Gəncə hadisələrində “Milli Şura” izi - TƏHLİL

Gəncə hadisələrində “Milli Şura” izi - TƏHLİL
  17 İyul 2018    Oxunub:28290
Elçin Mirzəbəyli

Gəncədə baş verən terror aktından və iki polis zabitinin xüsusi amansızlıqla qətlə yetirilməsi ilə nəticələnən qarşıdurmaya cəhddən sonra, bu hadisələri stimullaşdıran xarici amillər, əsas və köməkçi səbəblərlə bağlı çoxsaylı və fərqli yanaşmaların şahidi oluruq. Bu da təbii qəbul olunmalıdır. Baş verənlərə qlobal geosiyasi, geoiqtisadi maraqlar, regional proseslər, siyasi, yaxud dini-ideoloji amillər, təhlükəsilik və inkişaf modellərinin qarşıdurması müstəvisindən yanaşanlar da var.
Amma hər iki hadisənin və prosesin davam etdirilməsi ilə bağlı çağırışların təhlili sonunda bütün yanaşmaların gəldiyi qənaət eynidir: Baş verənlər terror aktı, Azərbaycanı xaosa sürükləmək cəhdi, hədəfə alınan isə Azərbaycan dövlətçiliyidir. Gerisi təfərrüatdı və bu təfərrüatın bütün incəliklərinin zamanla daha aydın görünəcəyinə də şübhə etmirəm.

İndi bu təfərrüatın içərisində yer alan və sifarişçi dairələr tərəfindən məqsədyönlü şəkildə leytmotiv faktor kimi irəli sürülən amillərə, çağırışların, şüarların və tezislərin daşıdığı ideoloji motivə hansı ad qoyulursa qoyulsun mahiyyət onsuz da dəyişməyəcək. Dini şüarlar bu prosesdə sadəcə vasitədir və şübhəsiz ki, çağırışların emosional təsirinin artırılmasına xidmət edir. Bu şüarlar altında ekstaza gətirilə bilən beyinsizlər zümrəsinin uğradığı cəhalət girdabının adını nə qoyursan qoy - “dini radikalizm”, “fanatizm”, “ekstrimizm” – nəticə onsuz da dəyişməyəcək. Bu baxımdan da terminlərin ağırlığından qorxmaq lazım deyil. Ümumiyyətlə, qorxmaq lazım deyil...

Dini radikalizm fanatizmin son həddidir. Bu terminin içərisində konkret şəxsin, yaxud qrupun dini mənsubiyyəti önə çəkilmir, problemin adı vurğulanır.

Azərbaycanda dinin siyasiləşdirilməsinə dəfələrlə cəhd olunub. Yaxın tariximizdə “İslam Partiyası” adı altında ölkənin siyasi həyatına müdaxilə cəhdlərini, yəqin ki, unutmamışıq. Bu qanunsuz fəaliyyət göstərən partiyanın rəhbərliyində yer alan şəxslərin xarici xüsusi xidmət orqanlarına cəsusluq etmələri ilə bağlı faktları da, həmçinin... Biz unutsaq da həmin şəxlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı istintaq materialları, etiraflar, hökmlər, kütləvi informasiya vasitələrində dərc olunan haylı-küylü məhkəmə proseslərindən reportajlar arxivlərdə öz gələcək tədqiqatçılarını gözləyir.

Bu gün baş verən hadisələrin kokünü isə, düşünürəm ki, çox uzaqda yox, 2013-cü ildə, “Milli Şura” adlanan təzyiq və təxribat layihəsinin əsasının qoyulduğu zaman kəsiyində axtarmaq lazımdır. Məhz həmin zaman kəsiyində radikal dini ideologiya pərdəsi arxasında gizlənən fərdlər və qruplar radikal siyasi partiyalarla eyni platformada bir araya gəldilər, yaxud gətirildilər. Milli Şuranın üzvləri arasında xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığı və dövlətə xəyanət etməsi məhkəmə hökmü ilə sübuta yetirilmiş Natiq Kərimovun, 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil almış təxribatçı, terrorçi Taleh Bağırovun və digərlərinin yer alması, “Milli Şura”nın mitinqlərinin qara bayraqlarla, dini şüarlarla, xainlərin, təxribatçı və terrorçuların portretləri ilə “bəzədilməsi” də təsüdufi deyildi...

