Kaliforniyada yerləşən Culia Burk Fondu da təşkilatın Qarabağdakı fəliyyətinə yardım göstərməkdədirlər. Niderland Krallığının Xarici İşlər Nazirliyi 2001 və 2009-cu illərdə “HALO Trust”un separatçı bölgədəki fəaliyyətini maliyyələşdirib.

Əvvəlki dövrlərdə Dağlıq Qarabağda təşkilatın işini maliyyələşdirənlər “Grapes for Humanity”, “Mijnen Ruimen”, “Newman’s Own Foundation”, “Cooperative Bank”, Cafesjian” Ailə Fondu, “Howard” Ailə Fondu, “Qurbanlar Fondu”, “Anti Landmijn Stichting” təşkilatları oluşblar.

Təşkilatın hesabatına əsasən, indiyədək minalanmış sahələrin 80 faizi təmizlənib. Habelə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Dağlıq Qarabağın “sərhədləri” daxilindəki ərazilərin minalardan təmizlənməsini maliyyələşdirsə də, ətraf rayonlara maliyyə ayırmaq istəməməsi qeyd edilir.



ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Yerevan ofisindən bildirilib ki, 2016-cı ildə “HALO Trust”a ayrılmış 5 milyon dollar sayəsində Dağlıq Qarabağ tamamilə minalardan təmizlənəcək. 2010-cu ildə separatçı qurumun rəhbəri Bako Saakyan təşkilatın Qarabağda fəaliyyətinin 10 illiyi münasibətilə onları mükafatla təltif edib. Separatçı rejimin rəhbəri “DQR”in inkişafının minaların zərərsizləşdirilməsindən asılı olduğunu diqqətə çatdırıb. Tədbirdə Britaniya Lordlar Palatasının vitse-spikeri, Britaniya-Ermənistan Dostluq Qrupunun rəhbəri baronessa Kerolayn Koks da iştirak edib. Təşkilatın vaxtilə məhz onun vasitəçiliyi ilə Qarabağın ermənilərin işğalı altında olan hissəsində fəaliyyətə başladığı qeyd edilir.



“HALO Trust”un Qafqaz Ofisinin rəhbəri Endryu Mur dünya iqtisadi böhranı fonunda donor cəlb etməyin getdikcə çətinləşdiyini vurğulayaraq, erməni diasporasını onların işinə kömək göstərməyə çağırıb. Təşkilat rəhbəri minalardan zərərçəkən şəxslərin adambaşına düşən sayına görə, Dağlıq Qarabağın hətta Əfqanıstanı da üstələdiyini vurğulayıb.

ABŞ Erməni Milli Assambleyası Hökumət İşləri Direktoru Keyt Nahapetyan 2013-cü ildə Ermənistana və Dağlıq Qarabağa səfəri çərçivəsində separatçı rejim rəhbərliyindən başqa, burada “HALO Trust”ın nümayəndələri ilə də görüşmüşdür. Məlumata görə, ABŞ-ın Dağlıq Qarabağa birbaşa yardım qismində ayırdığı 2 milyon dolların təxminən yarısı “HALO Trust”un hesabına köçürülür. Amerika Erməni Milli Assambleyası ABŞ-ın Qarabağ separatçılarına göstərdiyi yardımın həcmini ildə 5 milyon, Ermənistana yardımların isə ən azı 50 milyon dollara çatdırılmasına, Gürcüstana ayrılan vəsaitin ən azından 10 faizinin yeni iş yerlərinin yaradılması üçün ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiyaya verilməsinə çalışdıqlarını nəzərə çatdırıb.



“HALO Trust” üzvləri “DQR”-in ABŞ-dakı “nümayəndəliyinin” təşkil etdiyi separatçı bölgənin “müstəqilliyi” və digər hadisələrlə bağlı rəsmi qəbullarda fəal iştirak edirlər.

“HALO Trust” Ermənistanda da işləyir. Ermənistan-Azərbaycan təmas xəttinin yaxınlığında basdırılmış minaların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilat daha çox Sünik (Zəngəzur) vilayətində minaların olduğu barədə məlumat yaymışdı. Cəbhə xəttinin minalardan təmizlənməsi işini işğalçı ölkədə Sülhyaratma Mühəndisliyi Batalyonu və Humanitar Minasızlaşdırma və Ekspertiza adlı təşkilatlar həyata keçirir. “HALO Trust” onlara bu işdə yardım edir.

Azərbaycan dövləti Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyətinə görə adıçəkilən təşkilatı “qara siyahı”ya daxil edib və ona məxsus olan yüklərin respublikamızın ərazisindən tranzitinə qadağa qoyub. Məsələn, “HALO Trust”ın Əfqanıstana avadanlıqlar aparmasına icazə verilməyib.

Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: Halo-Trust   Mina   Qarabağ  





Xəbər lenti