Rəsulzadə Qurban bayramı haqqında

Rəsulzadə Qurban bayramı haqqında
  15 Oktyabr 2013    Oxunub:6045
“O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Gör, nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!"
Onların hər ikisi təslim olduğu və üzüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: "Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!" Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!” (Saffat surəsi, 102-111-ci ayələr)
Qurban bayramı biz müsəlmanların ən qədim və ən müqəddəs bayramlarından biridir. Bu gün müsəlmanların qardaşlıq əhdini təzələmələri, bir-birinə yaxın olmaları, bir-birinin dərdi-səri ilə yaxından maraqlanıb, hamılıqla problemləri aradan qaldırma günüdür.

Bu günün əhəmiyyəti ziyalılarımızın diqqətindən yayınmır, onların hər biri öz baxışına görə bu bayrama münasibətini bildirir. Əsrin əvvəlində çıxan Azərbaycan mətbuatında böyük ziyalılarımız tərəfindən Qurban bayramı haqqında qiymətli fikirlər səsləndirilib ki, bu zəmində Məhəmmədəmin Rəsulzadənin fikirlərindəki orijinallıq diqqətimi xüsusilə özünə cəlb edir.

Qurban bayramı ilə əlaqədar Rəsulzadə “İqbal” qəzetinin 1914-cü il sayında “Qurban münasibətilə” başlıqlı bir məqalə yazmışdı. Həmin məqalədə onun bayramlara və Qurban bayramına münasibətini öyrənək.

Müəllif əvvəlcə ümumi şəkildə bayramların fəlsəfəsinə toxunur. Bildirir ki, bayramlar millətlər tərəfindən milləti və ümməti yaşatmaq, onun milli və ya dini kimliyini qorumaq üçün qeyd edilir. İnsanlar bayramlar vasitəsilə bir-birinə isinir, aralarında bağlılıq telləri möhkəmlənir. İctimai rabitələrdə insanlar arasında istər-istəməz ixtilaflar, müəyyən qanqaraçılıq və incikliklər yaranır, bir-birinə yadlaşma və bir-birindən uzaqlaşma baş verir. Bayram bu soyuqluqları isinişməyə çevirən, ayrılıqları birləşdirən, ürəklərdə bir-birinə sevgi və səfa yaradan mühüm hadisədir. İnsanlar bayram vaxtı bayramlaşmaq və kütləvi ibadətlərdə iştirak etməklə: “Ruhlanıb özlərinin bir vücudi-vahid olduqlarını düşünmək məcburiyyətində qalıyorlar” və “bir vücudun ayrı-ayrı cüzləri olduqlarını dərk ediyorlar”.

Bayramlar, xüsusilə də, müqəddəs dini bayramlar bu ali hissin və məqsədin ən gözəl təminatçısıdır. M. Rəsulzadə qeyd edir ki, bayramın yaşı insanın ictimai həyatının yaşına bərabərdir. İnsanlar bir toplu olaraq yaşadıqları vaxtdan bayram keçirmişlər. Bu qədim bayramlardan biri də Qurban bayramıdır.

İnsanda belə bir xüsusiyyət vardır ki, öz sevdiyinə sevgisini izhar etmək, yaxud, ehtiyac duyduğu ali varlığın vasitəsilə ehtiyaclarını təmin etmək məqsədilə öz dərkinə uyğun şəkildə bir sıra fədakarlıqlara qatlanır. Qədimdə insanlar nadanlıq və cəhalət səbəbilə bəndəlik izhar etmək məqsədilə öz məbudları qarşısında insan qurban edirdilər. Bəzən xurafatlar və yanlış adətlər səmavi din ardıcıllarından da yan keçmirdi. Uca Tanrı insanları istiqamətləndirmək üçün İbrahim peyğəmbərə göstəriş verir ki, bayramda qurban olaraq bir qoç kəssin. O vaxtdan etibarən İbrahim ümməti onun Allah tərəfindən olan bu qaydasını yaşatmışlar.