Xarici ölkənin təzyiq və təxribat layihəsində yer alan, Azərbaycanın istiqlalını elan edən Milli Şuranın şərəfli adını istiqlalımıza qənim kəsilənlərin istifadəsinə təslim edən Əli Kərimli, Cəmil Həsənli və digərləri radikal dini ideologiya pərdəsi arxasında gizlənmiş vətən xainlərinin, təxribatçıların, cəsisların siyasi proseslərdə iştirakına yol açdılar və Vətənə ən azı onlar qədər xəyanət etdilər. Son 5 il ərzində dinin siyasiləşdirilməsinə cəhd göstərən şəxslərin və qrupların Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı yönəlmiş əsil niyyətlərinin siyasi şüarlar, “insan hüquq və azadlıqları”, “demokratiya” və bu kimi terminlər arxasında gizlənərək fəaliyyətlərini genişləndirmək cəhdlərinin məsuliyyəti “Milli Şura”çıların və onların xaricdəki tör-töküntülərinin üzərinə düşür.

Təsadüfi deyil ki, Gəncədə icra başçısına qarşı terror aktı törədən Yunis Səfərov Əli Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin müttəfiqi terrorçu, təxribatçı Taleh Bağırovu özünə “ideoloji kumir” sayır, onun ardıcılı olduğunu bəyan edir. Azərbaycan dövlətinə silah qaldıran Taleh Bağırovu “qəhrəmana”, “vicdan məhbusu”na çevirənlər Yunis Səfərovun və yüksək rütbəli iki polis zabitimizi qətlə yetirən digər terrorçuların ortaya çıxmalarına, islam dininin müqəddəs dəyərlərindən sifarişçilərinin iyrənc məqsədləri üçün istifadə etmələrinə inkan yaratdılar.

“Milli Şura” tör-töküntülərinin Gəncədə baş verən terror aktından dərhal sonra Yunus Səfərovdan da “qəhrəman” qayırmaq cəhdləri, əslində Taleh Bağırovla bağlı prosesin davamı idi, yeni bir hadisə deyildi... Bu prosesi isə polis zabitlərinin qətlindən sonra total ictimai etiraz və cinayət məsuliyyətinə cəlb olunmaq qorxudu dayandırdı. Əli Kərimli, Cəmil Həsənli, “Milli Şura” adlanan xəyanət yuvasından perik düşmüş potensial təxribatçılar xarici qüvvələrin Azərbaycan dövlətçiliyini hədəfə aldıqları üçün dayanmadılar. Onlarda bu əxlaq olsaydı Taleh Bağırov, Natiq Kərimov kimi vətən xainlərinin adlarını keçirdikləri etiraz aksiyalarının əsas şüarlarına daşımaz, yan-yörələrini onların portretləri ilə bəzəməzdilər...

Məhz bu səbəbdən Gəncədə baş verən hadisələrin səbəbkarlarını təkcə ölkə xaricində axtarmaq lazım deyil. Bu hadisələrə görə dinin siyasiləşdirilməsinə yol açan, terrorçuları “qəhrəman”a, “vicdan məhbusu”na çevirənlər də ən azı siyasi məsuliyyət daşıyırlar.

Sözardı

Dini ekstrimistlərin sivil milli və bəşəri dəyərlərimizə qarşı açdıqları savaşın qarşılığında laqeyidliyin nümayiş etdirilməsi yolverilməzdir!
Bilirsiniz, bu adamların və onları idarə edənlərin istəyi nədir?
Təsəvvür edin, geri zəkalılardan, feodal dövrünün ünsürlərindən ibarət, təhsilsiz, elmdən və mədəniyyətdən xəbərsiz, məntiq anlamayan, qondarma ehkamlarla silahlanmış bir qrup şəxs sizin yaşamınızın sərhədlərini cızır və siz onların arzu etdiyi kimi yaşamağa, düşünməyə məhkum edilirsiniz. Azadlığınıza qondarma ehkamlarla, əsassız, sibyektiv mülahizələrlə sərhəd çəkilir. Və bu ehkamlar sizi hər addımda izləyir, "fətva" verir, "hökm" kəsir... Bu qara düşüncəli, qara əxlaqlı adamcığazlar sizə ayaqyoluna necə getməyin şərtlərini belə diqtə edirlər... Mən hələ uçurulan abidələrdən, qadağan edilən mədəniyyət nümunələrindən, sərhəd tanımayan vandalizm aktlarından söz açmıram...
Bax belə... Cəhalətin qarşısında geri çəkilmək gələcəyimizin zülmətə, şərə, qara adamcığazların hikkəsinə, təpəgözlərin ehkamlarına, nağıllara, əfsanələrə qurban verilməsi deməkdir!
Sən işığın, elmin, mədəniyyətin, təhsilin yolundasan! Haq yolundasan! Susma! Cəsarətli ol!


Elçin Mirzəbəyli



Teqlər: Gəncə-hadisələri  





Xəbər lenti