İŞİD 2.0: Terror təşkilatı yeni şəbəkə qurmağa başlayıb – ARAŞDIRMA

İŞİD 2.0: Terror təşkilatı yeni şəbəkə qurmağa başlayıb – ARAŞDIRMA
  16 Aprel 2018    Oxunub:10599
Bugünlərdə İŞİD-in Əfqanıstandakı komandirlərindən biri Kari Nemətullanın ölkənin şimal-qərbində məhv edilməsi barədə məlumat yayıldı. Bundan əvvəl də Rusiyada kilsədən çıxan qadınlara atəş açan şəxsin İŞİD-çi olması barədə faktlar var idi. Sanki klassik “Mafiya ölməzdir!” şüarı “Terror təşkilatları ölməzdir!” şüarı ilə əvəz olunub. Suriyada məğlub edildiyi deyilən İŞİD Əfqanıstanda, Rusiyada peyda olur. Bu təşkilatın gücü nədədir ki, dünyanın güclü orduları, kosmik kəşfiyyat imkanları olan ölkələri onu hələ də tam məhv edə bilmirlər. İŞİD insanları öz sıralarına necə cəlb edə bilib və bilir?!
İŞİD terror təşkilatının geniş şəbəkəyə malik cəlbetmə xidmətinin olması məlumdur. Hesab edilir ki, burada təcrübəli mütəxəssislər fəaliyyət göstərirlər. Təşkilatın bu məqsədlər üçün bütün müasir PR texnologiyalarından istifadə etməsi müşahidə olunmaqdadır. Hətta “İŞİD”in brend kimi təqdimatına çalışılması, cəlbetmə obyekti olan və hədəf qrupuna daxil şəxslərə lazımi, səmərəli yanaşma strategiyası göz qabağındadır.

Cəlbetmələrdə edam rolikləri ən güclü təsir vasitələrindən biridir. Qərb KİV-ləri bu səhnələri nümayiş etdirməklə İŞİD-in təbliğatına bilmədən alət olurlar. Türkiyədə və dünyanın başqa ölkələrində bəzi nəşrlərin açıq-aşkar İŞİD təbliğatını aparması müşahidə edilir. Döyüşçülərin ailələrinə 10 min dollaradək maddi yardım olunur. Cəlb olunanlar daha çox 18-35 yaşlı şəxslərdir.

İŞİD sıralarına qoşulan insanların arasında müxtəlif kateqoriyadan şəxslər olsa da, müşahidələr daha çox gənc, romantik, idealist, cəmiyyətdən narazı və ya təcriddə olan, ətrafındakı mühitlə barışmayan insanların əksəriyyət təşkil etdiyini göstərir.

Bundan istifadə edən İŞİD emissarları əvvəlcə həmin adamları kütlə içərisindən axtarıb-tapır və daha sonra onların təşkilata cəlb edilməsi istiqamətində fəal işləməyə başlayırlar. Həmin şəxslərə dünyanın ədalətsiz olması təlqin edilir, daha sonra isə bu vəziyyətdən çıxış yolu göstərilir: Qardaşlıq, “İslam Dövləti”nin yaratdığı ədalətli dünya modeli.

Eyni zamanda, daha bir cəlbetmə metodunu bu cür sxemlə təsvir etmək olar: ilk mərhələdə terrorçu-emissar kollektiv üzvlərinin problemlərini araşdıraraq, potensial qurbanı nişana götürürlər. Daha sonra həvəsləndirici şəxs işə girişərək, mövcud problemi qabardır, sonra isə çıxış yolu göstərir: “İslam xilafətinin gözəl dövləti - İŞİD”. Həvəsləndirici şəxs cəlb edilməsi nəzərdə tutan şəxsi inandırır ki, o, ümumi işə töhfə verərək bəşəriyyətin xilas edilməsində iştirakçı ola bilər və s.