“İştə 1500 sənədən bəri İbrahim, İsmayıl və Hacərin o sədaqətkaranə və fədakaranə hərəkətlərinin yadigarı olaraq müsəlmanlar hər il milyonlarca heyvan kəsməklə bu vəqəəni (hadisəni ― D. Ş.) yad ediyorlar”.

Bundan sonra xalqımızın böyük oğlu M. Rəsulzadə Qurban bayramının əsas fəlsəfəsini xatırladır ki, bu olmadıqca bayramın həqiqəti müsəlmanın həyatında öz əksini tapmır, gerçəkləşmir. O nədir? İbrahim ata fədakarlığı! İsmayıl oğul fədakarlığı! Hacər ana fədakarlığı! Özündən keçə bilmək! Malik olduqlarından asılı olmamaq! Əslində qurban kəsmək məsələnin zahiridir, bir simvoldur, bir işarədir, məsələnin həqiqəti və batini fədakarlıqdır: “Fəqət qurban kəsdikləri zaman etiqadini-diniyyə (dini əqidə ― D. Ş.) və amali-milliyyə (milli amal ― D. Ş.) yolunda İbrahim və İsmayıl qədər fədakarlıq və mətanət lazım gəldiyini əcəba heç düşünüyorlarmı? Heç dərk ediyorlarmı ki, İsmayılın bu qədər şöhrət və ehtiramı ancaq etiqadı və etiqadı yolunda canına belə “of demədiyindən” irəli gəlmişdir?” Bu həqiqəti İslam dininin həqiqətini başa düşən işıqlı ziyalı söyləyə bilər.

Rəsulzadə qeyd edir ki, bu bayram müəyyən bir müsəlman ölkəsi ilə sərhədlənmir. Harada və hansı ölkələrdə müsəlman varsa, onun da bayramıdır. Məlum məsələdir ki, bayram günündə ürəklər şad olur. Ancaq digər İslam ölkələrində hər gün onlarla günahsız müsəlman öldürülürsə və ya şikəst edilirsə, onların yaxınları necə bayram keçirib şadlana bilərlər? Daxili çəkişmələr, məzhəb ixtilafları nəticəsində, yaxud xarici düşmənlərin hücumları səbəbilə öz həyat yoldaşını, övladını, qardaş və bacısını və ya hər hansı bir əzizini itirmiş müsəlmanın qəlbi necə şad ola bilər, üzünə necə həqiqi təbəssüm qona bilər?!
Bu gün müsəlman dünyası qan içindədir, ancaq elə bil bunların bizə aidiyyatı yoxdur. Böyük coşqu ilə bayramlaşırıq və əmin-amanlıq üçün Allaha şükür edirik, digər müsəlman qardaşlarımızı isə yaddan çıxarırıq. İslam ümməti Peyğəmbər ümmətidir, bir bədənin parçalarıdır. İslam bədəni ürəyindən oxlanıb, ancaq “əl-ayaq” şənlənir, sevinir. “Qurban məlum olduğu üzrə ümumi bir müsəlman bayramıdır. Fəqət bu axırıncı illərdə İslam aləmini bürüyən ixtilafati-daxiliyyə və xariciyyədən dolayı bu bayram çox nadirətlə parlaq, hüzuri-qəlb və vicdan ilə keçmişdir. Keçən illərdə müsəlmanlar həzrəti İsmayıl qurbanı zibh edərkən dindaşlarından minlərcə bigünahların necə kəsildiklərini bir növ yaddan çıxara bilməmişdir”. Görün, üstündən yüz il keçməsinə baxmayaraq, bu gün də eyni dərdləri yaşayırıq, eyni cəhalətlər təkrarlanır. Bəs bu insan nə vaxt yoluna düzələcək?

Müəllif çox maraqlı məqama toxunur. Deyir ki, indiki insanlar qədim insanın qurbanetmə mərasimini indi fərqli adlarla yaşadırlar. İndi də insanlar milli maraqlar və ya vətənin müdafiəsi adı altında bir-birini “zibh” edirlər: “...insanlar indi o qədim adəti Avropaca və qismən də amali-milliyyə təqibi və vətən müdafiəsi yolunda icra ediyorlar”.

