Müşahidəçilər üçün “fakt you” - TƏHLİL

Müşahidəçilər üçün “fakt you” - TƏHLİL
  13 Aprel 2018    Oxunub:11558
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkilərinə dair rəyləri elə gözlənildiyi kimi də oldu. Yəni onların Azərbaycana qarşı qərəzləri nəzərə alınanda onsuz da yaxşı heç bir şey gözlənilmirdi. Və müşahidəçilər də “sağ olsunlar”, bizi yanıltmadılar.
Müşahidəçilərin verdikləri “rəy”, hər şeydən əvvəl, heç bir real fakta əsaslanmırdı. Rəqəmlərə baxaq. Pezident seçkilərində səsvermə hüququ olan vətəndaşlar 5641 məntəqədə səs veriblər. Seçkini 59 ölkəni təmsil edən 61 təşkilatdan 894 beynəlxalq müşahidəçi izləyib. ATƏT, ATƏT PA və AŞPA-nı təmsil edən müşahidəçilər isə cəmi 1300 məntəqədə müşahidə aparıblar. Bəs bu 1300 məntəqənin neçəsində pozuntu aşkarlanıb? Cəmi 156-da! “Hansı pozuntular” sualı isə açıq alır. Çünki göstərilən “pozuntular”ın hamısı texniki xarakterlidir. Başqa cür ifadə etsək, seçkinin nəticələrinə təsir edə biləcək qəbildən deyillər.

Ən maraqlısı odur ki, digər müşahidə missiyaları 4000-dən artıq məntəqədə seçkinin gedişini izləyib və müsbət rəy veriblər. Rəqəmləri hətta müqayisə etmək belə, mümkün deyil.

ATƏT, ATƏT PA və AŞPA-nı təmsil edən müşahidə missiyasının qeydə aldığı qanun pozuntularından birinə nəzər salaq. Qanunvericiliyə əsasən, səhər saatlarında seçki məntəqələrinin açılışı zamanı seçki qutularının içinin boş olduğunu göstərmək üçün əvvəlcə çevrilməli, sonra bağlanmalıdır. Məntəqədə nə baş verib? Şəffaf seçki qutusu əvvəlcə çevrilməyib. Çox hörmətli müşahidəçilər isə bunu “qanun pozuntusu” kimi qeydə alıb və hesabatlarına daxil ediblər.

“Problem” aşkarlanan 156 məntəqədə bu kimi texniki qüsurlar seçkinin nəticələrinə təsir edə bilərmi? Əlbəttə, yox. Amma hətta gəlin, belə düşünək ki, 156 seçki məntəqəsindəki qüsurlar çox böyük olub və MSK onların nəticələrini ləğv edib. Axı hətta bu halda belə, seçkinin nəticəsi dəyişməcək. 86.03 faiz səs toplayan lider namizədlə 2-3 faiz səs toplayan namizəd arasındakı fərqi 156 məntəqənin nəticələri ləğv olunsa belə, dəyişmək mümkün deyil.

Hesabatda “qüsur” kimi göstərilən digər bir məsələ: Səsvermə hüququna malik vətəndaşların Statistika Komitəsinə və MSK-ya aid siyahılarının arasındakı fərqlər hesabatda “pozuntu” kimi qeyd olunub. MSK-nın seçici siyahılarına kimlər daxil edilir? Qanuna əsasən, yalnız bir məntəqənin ərazisində 6 aydan artıq faktiki yaşayan şəxslər. Komitənin siyahısına isə səsvermə hüququna malik bütün vətəndaşlar daxil edilib. Bu baxımdan, siyahılar arasında fərqin olması daha məntiqə uyğundur, nəinki eynilik təşkil etməsi. Digər tərəfdən isə, seçkidə istənilən şəxs adı siyahıda olmasa belə, seçkidə iştirak edə bilər. Bu hüququ heç kim onların əlində almır.

Azərbaycan o ölkələrdəndir ki, seçkini hamının gözü qarşısında, açıq, demokratik, şəffaf keçirir. Ancaq dünyanın bir çox ölkələri belə etmirlər. Onlar hesab edirlər ki, seçkinin keçirilməsi zamanı baş verən pozuntuların başqalarına aidiyyatı yoxdur. Bu sırada ilk yerdə ABŞ gəlir. Sonuncu seçki zamanı ABŞ-ın Texas ştatının qubernatoru ATƏT DTİHB-nin müşahidəçilərinə bildirmişdi ki, seçki məntəqəsinə 30 metrdən çox yaxınlaşsalar, həbs olunacaqlar.

Azərbaycanda isə seçkini tam açıq, rahat izləyən müşahidəçilər xırda texniki qüsurlardan yapışaraq, böyük siyasi oyun qurmaq istəyirlər. Onların mətbuat konfransına toplanmış jurnalistlərin kəskin etirazı da məhz bununla bağlı idi.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ATƏT   Seçki  





Xəbər lenti