Bu zaman qəsdən “çox vacib şəxs”lə görüş imkanı yaradılır. Cəlbedən peyda olur və “sən bizim diqqətimizi cəlb etdin, biz sənin qabiliyyətlərini sezmişik, odur ki, sənə çox mühüm bir iş tapşırmaq istəyirik” kimi həvəsləndirici ifadələrlə potensial qurbanı real döyüşçüyə çevirə bilirlər.

Cəlbetmə məqsədilə hətta psixotrop maddələrdən istifadə edilməsi halları baş verir. Məsələn, oxumaqla arası olmayan yeniyetmələrin və ya gənclərin 20 saatdan artıq dini kitablardan ayrıla bilməməsi bunu sübut edir. Psixoloqlar bioəlavələr, psixotrop maddələr olmadan bu cür aludəçiliyin baş verməsini qeyri-mümkün hesab edirlər. Həmin kitablar qəsdən qarışıq məzmunlu yazılıb və insanın fikrini dolaşmağa vadar edir.

Bir sıra mütəxəssislər isə cəlbetmə mərhələsini bu ardıcıllıqla təsvir edirlər: Birinci mərhələdə sosial şəbəkələrdən geniş istifadə edilir. Son zamanlar, “Twitter”də fəaliyyətlərinə qadağa qoyulan saxta islamçıların “Vkontakte” şəbəkəsinə geniş nüfuz etdiyi bildirilir. Terrorçular həmin hesablarda onlara maddi yardım göstərilməsini və İŞİD sıralarına qoşulmağı tələb edirlər. Terrorçuların əsas məqsədi öz sıralarını mümkün qədər çox genişləndirməkdir və bunun üçün onlar ən müxtəlif vasitələrə əl atmaqdan çəkinmirlər. Sosial şəbəkələrdən savayı, məscidlərdə və dini kurslarda da cəlbetmələr həyata keçirilir.

Eyni zamanda, tələbə yataqxanalarında, mədrəsələrdə tələbələr araşdırırlır və lazımi şəxslər əməkdaşlığa cəlb olunurlar. Bundan sonra növbəti mərhələ sərhədin keçilməsidir. Burada 800 km.-lik Türkiyə-Suriya sərhədindən istifadə edildiyi iddia olunur.

Ən son mərhələ terrorçuların sıralarına qoşularaq orada xidmət etməkdir. Avropa ölkələrindən olanlara adətən çox ağır fiziki tapşırıqlar həvalə edilir və onlar çox zaman birbaşa hərbi əməliyyatlarda iştirak etmirlər.

Türkiyədə aparılan araşdırmalarda ilkin olaraq İŞİD terror təşkilatının daha çox savadsız şəxsləri cəlb etməsinin müşahidə olunduğu qeyd edilirdi. Belə ki, onların daha çox xırda ticarətlə məşğul olan şəxsləri və xeyli borcu olan ailələri nəzarətə götürərək, sonradan bu ailənin gənc üzvünə yanaşmaqla borcun ödənilməsi üçün pul təklif etməsi diqqəti cəlb edib.

Lakin sonradan kifayət qədər varlı, intellektual şəxslərin də bu sıralara qoşulması baş verib. Belə ki, maddi sıxıntısı olmayan şəxslər belə məscidlərdə və dini söhbətlər üçün şəxslərin toplaşdığı yerlərdə, habelə dini tədris müəssisələrində təbliğatın qurbanına çevrilərək terror təşkilatına üzv olurlar. Bu şəxslər ya dini ehkamlarla heç bir əlaqəsi olmayan vədlərlə (məsələn, beş kafir başı kəsən şəxsin cənnətə düşməsi və s.), ya da hədislərin yanlış təfsir olunması nəticəsində aldadılaraq təşkilata cəlb olunurlar. Hər cümə günü söhbətinin sonunda möminləri açıq-aşkar cihada səsləyirlər.

