Xarici borcumuz niyə artır? – TƏHLİL

Xarici borcumuz niyə artır? – TƏHLİL
  03 İyul 2018    Oxunub:11882
Azərbaycan xarici dövlət borcu ilə bağlı ən ehtiyatlı siyasət yeridən ölkələrdən biridir. Vaxt var idi, dəqiq desəm, müstəqilliyimizin ilk illərində - keçən əsrin 90-cı illərinin əvvəlində,- ölkəmiz xarici maliyyə qurumlarından çox asılı vəziyyətdə idi. Alınan borc vəsaitləri büdcə kəsirinin örtülməsinə gedirdi. Bu gün isə Azərbaycanın özünə borclu olan ölkələr var. Yəni, iqtisadi inkişaf, artım sözünü deyib.
Ölkəmiz xarici borclanma siyasətini bu gün də davam etdirir. Çünki bu siyasətsiz keçinmək mümkün deyil. Hələ bir neçə il öncə, Milli Məclisdə bu barədə müzakirə ortaya çıxan zaman parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çox doğru olaraq buyurdu ki, borc almasan və verməsən, sənə pis baxarlar. Odur ki, inkişaf etmiş ölkələrin xaricə dövlət borcu onların ümumi daxili məhsul (ÜDM) istehsalı həcminin az qala bərabəri və hətta, bundan yuxarı səviyyəsindədir. Ölkəmizdə isə bu sahədə vəziyyət təhlükəli həddən hələ çox uzaqdır. Bununla belə, son vaxtlar borcun artdığı da diqqətdən kənarda deyil.

Bu ilin əvvəlinə ölkəmizin xarici dövlət borcunun səviyyəsi 9 milyard 398,3 milyon ABŞ dolları (15 milyard 978,1 milyon manat) təşkil edib k, bu da ÜDM-in 22,8%-i demək olub. Aprelin 1-nə olan vəziyyətə görə isə beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb ki, xarici dövlət borcunun ümumi məbləği 9,6 milyard dollar təşkil edib. Bu da adambaşına təxminən, 980 dollar borc edir.

Xaricə dövlət borcumuz əslində, uzun müddət sabit vəziyyətdə idi. Söhbət onun əsasən də ÜDM-ə olan nisbət səviyyəsindən gedir. 2014-cü ildən sonra borcun həm səviyyəsi sanki bir sıçrayışla artdı, həm də ÜDM-də faiz çəkisi yüksəldi. Eyni zamanda, ölkəmizin valyuta ehtiyatları həcmi ilə xarici dövlət borcunun səviyyəsi arasında fərq də azaldı. Məlumdur ki, Mərkəzi Bankla (AMB) birgə Dövlət Neft Fondunun valyuta ehtiyatları xaricə borcumuzdan həmişə yüksək həddə olub. Lakin, 2014-cü ilin axırı və 2015-ci ilədək bu fərq daha da böyük idi. Ancaq, 2015-2016-cı illər ərzində baş verən devalvasiyalardan və bank sektorunda ortaya çıxan məlum problemlərdən dolayı xarici borcun artması bu fərqin azalmasında mühüm rol oynadı.

Ümumiyyətlə, borclanmanın 2015-ci il də daxil olmaqla üzü bəri, birdən-birə daha sürətlə artmasının 3 başlıca səbəbi olduğu deyilib. Birincisi, devalvasiyalarla bağlı manatın 100%-ə yaxın dəyərdən düşməsidir, ikincisi, Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əlaqədar yaranmış məlum böhranlı situasiyanı aradan qaldırmaq məqsədilə dövlətin “çiynini” qabağa verməsi nəticəsidir, üçüncüsü isə, bilavasitə ölkəmizin təşəbbüskarı olduğu və böyük regional əhəmiyyəti olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün borclanmaya gedilməsi səbəbidir. Bu səbəblərdən yalnız, birincisi manat-dollar münasibəti nöqteyi-nəzərindən borcun şişməsinə zəmin yaradıb. Belə ki, ÜDM-in dollarla dəyər ifadəsi azalsa da, xarici borc valyuta ilə alındığından artıb. Və nəticədə də bayaq qeyd etdiyim kimi sonuncu göstəricinin birincidə faiz çəkisi yüksəlməli olub.

