Öldürən və... ölən azərbaycanlı

Öldürən və... ölən azərbaycanlı
  17 Oktyabr 2013    Oxunub:1035
Müsəllim Həsənov

Rusiyada yenidən antiqafqaz, antiazərbaycan kampaniyası başlanıb. Səbəbi məlumdur: Azərbaycan vətəndaşı Orxan Zeynalov Moskvada İqor Şerbakov adlı gəncin qətlə yetirilməsində şübhəli bilinərək həbs olunub.
Orxan Zeynalovun qətl törətməsini hələ məhkəmə sübut etməlidir. Bütün normal ölkələrin qanunvericiliyində olduğu kimi Rusiya qanunlarında, elə Rusiyanın da qoşulduğu beynəlxalq Konvensiyalarda da “təqsirsizlik prezumpsiyası” deyilən bir müddəa var. Və həmin müddəa cinayəti məhkəmə tərəfindən sübut edilməyən şəxsə cinayətkar demək haqqı vermir!

Rusiya mətbuatı və Rusiyanın rəsmiləri indiki halda beynəlxalq hüququn bu mühüm müddəasını ayaqlar altına atırlar, öz işləridir.

Orxan Zeynalovun həbs olunması qanunidir. Ortada ölüm faktı var, cinayəti törətməkdə şübhəli bilinən şəxs var və o, həbs edilib. Normal istintaq aparılmalı, günahı sübut edilərsə, qanuni cəza almalıdır! Bu, aksiomdur, tamamilə normaldır!

Amma ortada anormal olan çox şey var. O.Zeynalovun həbs edilərkən vəhşicəsinə döyülməsi, avtomobildə ayaq altına atılması, işgəncələrə məruz qalması, xüsusi helikopterlə daxili işlər nazirinin (!) hüzuruna gətirilməsi və s. kimi əməliyyat çəkilişlərinin telekanallarda nümayiş olunması nə deməkdir? Və ən qəribəsi də bu kadrlarda şübhəli şəxs qismində saxlanılanın Azərbaycan vətəndaşı olmasının xüsusi vurğulanmasıdır. Amma elə həmin Rusiyada da hamı və hər kəs yaxşı bilir ki, cinayətkarın milliyyəti olmur!

Bu məsələdə Rusiya hüquq-mühafizə orqanlarının xüsusi canfəşanlığı da anlaşılan deyil. Sanki Rusiyanın bir kəndini qırıb qurtaran dəhşətli residivistin həbsindən söhbət gedir. Axı hər gün təkcə Moskvada deyil, Rusiyanın hər yerində saysız-hesabsız qətllər baş verir. Hamınımı daxili işlər nazirinin kabinetinə gətirirlər? Əlbəttə, yox!

Bütün qətllərmi detallarına qədər Rusiya kütləvi informasiya vasitələrində belə izlənir və işıqlandırılır? Təbii ki, yox!

Deməli, bu qətlə milli rəng vermək, bu faciədən şou düzəltmək kimlərəsə lazımdır. Ən dəhşətlisi isə odur ki, Rusiya kütləvi informasiya vasitələrinin bu mövzuda ritorikasına Rusiyanın rəsmi dairələri səxavətlə rəvac verir və bəlkə də bu ritorikanı bir az da alovlandırırlar. Və bu ritorika Rusiyada yaşayan azərbaycanlılara, bütövlükdə qafqazlılara qarşı təhqir və təzyiqlərə yol açır. Nəticə isə özünü çox gözlətmir. Moskvada 27 yaşlı Azərbaycan vətəndaşı Ruslan Qaraxanlı vəhşicəsinə qətlə yetirilir...

...Qəribədir ki, bu hadisələrin baş verdiyi ərəfədə Moskva yaxınlığında daha bir ölüm faktı qeydə alınıb. Bu dəfə 21 yaşlı azərbaycanlı Salaməddin Nağıyev tanımadığı iki yeniyetmə rus balasının çayda boğulduğunu görüb və onları ölümdəm xilas edərək özü... çayda boğulub. Polisə xəbər verilib, faktı qeydə alıblar, polis əməkdaşları Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin gələcəyini deyib hadisə yerini tərk edirlər. Hadisə yerinə sonradan heç kim gəlmir...

Salaməddinin meyitini yalnız 5 gündən sonra, özü də onun öz qohumları pulla dalğıc tutmaqla sudan çıxara bilirlər...

Rusiya mətbuatında bu mövzu o qədər də qabardılmayıb. Daxili işlər naziri Rusiya vətəndaşlarını xilas edərək öz həyatını qurban verən gəncin (yəqin azərbaycanlı olduğu üçün!!!) meyitinin çaydan çıxarılmasına biganəlik göstərən polis əməkdaşlarını cəzalandırmağı heç ağlına da gətirməyib.

Təsadüfdürmü?
Oxşamır...

Amma bütün bu eybəcərliklərin fonunda Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunun sərt bəyanatı ürəklərə sərin su səpdi. Bu, Azərbaycan dövlətinin öz vətəndaşına sahib çıxmasının göstəricisi sayıla bilər. O vətəndaş hətta cinayət törətmiş olsa belə...


Teqlər:  





Xəbər lenti