Banklar üçün “yol xəritəsi”nə ehtiyac var – TƏHLİL

Banklar üçün “yol xəritəsi”nə ehtiyac  var – TƏHLİL
  08 May 2018    Oxunub:4380
2018-ci ilin I rübünün yekunlarına əsasən ölkədə bank sektorunun kapitallaşma səviyyəsi 3,87 milyard təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 4,34% və ya 160,9 milyon manat çox deməkdir. Ümumiyyətlə, ölkədə hazırda fəaliyyət göstərən 30 bankın ümumi aktivləri 27,9 milyard manat, öhdəlikləri 24 milyard manat təşkil edib. Əhalinin depozitlərinin həcmi isə 7,6 milyard manat olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 0,05, öhdəliklər isə 0,73% azalıb.
Kapitallaşmanın artması yaxşıdır. Bu, banklarda irəliləyişin olduğunu göstərir. Lakin, məsələ ondadır, banklar elə vəziyyətə düşmüşdülər ki, bu irəliləyiş onların bir növ “komadan çıxmaları” kimi qəbul edilməlidir. Hazırda ümumi iqtisadi vəziyyət stabil xarakter daşıyır. Neftin qiyməti qənaətbəxşdır, xarici şokların təsirləri səngiyib, valyuta bazarında sabitlikdir, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər yavaş-yavaş öz nəticələrini verməkdədir... Yəni, banklar üçün bir növ dərindən nəfəs almaq imkanı yaranıb.

Ancaq tam bərpa istiqamətində inkişaf hələ başlamayıb. "Bankları kredit meydanına qaytarmaq lazımdır" adlı yazımda qeyd etmişdim ki, bank sektorunda ağır vəziyyət qaldıqca, sərbəst vəsaitlərin dövriyyəyə cəlb edilərək iqtisadiyyata yönəldilməsi getdikcə aşağı düşür. Odur ki, əgər, həyata keçirilməkdə olan iqtisadi kursun daha çox səmərəli nəticə verməyini istəyiriksə, bu tendensiya aradan qalxmalıdır. Əks halda, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ilə bağlı və bu sahədən ixrac potensialının genişləndirilməsi istiqamətində atılmaqda olan addımların səmərə verməsi çətin olacaq.

Ona görə də, ən vacib məqamlardan biri bank sektorunun iqtisadiyyata vəsait qoyuluşunda rolunu bərpa etməkdən ibarətdir. Bunun üçün isə banklarda vəsait çatışmazlığı problemi aradan qalxmalıdır. Xatırladıram ki, banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşu 2015-ci ildən bəri azalır.

Bəli, çox təqdirəlayiq haldır ki, Mərkəzi Bank (AMB) öz növbəsində müvafiq addımları atır. Başqa sözlə desəm, bunu aradan qaldırmaq üçün uçot dərəcəsini artıq, iki dəfə aşağı salıb. Əvvəl, yəni cari ilin fevralın 12-də 15-dən 13%-ə, aprelin 9-da isə 11%-ə... AMB İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 15%-dən 13%-ə endirilməsinə münasibətdə yazmışdım ki, bu, çoxdan tələb olunurdu. Amma 13%-dək deyil, daha aşağı səviyyəyədək... Və AMB sözügedən addımı qeyd olunan vaxtadək atmamaqla yanaşı, ilkin olaraq 2%-dən artıq endirimə getməməklə göstərdi ki, mövcud makroiqtisadi vəziyyətdən hələ də kifayət qədər arxayın deyil. Bu da təbiidir.

Belə ki, neftin 2014-cü ildən bəri ucuzlaşması prosesindən adı çəkilən qurum çox itirdi. Manatın 2 dəfə inzibati yolla, sonra isə üzən məzənnə rejiminə buraxılması fonunda devalvasiyaya uğramasına rəğmən, sözügedən qurum 15 milyard dollardan çox rəsmi valyuta ehtiyatları həcmindən 2017-ci ilin əvvəlinə 4 milyarddan da aşağı səviyyəyədək itki verdi.

Yaxşı ki, 2017-ci ildə bu tendensiya dayandı və əks proses başladı. Ancaq vəziyyətin əvvəlki nöqtəyə bərpa olunması hələ mümkün deyil. Yəni, AMB-ni çox da qınamaq olmur.

