Büdcəyə dəyişiklikdə qeyri-neft gəlirləri niyə azalır? – TƏHLİL

Büdcəyə dəyişiklikdə qeyri-neft gəlirləri niyə azalır? – TƏHLİL
  20 İyun 2018    Oxunub:10974
Hər il dövlət büdcəsinə edilən dəyişikliklər qeyri-neft sektorunu inkişaf etdirməyə yönəlik islahatlara dəstək xarakteri daşımalıdır. Çünki, xarici risk amillərinin mövcudluğu bizdən asılı olmasa da, daxili məsələlərin həlli özümüzdən asılıdır. Büdcəyə ilin ortasında dəyişiklik də, bu mənada zəruri xarakter daşıyır.
Lakin, dəyişiklikdə diqqəti çəkən məqamlardan biri məhz ondan ibarətdir ki, qeyri-neft sektoru üzrə mədaxil azalacaq. Yəni, qeyd etdiyim məqsədə xidmət nöqteyi-nəzərilə bir növ uzlaşmayacaq. Yenidən baxılma ilə dövlət büdcəsində qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnoz 1 milyard 27 milyon manat az yerinə yetiriləcək. Neftin satış qiymətinin artımı hesabına isə neft gəlirləri üzrə daxilolmalar 500 milyon manat artacaq. Nəticədə, Vergilər Nazirliyinin xəttilə təsdiq olunan proqnoz 527 milyon manat "kəsirlə" həyata keçiriləcək.

Məsələ bundadır ki, dövlət büdcəsinə yenidən baxılması nəticəsində gəlirlərin təmini məsələsində əsas strukturlar arasında pay bölgüsü dəyişdirilir. Buna da şərait yaradan neftin dünya bazar qiyməti amili məsələsidir. Xatırladım ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 127 milyon manat, xərcləri isə 20 905,7 milyon manat nəzərdə tutulmuşdu. Büdcədə neftin qiyməti 45 ABŞ dolları səviyyəsində götürülməsi imkan verdi ki, dünya bazarlarında qiymətlərin yüksək olması üzündən 2 dəfə artıq gəlir əldə etmək mümkün olsun. Və bu da, gəlirlərin mövcud strukturuna nəzər yetirmək imkanı verir.

Bu, çox əlverişli situasiyadır. Odur ki, cari ilin dövlət büdcəsinə yenidən baxılma nəticəsində gəlirlərin təmini məsələsində əsas strukturlar arasında pay bölgüsünün dəyişdirilməsinin də mədaxil üzrə proqnoz göstəricilərin yerinə yetirilməsi işində keyfiyyəti yaxşılaşdırmaq məqsədi daşıdığını başa düşmək çətin deyil.

Məlum olduğu kimi, 2018-ci ildə Vergilər Nazirliyi üzrə proqnoz göstəricisi məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla, 7 milyard 907 milyon manat nəzərdə tuturdu ki, bu da ötən ilin proqnozundan 3,4%, 2016-cı ilin faktı ilə müqayisədə isə 12,7% çox demək idi. Gömrük Komitəsi xətti üzrə isə büdcəyə daxilolmaların həcm proqnozu ÜDM-in 3,5%-i həddinində olmaqla 2,4 milyard manat nəzərdə tutulub. Büdcəyə dəyişiklikdən sonra bu rəqəmlər birincinin payının azalması, ikincinin isə artması ilə müşahidə ediləcək. Buna səbəb olaraq isə, mövcud vergi qanunvericiliyi və inzibatçılığında həyata keçirilməsi nəzərdə tutulan islahatların vergi ödəyicilərinə ehtimal edilən mənfi təsirini azaltmaq və əlavə dəyər vergisinin inzibatçılığı çərçivəsində gömrük orqanları ilə vergi orqanları arasında əlavə dəyər vergisinin ödənişlərində yaranmış disproporsiyanı mərhələlərlə aradan qaldırmaq zərurətinin olduğu göstərilir. Nəticədə də qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnoz göstərici də 1 milyard 27 milyon manat məbləğində azalacaq.

Xatırladım ki, qeyri-neft sektor üzrə büdcə gəlirlərinin 66,7%-ni və ya 6027,0 milyon manatını vergi orqanlarının, 26,9%-ni və ya 2430,0 milyon manatını isə gömrük orqanının xətti ilə daxilolmalar təşkil etməli idi. Lakin dəyişiklikdən sonra bilavasitə Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 milyard manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 milyon manat və yaxud 3,7%, 2018-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1 milyard 27 milyon manat və yaxud 17,0% az demək olacaq.

Ancaq Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu isə 3 milyard 155 milyon manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 milyon manat və ya 29,8%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 546,2 milyon manat və ya 20,9% çox olacaq.

Bir məsələ də var ki, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar da 7 milyard 380 milyon manat təşkil edəcəksə də, bu, yenə də 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 milyon manat və yaxud 5,8% çox demək olacaq.

Göründüyü kimi, söhbət yalnız strukturlar üzrə gəlir məbləğlərinin dəyişdirilməsindən gedir. Və bu da son nəticədə təkrar edirəm ki, büdcə mədaxilində keyfiyyəti yüksəltməq məqsədi daşıyır.

Yeri gəlmişkən, Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2018-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 8245,2 milyon manat vəsait daxil olub ki, büdcədən 7594,4 milyon manat vəsait xərclənərək, icrada 650,8 milyon manatlıq profisit yaranıb.

Büdcəyə dəyişikliyin isə ölkə əhalisinin sosial müdafiəsini daha da gücləndirmək, dövlətin müdafiə və təhlükəsizliyinin artırmaq, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədər olaraq, əlavə vəsait təminatı yaratmaq məqsədi daşıdığı bildirilir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Büdcəyə-dəyişiklik  





Xəbər lenti