Gəncənin “Sirrlər xəzinəsi” həftəsi – TƏHLİL

Gəncənin “Sirrlər xəzinəsi” həftəsi – TƏHLİL
  10 İyul 2018    Oxunub:39566
Gəncədəki terror hadisəsi baş verən andan indiyə kimi ictimai rəydə bir neçə mərhələ bir-birini əvəzlədi. İlk mərhələ çaşqınlıq və qeyri-müəyyənlik idi: Heç kim bilmirdi ki, nə baş verib. Kütlə şüurunda informasiya-psixoloji böhran yaşanırdı. Bu mərhələdə müvəqqəti də olsa, qazanc götürə bilənlər sosial şəbəkədə məqsədli şəkildə qərəzli rəy formalaşdıran mərkəzlər oldu; bu işdə onların operativliyini və çevikliyini etiraf etmək lazımdır.
Nəticədə ictimai şüurda ilk rəy belə formalaşdı ki, Yunis Səfərov guya namus üstündə Elmar Vəliyevə atəş açıb. İndi, soyuq başla götür-qoy edəndə, aydın olur ki, bu, çox ağıllı düşünülmüş və hiyləgər dezinformasiya idi: Azərbaycan xalqı namus məsələsinə həmişə həssas yanaşır, namus üstündə törədilən cinayət həmişə cəmiyyətdən ictimai bəraət alır və “namus cinayətkarı” qəhrəmana çevrilir. Birinci mərhələdə bu dezinformasiya tezisi öz işini gördü. İctimai rəydə belə deyək, bir ideya arxı açıldı və fikirlər həmin istiqamətə axmağa başladı.

İkinci mərhələdə isə başqa bir effekt dövrəyə girdi və nəticədə dezinformasiya nəticəsində yaradılmış həmin ideoloji arx böyük bir kanala çevrildi. Bu, psixologiyada “sublimasiya” deyilən effekt idi. Yəni bir istiqamətdə yığılmış mənfi enerji başqa istiqamətdə üzə çıxmağa başladı. Kütlənin məmurlardan, xüsusilə də icra başçılarından narazılığı özünü bir icra başçısına sui-qəsd etmiş şəxsə dəstək vermək şəklində göstərməyə başladı. Bu mərhələdə cəmiyyətin hisslərini körükləyənlərin də təsirilə insanların vətəndaş məsuliyyəti hissi kütlə şüurundakı sublimasiyanın gücü qarşısında böyük hesabla məğlub olurdu. Nəticədə, sosial şəbəkə istifadəçilərinin çoxu faktiki terrorçunu dəstəkləməyə, canini alqışlamağa başladılar. İlk baxışda göz önündə dəhşətli bir mənzərə açılırdı: Sosial şəbəkə zombi-apokalipsis filmlərini xatırladırdı, sanki hamı ağlını itirmişdi...

Həmin əsnada aydınlaşdı ki, Yunis Səfərovun Elmar Vəliyevlə heç bir namus problemi ola biməzdi, “hamilə bacısı” da xaricdə yaşadığı üçün icra başçısının onu təhqir etməsi mümkün deyil. Amma kütlə şüurundakı sublimasiyanın mənfi enerjisi hələ də çox yüksək səviyyədə idi, bu səbəbdən, Yunis Səfərov çoxları üçün “qəhrəmanlıq simvolu” kimi qalmaqdan davam edirdi.

Burada başqa bir psixoloji effektin də üzərində mütləq dayanmalıyıq. Diqqət edin: Yunis Səfərovun hərəkətini təqdir edənlərin 99%-i heç gəncəli deyildilər, demək, Elmar Vəliyevin necə bir başçı olmasının onlara heç bir istisi-soyuğu yox idi. Elə isə, Vəliyevə açılan atəş onlara nəyə görə ləzzət etməlidir? Lap tutaq ki, həmin anda Elmar Vəliyev ictimai şüurda Gəncənin icra başçısı kimi yox, ümumilikdə, ölkədəki icra başçılarının ümumiləşdirilmiş obrazı kimi qəbul olunurdu. Yaxşı, səmimi danışaq: bu yazını oxuyanlardan neçə nəfər yaşadığı rayonun icra başçısının pisliyi, yaxud, kobudluğu ilə rastlaşıb? Hipotetik olaraq, tutaq ki, mənim yaşadığım rayonun icra başçısı son dərəcə pis adamdır. Bundan mənə nə?! Feodalın necə insan olması onun təbəələri üçün vacib amil idi, çünki feodal öz təbəəsinin sahibi sayılırdı; amma hüquqi dövlətdə rəhbərin necə insan olmasının vətəndaş üçün heç bir əhəmiyyəti yoxdur, olmalı da deyil - o sadə səbəbə görə ki, bizim aramızda əlahəzrət Qanun var! Amma bu mərhələdə “işləyən” hələ də məntiq yox, illər boyunca aparılmış əks-təbliğat idi: Söhbət insanların özünü vətəndaş yox, məhz təbəə kimi hiss etməsinə hesablanmış ziyanlı təbliğatdan gedir. Və kütlə hələ də nə etdiyini bilmədən, instinktiv olaraq “pis feodal”ın başına bəla gəlməsindən doğan ekstazı yaşayırdı.