Valyuta ehtiyatlarına görə isə fərqin azalması həm xarici dövlət borcunun artması, həm də ehtiyatların nisbətən azalmasıyla əlaqədar baş verib. Belə ki, neftin qiymətinin 2014-cü ilin yayından sonra düşməsiylə bağlı valyuta bazarında vəziyyəti tənzimləmək məqsədilə AMB-in rəsmi valyuta ehtiyatları 11 milyard dollardan çox azaldı. Bu tendensiya yalnız keçən ilin əvvəlində dayandı.

Göründüyü kimi, istənilən halda maliyyə və iqtisadi böhran şəraitində ölkənin xarici dövlət borcu səviyyəsi artır. Hələ yaxşı ki, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2014-cü ilədək 50 milyard ABŞ dollarından yuxarı səviyyədə təşkil edirdi. Yəni, təhlükəsizlik yastığının rolu özünü əhəmiyyətli şəkildə göstərə bildi. Təkcə bir faktı qeyd edim ki, ABB ilə bağlı dövlət xarici banklar qarşısında öhdəlikləri öz üzərinə götürdü və bu günə qədər sözügən bankın kreditorlar qarşısında borcu 20%-ə qədər azaldıldı. Bu da uzunmüddətli danışıqlar hesabına əldə olundu. Düzdür, bir qrup kreditor var ki, sözügedən məsələnin tənzimləməsi mexanizmi ilə hələ də razı deyillər. Lakin bu da yoluna qoyulur. Sözün qısası, beləliklə də maliyyə sağlamlaşdırılması ilə bağlı 2,3 milyard dollar vəsaiti dövlət öz üzərinə götürüb. Təkcə, bu, xarici dövlət borcu səviyyəsinin 31% artması ilə nəticələndi.

Cənub Qaz Dəhlizi layihəsinə gəldikdə isə bu, böyük infrastruktur layihədir. Bu layihə gələcəkdə təkcə Azərbaycana xidmət etməyəcək. Azərbaycanın bütövlükdə mövcud qaz resursları yalnız “Şahdəniz-2”dən ibarət deyil. Başqa yataqlarımız da var: “Abşeron”, “Ümid”, “Qarabağ”, “Babək” və sair... Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr ölçülür. Bunun təkcə 1,2 trilyonu “Şahdəniz”də yerləşir. Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq. Hazırda qeyd olunur ki, gəlirlərimiz 100 milyard ABŞ dollarından çox olacaq. Söhbət, “Şahdəniz” yatağının hər iki mərhələsindən gedir. Ancaq bunu indi dəqiq söyləmək mümkün deyil. O mənada ki, gəlirlər daha da çox ola bilər. Orta və uzaq perespektivdə Azərbaycan Avropa ölkələrinə qaz ixracında həm də tranzit ölkə kimi çıxış edə bilər.

Odur ki, belə bir mühüm layihəyə görə necə borclanmaya getməyəsən. Azərbaycan dövləti məcburdur ki, xərclərin çox hissəsini üzərinə götürsün və götürüb də... Ümumiyyətlə, xarici dövlət borcumuzun səviyyəsi mövcud struktur və ölkəmizin real valyuta ehtiyatları baxımından kritik həddə deyil. Martın sonuna xaricdən alınmış kreditlərin valyuta tərkibi belə olub: Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları – 6%; ABŞ dolları – 81%; Avro – 9,4%; Yapon yeni – 2,5%; digər valyutalar – 1,1%.

Cəlb edilmiş kreditlərin 46,5%-i sabit, 53,5%-i isə dəyişkən dərəcəli olub. Xarici dövlət borcunun 43,9%-i 10 ilə qədər müddətdə, 52,3%-i 10 ildən 20 ilə qədər müddətdə, 3,8%-i isə 20 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.

Yeri gəlmişkən, xarici dövlət borcunun ÜDM-də 30 %-dən yuxarı həddi artıq, kritik hədd sayılır. Odur ki, borclanma siyasəti hələ davam etdirilə bilər. Amma indiyədək olduğu kimi, ehtiyatlı şəkildə.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Xarici-Borc  





Xəbər lenti