Çox hallarda İŞİD üzvləri dini axşamların olduğu söhbətlərə qoşularaq buradan ayrı-ayrı şəxsləri öz xüsusi yerlərinə dəvət edir və həmin dindarlar əvvəlki camaatla əlaqələrini kəsərək, ancaq həmin mərkəzlərə gedib-gəlirlər. Məsələn, İstanbulada Laleli, Güngörən, Fatih və s. ərazilərdə İŞİD emissarlarının qapalı yerlərinin olması, kənar şəxslərin ora buraxılmaması, işçilərin saqqalda və adətən qara paltarda olması barədə məlumatlar mövcuddur.

Sonradan isə cəlbetməyə məruz qalmış şəxslər Qaziantepdə yerləşdiyi iddia olunan İŞİD düşərgəsinə yollanaraq orada təlim keçirlər. Eyni zamanda, Konyada İŞİD-in düşərgəsinin olması qeyd edilir.

Məsələn, gənc insanların birbaşa İŞİD-ə deyil, “Azad Suriya Ordusu”na qoşulması, sonradan isə müxtəlif qruplar arsında bölgü zamanı İŞİD-ə daxil olması halları baş verib.

Təşkilat gəncləri evləndirməklə, onları daha çox özlərinə bağlamağa çalışırlar. Belə ki, onlara ailələrinin olması xatırladılaraq bundan sonra həm də öz ailələrinin şərəfini qorumaq üçün vuruşmalı olduqları təlqin edilir. Döyüşçü həlak olduğu zaman onun arvadı başqa döyüşçüyə ərə verilir. Təşkilat hətta ölmüş döyüşçülərin dəfnindən belə xeyir götürməyə çalışır. Belə ki, onların ailələrinə öldükləri barədə məlumat verilir və cəsədi geri qaytarmaq üçün təxminən 1500 dollar pul tələb edilir. Həlak olmuş şəxslərin sosial şəbəkələrdəki hesabları silinir. Bəzən “cihad” adı ilə Suriyaya gedən şəxslərin yaxınları onun sosial şəbəkə hesabının silinməsindən həlak olduğunu güman edirlər.

Mütəxəssisləri, xüsusilə Qərbdə və Rusiyada gənc insanların öz ölkələrinə yad olan dəyərlər uğrunda vuruşmaq üçün Suriyaya getməsi təəccübləndirir. İŞİD-in Rusiya ali məktəblərində cəlbetmə şəbəkəsləri yaratdığı məlumdur.

Ümumiyyətlə, Rusiyada cəlbetmə bu cür aparılır: runet sosial şəbəkələrində Şərqin adət-ənənələri, mədəni həyatı, yaşam şərtləri, din və s. barədə. İŞİD cəlbedəni gənclərin daha çox maraq göstərdiyi, ona yaxın olan sahəni tutmağa çalışır. Həmsöhbəti daha ciddi söhbətlərə başlamağa hazır olan cəlbedən ona Şərqə gedərək ora ilə yaxından tanış olmaq istəyib-istəmədiyini soruşur. Səfərin bütün xərclərini cəlbetməni aparan şəxs özü ödəməyə söz verir. Sonradan isə həmin şəxs aldadılaraq, təhsil adı altında Suriyaya aparılır.

Gənc oğlanları ya pulla ələ almaq, ya qorxutmaq yolu ilə terror təşkilatına üzvlüyə cəlb edirlərsə, qızları daha çox ideoloji cəhətdən hazırlayır, eyni zamanda onu ərə vermək vəd olunur. Qadınlara qarşı adətən psixotrop maddələrdən və narkotik vasitələrdən istifadə olunmur.
Qadınlar birmənalı şəkildə cinsi istismar obyekti kimi nəzərdən keçirilir. Çox nadir hallarda onlar qruplar şəklində döyüşlərə cəlb oluna bilərlər. Onlardan daha çox mediada təbliğat vasitəsi kimi istifadə olunur. Qadınlardan çox zaman terrorçu kamikadze qismində istifadə olunur. Bunlar əksər hallarda döyüşlərdə öldürülmüş şəxslərin həyat yoldaşlarıdırlar. Təşkilat liderləri onları cənnətdə ərlərinin gözləməsi barədə yalançı vədlərlə aldatmaqla terror aktları törətməyə sövq edirlər.

