Prezidentlər necə seçilir-DÜNYA TƏCRÜBƏSİ

Prezidentlər necə seçilir-DÜNYA TƏCRÜBƏSİ
  08 Oktyabr 2013    Oxunub:8162
Prezident seçkilərinin başlamasına sayılı saatlar qalıb.
Azərbaycan hazırda bir çox dünya dövlətlərinin diqqət mərkəzindədir. Prezidentini seçməyə hazırlaşan azərbaycanlılar, bizim kimi yerli media mənsubları ilə yanaşı, ölkəmizə seçkiləri izləmək üçün gələn beynəlxalq təşkilatlar və xarici media nümayəndələri sabahkı günün həyəcanını yaşayırlar. Bəs görəsən 9 oktyabr seçkilərini izləyəcək müşahidəçilərin öz ölkələrində, eləcə də digər dünya dövlətlərində seçki prosesi necə şəraitində və hansı qaydalara əsasən aparılır?

İlk olaraq başlayaq elə qonşularımızdan .

Rusiya Federasiyasında prezident seçkiləri birbaşa, gizli və ümumi səsvermə yolu ilə həyata keçirilir. Prezident 6 il müddətinə seçilir. Səsvermənin nəticələrinə əsasən, ümumi səslərin 50%-dən çoxunu toplamış namizəd seçkilərin qalibi hesab olunur. Əgər birinci mərhələdə hər hansi bir namizəd ümumi səslərin 50%-dən çoxunu toplaya bilməzsə, o zaman seçkilərin ikinci mərhələsi keçirilir(ikinci tur birincii turdan 3 həftə sonra keçirilir-red.).

İkinci turda səsvermə birinci turun nəticələrinə əsasən birinci və ikinci yeri qazanmış namizədlər arasında keçirilir. Prezidentliyə namizədlər seçkilərdə öz namizədliyini iki- siyasi partiya vasitəsi və müstəqil yolla irəli sürə bilərlər.

Birinci halda hər bir siyasi partiya yalniz bir namizəd irəli sürə bilər. Müstəqil yolu seçənin isə namizədliyi ən azı 500 min nəfər üzvü olan və MSK-da qeydə alınmış təşəbbüs qrupu tərəfindən dəstəklənməlidir.

Prezidentliyə namizədlərin qeydiyyatını Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası həyata keçirir. Qeydiyyatdan keçmək üçün hər bir namizəd aşağıdakı sənədləri Rusiya Federasiyasının MSK-na təqdim etməlidir:

Namizədi dəstəkləyən seçicilərin imza vərəqələri; onların hazırlanmasının ödənişini təsdiq edən sənəd; seçicilərin imzalarının toplanmasının nəticələri haqda protokol; imza toplamanı həyata keçirən şəxslərin siyahısı; namizəd haqqına məlumatlara edilmiş dəyişikliklərlə bağlı sənəd; namizədin gəlirləri haqqında ilkin hesabat.

Daha öncə iki dəfə ard-arda prezident seçilmiş şəxsin namizədliyi üçüncü dəfə MSK-da qeydiyyatdan keçirilə bilməz. Səsvermə xüsusi hazırlanmış seçki məntəqələrində seçki bülletenlərinin müəyyən edilmiş qaydada doldurulması vasitəsilə həyata keçirilir. Səslərin ilkin hesablanması komissiyanın seçki dairələri vasitəsilə həyata keçirilir.

Qardaş Türkiyədə isə prezident seçilmək üçün namizəd ilk iki turda 367 səs toplamalıdır. Prezidenti ikinci turda seçilməzsə, üçüncü tur keçirilir və sonda azı 276 səs toplayan şəxs prezident seçilir. Lakin nəticə əldə edilməzsə, üçüncü turda ən çox səs yığan iki namizəd 4-cü turda yarışır. Sonuncu mərhələdə heç bir namizəd lazım olan 276 səsi toplaya bilməzsə, parlamentdə yeni seçkilər keçirilir.

Qeyd edək ki, 2014-cü ildə Türkiyədə prezidentin parlament tərəfindən deyil , xalq tərəfindən seçilməsi gözlənilir.

Həmçinin prezidentliyə namizədin 40 yaşında və ali təhsilli olması əsas şərtlərdən birdir. Namizədlər ən azı 20 millət vəkilinin yazılı təklifi ilə prezidentliyə namizəd kimi göstərilir. Seçilən namizəd beş il ərzində bu postda qalır və sadəcə iki dəfə prezident seçilə bilər.

Digər qonşumuz İranda isə prezidentliyə namizəd seçimlərə girməzdən əvvəl Konstitusiyanı Qoruma Şurasının etimadını qazanmaq məcburiyyətindədir. Əs halda, namizəd növbəti mərhələyə keçmə şansını itirir.
Sonrakı mərhələdə xalq tərəfindən seçilmiş bir namizəd prezident kimi vəzifəsinə başlamazdan öncə dini liderin səsini də almalıdır. Əslində dini liderin dəstəkləmədiyi bir namizədin bu mərhələyə keçməsi mümkünsüzdür. İranda prezident 4 il müddətinə seçilir. Səs çoxluğu ilə seçilən prezidentin kim olacağı birinci turda bəlli olmazsa, ikinci tur keçirilir. Bir şəxs yalnız iki dəfə, ard-arda prezident seçilə bilər.

Digər qonşumuz Gürcüstanda prezidenti ölkəmizdə olduğu kimi xalq seçir. Seçkilər demək olar ki, eyni qaydalar əsasında həyata keçirilir.

Super dövlətlərdən biri hesab edilən ABŞ-da ümummilli seçkinin nəticələri prezident seçkisində elə də böyük rol oynamır. Başqa sözlə desək seçici səslərinin çoxluğu heç bir əhəmiyyət kəsb etmir.

Seçki günü ABŞ-da 51 ayrı səsvermə keçirilir-50 ştatda və Paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsində. Əhalisinin sayına uyğun olaraq hər ştata seçici kollegiyasında seçici səsi ayrılır. Məsələn, ən çox əhalisi olan Kaliforniyaya 55 səs verilir. Əhalisi az olan ştatlara isə 3 səs ayrılır. Ştatların əksəriyyətində bütün seçici səslərini, digərləri ilə müqayisədə daha çox səs toplayan namizəd alır.

ABŞ-da ümumilikdə 538 seçici səsi var. Qələbə üçün isə 270 səs toplamaq lazımdır. Əksər hallarda seçici səslərini udan namizəd ümumi seçici səslərində də liderlik edir. Təkcə 4 dəfə, ABŞ tarixində ümumi seçkilərdə rəqibindən az səs toplayan namizəd qalib gəlib.

Məsələn 2000-ci ildə oğul Ceorge Bush ( Corc Buş) ümumi seçkilərdə rəqibi Al Gora uduzsa da seçici səslərinə görə qalib oldu..

Şahanə Rəhimova
AzVision.az



Teqlər:  





Xəbər lenti