Üçüncü mərhələ rəsmi qurumların yaydıqları açıqlama ilə başladı. Təbii ki, qaragüruh bəyanatı qəbul etmək istəmədi, çünki bu, onun 2 gün ərzində formalaşdırdığı obrazı yerlə bir edir, “qəhrəman”ı terrorçuya çevirirdi. Amma hər halda, istənilən cinayət işində olduğu kimi, burada da əsas sualın üzə çıxmaq vaxtı idi: NİYƏ?! Bir halda ki, Yunis Səfərovun heç bir namus vendettası-filanı olmayıb, hansı səbəbə o, xaricdən durub gəlib, Elmar Vəliyevə atəş açmalı idi? Doğrudanmı, Gəncənin icra başçısının hərəkətləri Yunisin Rusiyadakı rahat həyatını pozmuş, şirin yuxusunu qaçırmışdı? Heç inandırıcı deyil!

Bu yerdə başqa bir vacib məqamı nəzərə alaq: Rəsmi məlumatda deyilirdi ki, Yunis Səfərov bu ilin yanvarında Elmar Vəliyevi öldürmək məqsədilə onu izləyibmiş; amma şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən, onu yaralayaraq, hadisə yerindən qaçıb. Təəssüf ki, həmin hadisədən keçən 7 ay ərzində Yunis Səfərovun harada – ölkədə, yoxsa xaricdə gizləndiyini bilmirik. Əgər xaricə gedib, yenə də qayıdıbsa, maraqlı versiyalara baxmaq olardı.

Niyə bu müddətdə Yunis öz qətl planından əl çəkməyib? Bütün hallarda, iki universal nəticənin üzərində dayana bilərik: O, ya üzdə sakit, nümunəvi müəllim həyatı yaşayan peşəkar qatil olub, ya da dini fanatik. Hər ikisi öz həyatını, ailəsini atıb, Elmar Vəliyevi öldümək üçün Gəncəyə gələr və missiyasını yerinə yetirməyənə qədər hədəfindən əl çəkməzdi. Amma Yunis Səfərov peşəkar qatilə oxşayırmı? Xarici görünüşcə hə, amma əsl peşəkar qatil, yəqin ki, həmin məqamda hədəfini qaçırmazdı...

Ona görə də, soyuq başla yanaşılsa, əslində Baş Prokurorluq, DİN və DTX-nın yaydıqları birgə məlumat inandırıcı idi, sadəcə, kütlə şüuru hələ də rəsmi mövqeni qəbul edəcək qədər sakitləşməmişdi... Bu, dördüncü mərhələdə baş verdi: Nəhayət, həftənin sonunda sosial şəbəkədə terroru pisləyən və qanunu, dövləti müdafiə edən fikirlərin sayı artmağa başladı. Bilərəkdən qızışdırıcı xəbərlər yayan saytların və şəxslərin cəzalandırılması hissləri daha da soyutdu. Bu mərhələdə artıq ictimai şüur sakitləşmiş və düzgün, qanuni məcraya yönəlmişdi. İndi yalnız bir neçə dini ekstremist mərkəzlər və xaricdə yerləşən radikal qruplar məsələni qızışdırmağa cəhdlər göstərirdilər.

Belə bir məqamda artıq uduzduqlarını başa düşmüş xaricdəki qüvvələr və ipləri onların əlində olan radikallar tamamilə mənasız və hətta gülünc bir addım atdılar: Gəncədə etiraz aktiyasının “təşkili”. Bu, gülməli bir iflas anı idi: Təşəbbüsə heç bir gəncəli qoşulmadığı halda, Fransada yaşayan Məhəmməd Mirzəli, Kanadada yaşayan hansısa Sahib Teymurov, Berlindən Emin Milli, Hollandiyadan Orduxan, nə bilim, Tural Sadıqlı Gəncədə aksiya təşkil edirlər, Brüsseldən Arif Məmmədov isə onlara dəstək verir! Eyni qaydada məsələn, Yupiterdə qarğıdalı plantasiyası salmaq, Marsda broyler ferması yaratmaq olar!..

Bir həftə vaxt və kütləvi hisslərin keçdiyi 4 mərhələdən sonra bu aksiya ideyası, əlbəttə, tamamilə fiasko idi. Niyə “mühacir”-radikallar onu kütlənin ehtiraslarının qaynar olduğu vaxta yox, bir həftə sonraya – hər şeyin sakitləşdiyi dövrə təyin etdilər? Çünki hətta o zaman belə, heç bir aksiya baş tutası deyildi, əvəzində bir həftə ərzində məsələni gündəmdə saxlamağa imkan verdi. Onlara da məhz elə bu lazım idi.

İndi, informasiya-psixoloji krizis bitəndən sonra qarşıda daha maraqlı hadisələr gözlənilir: Yəqin ki, hadisə ilə bağlı geniş açıqlamalar, əlavə informasiyalar olacaq, sensasion təfərrüatlar üzə çıxacaq. Və cəmiyyət də bütün bunları sakit başla, soyuq məntiqlə qiymətləndirəcək, daha durub, Yunis Səfərovu Qaçaq Nəbi və Qaçaq Kərəmlə müqayisə etməyəcəklər. Yeri gəlmişkən, o xalq qəhrəmanları öz dövlətlərinə yox, müstəmləkəçi Rusiya İmperiyasına qarşı mübarizə aparırdılar. Burada yada salaq ki, Azərbaycan Demokratik Respublikası hökumətinə qarşı da döyüşən məşhur bir şəxs olub - Qatır Məmməd. Amma siz bu gün onu xalq qəhrəmanı, qaçaq kimi yox, məhz quldur kimi tanıyırsınız. Yunis Səfərov da tarixdə quldur və terrorçu kimi qalacaq.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Gəncə   Elmar-Vəliyrv   Yunis-Səfərov  





Xəbər lenti