Vaşinqtondakı Yaxın Şərq Araşdırmaları institutunun hesabatında göstərilir ki, İŞİD Avropada Yaxın Şərqdə olduğundan daha artıq dəstəyə malikdir. Məsələn, misirlilərin yalnız 3 faizi, səudiyyəlilərin və livanlıların 5 faizi İŞİD-ə müsbət yanaşırlarsa, bu rəqəm fransızlar arasında 16 faiz, ingilislər arasında isə 7 faiz təşkil edir. Hətta 18-24 yaşlı Fransa vətəndaşlarının 27 faizi adıçəkilən terror təşkilatına rəğbət bəslədiklərini gizlətmirlər.

Sön dövrlərdə Suriyada avropalıların – gənc və təhsilli fransız, ingilis, almanların sayı xeyli artmışdır. Bunun səbəblərindən biri insanların öz ölkələrində tapa bilmədiyi ali dəyərlər uğrunda Yaxın Şərqə yollanmasıdır. Böyük Britaniyada hətta müsəlman miqrantların deyil, ingilislərin belə kütləvi surətdə İŞİD sıralarına cəlb edilməsi baş verir.

Xüsusilə, romantik, tənha qadınların Avropadan Yaxın Şərqə axışmasının əsasında bugünkü Avropa cəmiyyətində dəyərlərin aşınmaya məruz qalması dayanır. Belə ki, Orta əsr cəngavərləri barədə təsəvvürlərin dağılması, eynicinsli nikahların artması, ailə institutunun getdikcə yox olması nəticəsində ortodoksal təlimlər üstünlük təşkil etməyə başlayıb.

Avropalı və rusiyalı qadınlar vəziyyətdən çıxış yolu kimi terror təşkilatlarına üz tutmaqla cəngavər döyüşçülərlə qarşılaşacağına ümid edirlər. Lakin Şərq mentaliteti və həyat tərzi onlar üçün tamamilə ziddiyyətli mühit olduğuna görə tezliklə məyusluq hissi yaşayırlar.

Avropada həyat həddindən artıq rahat olsa da, ideoloji vakuum insanları ideya uğrunda mübarizəyə sürükləyir. Dəyərlər sisteminin yoxluğu insanları, xüsusilə, burada yaşayan müsəlmanları öz həyatlarının mənasızlığı barədə fikirlərə təhrik etmiş və cihad savaşına qoşulmağa vadar edib. Eyni amil Avropadakı yəhudiləri İsrailə getməyə sövq edir.

İŞİD-in qəddarlıqları avropalıları xüsusilə cəlb edir. Hətta “Əl-Qaidə” lideri Ayman əz-Zəvahirinin belə İŞİD-i qəddarlıq baxımından “həddindən artıq uzağa getməkdə” ittiham etməsinə baxmayaraq, onun bu cəhəti bir sıra şəxsləri özünə cəlb edir. Səudiyyə Ərəbistanı, İran kimi bölgə ölkələrinin günahkarları ictimai yerlərdə kütlənin gözü qarşısında cəzalandırması kimi, İŞİD-in də edamlar həyata keçirməsi Şərq üçün ənənəvi hal hesab edilir və bu, sakit həyatdan bezən avropalıları özünə cəlb edir.

Məlumdur ki, İŞİD ən müsair PR texnologiyalarından isifadə etməklə cəlbetmə həyata keçirir. Xüsusilə, Fransa yeniyetmə İŞİD-çilərin sayına görə ilk yerdədir. Burada 27 faiz yeniyetmə İŞİD-ə rəğbət bəsləyir. Britaniyada isə bu rəqəm 4 faizdir.