Daha sonra müəllif qeyri-müsəlmanların da taleyinə ortaq olur və deyir ki, qeyri-müsəlman qonşularımız keçən il bizi bayram münasibətilə təbrik edirdilər, ancaq bu il onlar yoxdur, müharibəyə qurban getmişlər, başlarına nə gəldiyi bəlli deyil. Onların arvad-uşaqları başsız qalıb. Buna görə də insaniyyət naminə onlara da kömək olunmalıdır. Bu da Rəsulzadənin geniş dünyagörüşü və tolerantlığının bariz göstəricisidir. Maraqlıdır ki, o qeyri-müsəlman ailələrinə kömək etməyi də İslam dininə nisbət verir, bu köməkləşmə və şəfqət duyğusunu müsəlmanlığın tələbi adlandırır. Bu da onun İslamı dərindən mənimsədiyinin daha bir göstəricisidir.

Bu gün bəzi müsəlmanların özünün digər məzhəbdən olan müsəlman qardaşlarını görməyə gözü yoxdur, hər vasitə ilə bir-birilərinə zərər vurmağa çalışır, imkan daxilində bir-birini məhv etməkdən də çəkinmirlər. Bu gün bir çox müsəlman mərkəzləri və məscidləri elə digər nadan müsəlman qardaşların əli ilə partladılır, ibadət məkanları qan gölünə çevrilir. Ancaq işıqlı müsəlman ziyalısı insanlıq naminə qeyri-müsəlmanların da dərdini çəkir.

Əslində isə, Rəsulzadə öz babalarının və İslam rəhbərlərinin yolunun davamçısıdır. Tarix boyu müsəlmanlar yəhudi və xristianlarla birlikdə yaşamışlar və aralarında gərginlik olmamışdır. Ancaq elə ki, fitnəkarlar, maddi marağının, ehtiras və şəhvətinin qulları olanlar “dərələrdən sel kimi, təpələrdən yel kimi” gəlib çıxdılar, din ardıcıllarını və məzhəb qardaşlarını qızışdırıb bir-birilərinin canına saldılar. Bu gün də bir sıra dövlətlər məzhəb ixtilaflarının əsas himayədarlarıdırlar və müsəlmanları bir-birinin canına salmaq üçün milyonlarla pul xərcləyirlər. Bir halda ki, Afrikada minlərlə müsəlman qarşadlarımız ərzaq qıtlığından can verirlər.

Məqalənin sonunda M. Rəsulzadə qurbanlıq qoyunların dərilərini müharibədə zərər görmüşlərin ailələrinə verilməsi ilə bağlı dövrün şeyxülislamının təklifini dəstəkləyir və onun dəvətnaməsinin qəzetdə dərc edildiyini xatırladır. Bizdə də belə təşəbbüslərin olması yaxşı olar.

“Bayram etdiyin əsnada vətən müdafiəçilərini də unutma!
M. Ə. “İqbal”, N766, 17 oktyabr 1914”.

***

Qeyd: Rəsulzadənin əsərlərinin dilimizə transkripsiya edilməsində və bir sıra terminlərin tərcüməsində xarakterik səhvlər var. Bu diqqətsizlikdən, ya da savadsızlıqdan qaynaqlanır. Rəsulzadənin bu məqaləsində də digər məqalələrdə olduğu kimi, toplayan, ərəb əlifbasından latın əlifbasına çevirən və ön sözün müəllifi professor Ş. Hüseynov tərəfindən kobud səhvlərə yol verilmişdir. Bu kitabın transliterasiya redaktorları: filologiya elmləri namizədləri: Məmmədəli Müsəddiq və Malik Qarayev; fars dilindən tərcüməçilər: filologiya elmləri doktoru, professor Səqəfi xanım Hatəmi, Məmmədəli Müsəddiqdir).

Dilman Şahmərdanlı


Teqlər:





Xəbər lenti