Vəhşi Qəlbin adətləri: Terrorçu niyə “qəhrəman”a çevirilir? - (PODKAST)

Vəhşi Qəlbin adətləri: Terrorçu niyə “qəhrəman”a çevirilir? - (PODKAST)
  06 İyul 2018    Oxunub:52286
Bir neçə gündür, sosial şəbəkədə heç bir əndazəyə sığmayan prosesin şahidiyik: Bəziləri Gəncənin icra başçısına atəş açan Yunis Səfərova haqq qazandırmağa çalışırlar. Biri onu “namus fədaisi” elan edir, başqası az qala Qaçaq Nəbiyə çevirib... Robun Qud ilə Qaçaq Kərəm isə kənarda növbə gözləyirlər. Cənablar! Ortada dövlət məmuruna qarşı törədilmiş terror aktı var! Siz nə edirsiniz?! Terrora bəraət qazandırırsınız?
Yunis Səfərovun cinayətinə “haqq” qazandırmaq üçün gətirilən bəhanələrin heç biri qapa qəpiyə də dəyməz. Ona qalsa, istənilən terrorçunu dindirin, onlar sizə kifayət qədər əsas və motiv gətirəcəklər. Hər bir terrorçu öz aləmində “yolundan azmışları” cəzalandırmaq üçün nəyisə partladır, kiməsə atəş açır... Biz “Vəhşi Qərb”də yaşamırıq ki, kimin-kimlə haqq-hesabı varsa, tapançasını çıxarıb, güllələsin. Ümumiyyətlə, xəbəri olmayanlara, yəni beyni 19-ci əsrdən bu tərəfə keçə bilməyənlərə xatırlatmaq lazımdır ki, bəşəriyyət linç dövrünü çoxdan keçib və hüquqi dövlət mərhələsini yaşayır.



Elmar Vəliyevin necə bir insan olmasının məsələyə ümumiyyətlə, dəxli yoxdur. Mən onun haqqında həm yaxşı, həm də pis fikirlər eşitmişəm, oxumuşam. Lap belə, yaxşı sözləri bir qırağa qoyaq, fərz edək ki, Gəncənin icra başçısı həqiqətən də çox pis, kobud, qaba bir adam olub. Bəyəm pis adamı gülləmək lazımdır?! Hər kəsin pis saydığı ən azı bir nəfər var. Özüm 2-3 nəfəri həddindən artıq pis adam sayıram. Əgər elədirsə, onda gəlin başlayaq: hər kəs “pis” saydığını öldürsün, görək, neçə günə yaşadığımız ölkəni cəhənnəmə çevirərik? Bu dünyada hər kəsin haqq-hesab çürütmək istədiyi azı bir nəfər var. Unutmayın, sizi də subyektiv olaraq pis adam sayan ən azı bir nəfər mütləq tapılacaq...

Yenə də, tutaq ki, Gəncənin icra baçısı çox pis adam imiş. Pis məmura qarşı o qədər sivil etiraz yolları var ki... Bu günə qədər Elmar Vəliyevi neçə adam məhkəməyə vermişdi? Neçə dəfə ona qarşı etiraz aksiyası keçirmək üçün cəhd edilmişdi? Nəticəsi olacaqdı-olmayacaqı, bu, başqa söhbətdir, amma kim buna sivil yollarla çalışmışdı?! Belə çıxır ki, heç kim öz hüquqlarını qorumağa hətta cəhd də göstərmir, amma bir terrorçu ortaya çıxıb, silahsız insana atəş açanda “Oxxx, ürəyimdən tikan çıxdı!”,- deyib, ləzzətlə gərnəşirlər. İnciməyin, amma bu, nəinki vətəndaşlıq, heç insanlıq da deyil!

Dəhşətlisi odur ki, bu naşı terrorçu tamamilə günahsız bir insanı – İcra başçısının mühafizəçisini də ağır yaralayıb. Əgər “vendetta” tərəfdarlarının məntiqini tətbiq etsək, onda boş yerə gülləyə tuş gəlmiş həmin mühafizəçinin qohumları da Yunis Səfərovun özünü, yaxud əzizlərini güllələməlidirlər ki, ədalət bərpa olunsun. Beləmi olmalıdır? Yoxsa, hər halda, sivil yolla məhkəmə keçirilərək, qatil-terrorçuya qanuna uyğun bir cəza kəsməlidir? Təbii ki, ikincisi olacaq, çünki xoşbəxtlikdən, biz “vendetta” dönəmində yaşamırıq, Yunis Səfərovun guya öldürülməsi haqqında yayılan xəbərlər isə yalandır, yəni, onun məhkəməsini görəcəyik.

Onun döyülməsinə gəlincə, sadəcə, situasiyanı təsəvvür edin: Sizin gözünüzün qabağında bir terrorçu tanıdığınız, hörmət etdiyiniz adamlara atəş açsa, bir nəfəri öldürsə, sonra isə müqavimət göstərsə, nə edəcəksiniz? Hər halda, başını sığallayası deyilsiniz. Yunis Səfərovun polisə könüllü təslim olması haqqında heç bir məlumat yoxdur. Demək ki, böyük ehtimalla onu kobud döyüş metodları ilə zərərsizləşdirmək lazım gəlib. Biz polisdən nəzakətli olmağı tələb edə bilərik, amma terror anında silahlı cinayətkara qarşı yox!..

Yunis Səfərovun hərəkətinə ictimai dəyər yükləmək, onu qəhrəmana çevirmək, elədiyi hərəkəti “kişilik” kimi göstərmək əslində terrora haqq qazandırmaqdır. Qaranlıqda qəfildən ortaya tullanıb, silahsız insana atəş açmaq nə vaxtdan “kişilik” sayılır? Bu hərəkətin müsbət formada təqdim və təbliğ olunması insanları terrora həvəsləndirmək deməkdir və konkret cinayət məsuliyyəti nəzərdə tutur. Bu hərəkəti təqdir edənlər Azərbaycanı xaos içində görməyi arzulayan demaqoqlardırlar. Onlar dövlətə qarşı kinlərini terrora haqq qazandırmaqla ifadə edirlər.

Sosial şəbəkədə bu cür fikirlərin geniş yayılması son dərəcə təhlükəli haldır. Çünki psixikası yerində olmayan bəzi insanlar Yunis Səfərovun qəhrəmana “çevirilməsini” görəndə onun hərəkətini təkrarlamaq fikrinə düşə bilərlər. Nəticədə yenə kimlərsə bədbəxt olacaq. Normal, şüurlu vətəndaşlar bu təhlükəni özləri anlamalıdırlar. Şüursuzların haqqında isə yaxşı olar ki, polis tədbir görsün – Yunisin hərəkətini müsbət rəngdə təqdim edən şəxslər cəzalandırılsın.

Anlamaq lazımdır ki, Azərbaycandakı sabitlik bizim üçün ən böyük dəyərdir. Terrorun təbliği ilə uzağı buna nail olmaq mümkündür ki, bir gün hansısa radikal təfəkkürlü manyakın açdığı atəş öz əzizlərimizə də toxunsun. Belə olmaması – yəni yunislərin çoxalmaması üçün bu gün Yunisi vətəndaşlar pisləməli, dövlət isə cəzalandırmalıdır.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Yunis-Səfərov   Elmar-Vəliyev  





Xəbər lenti