Almaniya XXO-larında islamçı radikalların bu ölkəyə gələn müsəlman qaçqınları öz sıralarına cəlb etməsi barədə məlumatlar var. Onlar xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərir, lakin əsas məqsəd Avropa cəmiyyətinə inteqrasiyaya mane olmaqdır. İŞİD cəlbetmə mütəxəssislərinin qaçqın qismində Avropaya keçməsi və burada fəaliyyət göstərməsi barədə təkzibedilməz faktlar mövcuddur.

Britaniya mətbuatının məlumatına görə, artıq 4 min terrorçu Avropaya qaçqın adı ilə daxil olub. Eyni zamanda, qaçqınların özləri də potensial təhlükə mənbəyi kimi nəzərdən keçirilir. Bütün bunlar isə ekstremistlərin Avropada həyata keçirmək istədikləri gizli əməliyyatın tərkib hissəsidir. Almaniya əks-kəşfiyyatının rəyinə əsasən, daha çox sələfilər təhdid mənbəyi qismində nəzərdən keçirilə bilər. Ölkədə onların sayı bir neçə min nəfərdir və hamısı məxfi müşahidə altındadır.

Mütəxəssislərin fikrincə, terrorçular tərəfindən cəlbedilmə təhlükəsi Avropaya qaçqın axını fonunda heç zaman olmadığı qədər realdır.
Hesablamalara görə, Qırğızıstanda İŞİD tərəfdarı olan 2 min vətəndaş var və onlar öz ailələri ilə birgə ekstremistlərin sıralarına qoşulmağa hazırdır.
Ukraynada İŞİD daha çox burada təhsil alan əcnəbi müsəlman gəncləri və krım tatarlarının nümayəndələrini cəlb etməyə çalışırlar. Krım türklərinin Türkiyədə təhsil almaq adı altında Suriyaya getməsi və bəzilərinin cəsədlərinin qaytarılması halları tez-tez baş versə də, onların valideynləri bu barədə susmağa üstünlük verirlər.

Müsəlmanlar arasında radikallığa meyl az olsa da, bu qədər insanın cəlbetməyə məruz qalması hansısa xüsusi bir metodun istifadə edilməsindən xəbər verir. Ən çox bu dünyadakı həyat əvəzinə əbədi cənnət vədi ilə insanların aldadılması variantı inandırıcı görünür.

İŞİD-in ən çox sadəlövh, din haqqında səthi təsəvvürləri olan və ənənələrdən uzaqlaşmış əcnəbi tələbələri öz sıralarına cəlb etdiyi vurğulanır. Donbasdakı könüllülər batalyonundakı bir çox şəxslərin də Suriyaya getməsi iddia edilir. Bu sırada “Tornado”, Kulçitsk adına batalyonun adları xüsusi hallanır. Qondarma “Donetsk Xalq Respublikası” döyüşçüləri sırasından müqavilə əsasında Suriyaya onlarla şəxsin getdiyi barədə məlumatlar vardır. Hətta İŞİD agentlərinin Ukraynanın və Krımın dövlət orqanlarına nüfuz etməsi halları qeydə alınıb.

Rusiyada fəaliyyət göstərən bəzi tədqiqat müəssisələrinin hesabatına görə, ekstremist təşkilatlar əvvəllər pərakəndə halda fəaliyyət göstərsələr də, hazırda daha mütəşəkkil, savadlı və planlaşdırılmış iş aparırlar. RF və bir sıra Asiya ölkələrində 24 dildə təbliğat fəaliyyəti həyata keçirilən mexanizm yaradılıb. Bu baxımdan ən aparıcı dillər ingilis, ərəb və rus dilləridir. Neyrolinqvistik proqramlar üzrə mütəxəssislər müasir inandırma metodlarına əsaslanaraq parlaq, cəlbedici obrazlardan istifadə etməklə rifah, ümumdünya əhəmiyyətli ədalət missiyasında iştirak vəd etməklə tərəfdarlar toplayırlar.