Bununla belə, iqtisadiyyatda sabitlik yarandıqca, bu sabitlik möhkəmləndikcə, sözügedən vəziyyət tədricən aradan qalxmalı idi. Və bu da, özünü ilkin olaraq AMB-in məhz uçot dərəcəsinin 15%-dən tədricən aşağı salınması ilə göstərəcəkdi. Yeri gəlmişkən, sözügedən sabitlik keçən ilin əvvəlindən əldə olunub. Ancaq, keçən dəfə də yazdım ki, AMB-in cəmi 2%-lik uçot dərəcəsi endirimi kredit vəsaitlərini ucuzlaşdıra bilməz. Çünki əvvəla, endirimə xeyli əvvəl başlamaq lazım idi. İkincisi də, onsuz da bizdə kreditlər üzrə mərkəzi faiz, yəni, uçot dərəcəsi kommersiya bankların təklif etdikləri kreditlərin qiymətlərinə təsir etmir. Hansı ki, bu, əvvəlki dövrlərdə də belə idi, indi də... Üstəlik, hazırda ölkədə kreditlərə tələbat da minimum səviyyədədir. Hələ bununla belə, faiz dərəcələri aşağı düşmür.

Bankları bu yolla, yəni, uçot dərəcəsini 11%-ə salmaqla tələb olunan səviyyədə kreditləşdirməyə sövq etmək olarmı ?! Sözsüz ki, yox...

Bank sektorundakı problemlər neftin qiymətinin aşağı düşməsindən sonra üzə çıxdı. Yəni, 2014-cü ilin yayından sonra... 2015-ci ildə manatın 2 dəfə devalvasiyasından sonra problemli kreditlər məsələsi kəskinləşdi. Əhali əmanətlərini geri çəkməyə başladı. İqtisadiyyatda işgüzar aktivlik səngidi. Dollarlaşma prosesi geniş vüsət aldı və sair. Təbii ki, bütün bunların nəticəsində də banklarda vəsait çatışmazlığı yarandı.

Digər tərəfdən, AMB də sərt pul-kredit siyasətinə keçdi. Həm uçot dərəcəsini qaldırmağa, həm də valyuta bazarında sabitlik yaratmaq və mill valyutaya təzyiqləri neytrallaşdırmaq məqsədilə banklardan izafi manat kütləsini depozit hərracları yolu ilə yığmağa başladı.

Demək istədiyim odur ki, indi hər şeyi AMB-dən asılı vəziyyətdə görmək olmaz. Ölkədə kreditləşdirmə neçə müddətdir pis vəziyyətdədir. Bank sektorunun normal fəaliyyəti, gəlirliyi isə mövcud sərbəst vəsaitləri nə dərəcədə cəlb edərək, dövriyyəyə buraxa bilməsi ilə ölçüldüyündən, problemin kökü buradadır. Çünki hər bir bankın gəlirini bütün mənbələr üzrə qəbul etdiyi əmanətlər və digər növ vəsaitlər üzrə dövriyyəyə buraxdığı kreditlərə əsasən əldə etdiyi faiz məbləğləri təşkil edir. Bank kredit verə bilmirsə, deməli, vəsaiti yoxdur, onu cəlb edə bilmir; yox, əgər, krediti verib, onu geri qaytara bilmirsə, deməli, gəliri yoxdur, ona görə də fəaliyyəti iflic vəziyyətə düşür.

Əvvəlki şərhlərimdə sual etmişdim: 2018-ci ildə vəziyyət düzələcəkmi?! Yəni, bank sektoru mövcud vəziyyətdən çıxa biləcəkmi? Rəsmi olaraq, qeyd olunmuşdu ki, bu il ərzində problemli kreditlərin azalmağa doğru gedəcəyi, likvidliyin artacağı, kapitallaşma səviyyəsinin yüksələciyi gözlənilir. Eyni zamanda, kapital dayanıqlığı olmayan bankların restrukturizasiyası, likvidliyik alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində tədbirlər görüləcəyi deyilmişdi.

Artıq il yarılanır. Bank sektoru üzrə yol xəritəsinin hazırlanması gecikmirikmi?!


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Banklar   Yol-xəritəsi  





Xəbər lenti