İŞİD emissarlarının cəlbetmə həyata keçirməsi üçün əsas gətirdiyi səbəblərdən biri sosial ədalətsizlikdir. Dünyada bu vəziyyətin mövcudluğu, cəmiyyətin sosial təbəqələşməsi, cəmiyyətdə milyarderlərin və yoxsulların olması buna zəmin yaradır. Sosial ədalətsizliyin çox olduğu cəmiyyətlərdə onların uğurları daha çox mümkün olmuşdur.

İŞİD müxtəlif metodlardan istifadə etməklə cəlbetmə həyata keçirir. Onun emissarları müsəlmanlarla yanaşmada bir cür, digər dinlərdən olanlarla söhbətdə başqa cür, yeniyetmələrin cəlb edilməsi zamanı isə başqa fərqli metodlardan istifadə edirlər. Hətta həmin şəxslər İŞİD sıralarına qoşulduqdan sonra belə cəlbetmə söhbətləri davam edir. Bu amil insanlara geri qayıtmaq imkanı verməmək üçündür. Gənc döyüşçülərə təlqin olunur ki, onlar “İslam aləminin Çe Qevara”sıdırlar. Bununla da gənclərin rəğbətini qazanırlar.

Xüsusilə, yaxın zamanlarda hansısa şəxsi faciə ilə üzləşmiş şəxslərin cəlbetməyə məruz qaldığı müşahidə olunur. Belə ki, həmin dövrdə insan psixologiyası bir növ kövrək, yad təsirlərə isə “açıq” olur və oraya hətta ən zərərli ideoloji fikirləri, yalançı dəyərləri yeritmək asanlaşır.

Əgər əvvəllər bununla həvəskarlar məşğul olurdusa, indi bu məsələ peşəkar psixoloq, psixiatr və xüsusi təlim keçmiş şəxslərə həvalə edilmişdir. Həmin şəxslər potensial cəlbetmə obyekti ilə ünsiyyətə girdikdə təbliğatçının savadlı, məntiqli danışığı, dini ayinlərdən sitatlar gətirərək öz fikrini əsaslandırması ona münasibətdə hörmət hissi yarada bilər.

İdeyaya qarşı əks ideyanı qoymaqla ona qarşı mübarizə aparmaq mümkündür. Lakin müasir dünyəvi dövlətlərdə dini ideologiyanın təbliğatı qadağan olduğundan İŞİD emissarlarının zərərli radikal sünni-vəhabi ideologiyasına qarşı çıxa biləcək digər cərəyan yoxdur.

İŞİD-in köləliyi qanuniləşdirməsi, xüsusilə, qadınları və azyaşlı qızları qul bazarında satışa çıxarması psixoloji problemləri olan bəzi şəxslərin təşkilata qoşulmasına səbəb olub. Eyni zamanda, Avropa ölkələrindən olan sadist qadınlardan ibarət batalyonlar xüsusi qəddarlıqları ilə fərqlənir.

Mütəxəssislər bu baxımdan beş yaşından ibarət uşaqların təhsilinə və tərbiyəsinə diqqət yetirməyi, psixoloji dəstək xidmətinin təkmilləşdirilməsini təklif edirlər. Valideynlər öz məktəb yaşlı və gənc övladları ilə dost münasibətlərində olmalı, onların problemləri, kənar şəxslərin onlara maraq göstərməsi barədə daima məlumatlı olmalıdırlar. Uşaqların və gənclərin Şərqə, radikal dini mövzulara, ərəb dilinə xüsusi maraq göstərməsi də diqqətdən qaçmamalıdır. Sevimli ev heyvanlarından birdən-birə imtina, onları “natəmiz məxluq” adlandırmaq, xüsusilə donuz ətindən imtina etmək də insanın hansısa radikal qüvvələrin təsirinə düşdüyünü deməyə imkan verir.



Nəzakət Məmmədova
AzVision.az



Teqlər: İŞİD   Terror-təşkilatı  





Xəbər lenti