İnflyasiyadan nə gözləyə bilərik? – TƏHLİL

İnflyasiyadan nə gözləyə bilərik? – TƏHLİL
  18 İyul 2018    Oxunub:14737
Daxili istehlak bazarında ucuzlaşma olmasa da, keçən il və ondan əvvəlki illərdəki kimi ciddi bahalaşma yoxdur. Odur ki, istehlak qiymətləri indeksində, yəni inflyasiya göstəricisində aşağı birrəqəmli səviyyə qeydə alınmaqdadır. Hansı ki, bu da hökumətin cari il üçün proqnozlaşdırdığı həddə tam uyğun gəlir. İlin birinci yarısı arxada qaldığından bu, olduqca qənaətbəxş mənzərədir.
Xatırladıram ki, 2018-ci ilin yanvar-iyun aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsulları və xidmətlərin qiymətləri 3%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 3, qeyri-ərzaq məhsullarının qiymətləri 3,8, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,4% səviyyəsində artıb. Bəs, bu vəziyyət davamlı xarakter daşıyacaqmı?

Məlum olduğu kimi, hökumət inflyasiya üzrə 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə isə 3,1% səviyyəsində rəqəm proqnozlaşdırır. Ümumiyyətlə, Mərkəzi Bank rəhbərliyi bəyan edib ki, makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti sayılır. Həqiqətən də, inflyasiya qorunmasa, istehsalı genişləndirmək və artırmaq əsla mümkün deyil. Odur ki, inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq hökumətin əsas məqsədlərindən sayılır.

Ancaq məqsəd ortaya qoymaq, proqnoz irəli sürmək asandır. Keçən il əsas etibarilə qeyri-monetar amillər, ticarət tərəfdaşlarımız olan ölkələrdə gedən proseslər, o cümlədən, bu və ya digər əmtəə qrupları üzrə tələb ilə təklifin nisbətinin birincinin hesabına dəyişməsi, habelə ərzaq idxalının (özü də bahalı şəkildə) hədsiz geniş xarakter daşıması 12,9% səviyyəsində inflyasiya ilə nəticələndi. Hökumətin hədəfi və proqnozu isə birrəqəmli səviyyədən ibarət idi.

Amma burada bir cəhət vardır. O da bundan ibarətdir ki, 2017-ci ilin ilk 6 ayında ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrü ilə müqayisədə 13,9% artmışdı. Bundan 1 il əvvəl isə sözügedən rəqəm 10,5% idi. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin yanvar-iyun aylarına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,9%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 18,1, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,4 % artmışdı.

Göründüyü kimi, cari ilin yanvar-iyun aylarının yekununa görəsə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bütün bu rəqəmlərdə birrəqəmli göstəricilər qeydə alınıb.

Odur ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında qeyd etdi ki, inflyasiyanın aşağı səviyyədə olması ölkəmizdə makroiqtisadi sabitliyin tam təmin edildiyini göstərir.

Sözün qısası, 2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli həddə qalacağı indidən şəksiz görünür. Bunu şərtləndirən əsas amillər isə məhz bunlardan ibarətdir: xarici təsirlər səngiyib, valyuta bazarında sabitlikdir, neftin dünya bazar qiymətləri qənaətbəxş səviyyədədir, qeyri-neft məhsullarının ixracı tədricən genişlənməkdədir, işgüzar aktivlikdə cüzi canlanma var, ölkəyə bahalı ərzaq idxalı nisbətən azalıbdır, yerli istehsal bu və ya istiqamətlər üzrə armaqdadır. Bütün bunlardan əlavə, tədiyyə balansı yaxşılaşmaqda davam edir. Dövlət büdcəsinin icrasında profisit formalaşıb. Ticarət balansının müsbət saldosu 4,2 milyard dollardır. Ümumiyyətlə, monetar şərait yüksəlib və bu da makroiqtisadi vəziyyətdə balans yaradıb. Amma bir cəhət də var.

Xatırladıram ki, ötən ay dövlət büdcəsinin gəlir və xərclər hissəsi artırıldı. Bu isə, yəni, konkret desəm, büdcə xərclərinin artımı inflyasiyanı yüksəldə bilər. Belə ki, dövriyyəyə əlavə pulun daxil olması makroiqtisadi sabitliyə həmişə təhlükə yaratmaq iqtidarındadır.

Digər tərəfdən isə, dünya bazarında neftin qiymətinə o qədər də bel bağlamaq olmaz və bu, düzgün də deyil. Nəzərə almaq lazımdır ki, hazırkı qiymətləri formalaşdıran əsasən siyasi amillərdir və onların da davamlı olacağı ciddi sual altındadır.

Yəni, 2 təhlükəli məqam var ki, bunlar nəzərə almaq lazımdır: birincisi, xarici risklər hələ tam sovuşmayıb, biz onlardan sığortalanmamışıq, ikincisi isə, büdcə xərclərinin, dövlət investisiyalarının artırılmasının bir sıra makroiqtisadi göstəriciləri - inflyasiyaya və manatın məzənnəsinə mənfi təsirləri hər an real olaraq qalmaqdadır. Başqa sözlə desəm, cari ildə olmasa da, bu təhlükəli amillər həmişə var...

Yeri gəlmişkən, ölkəmizdə 2016-cı və 2017-ci illərdə inflyasiya ikirəqəmli səviyyədə idi. Əvvəlki illərdə isə birrəqəmli səviyyədə olub. Bəllidir ki, neftin satış qiymətinin kəskin şəkildə enməsi nəticəsində 2015-ci ildə manatın məzənnəsi xarici valyutaya nisbətən iki dəfə dəyişdi. Daha sonra manat sərbəst “üzən məzənnə” rejiminə buraxıldı. O da bəllidir ki, ölkədə inflyasiyanı yaradan əsas səbəb manatın məzənnəsində yaşanan dəyişiklik idi. Eyni zamanda, məlum hadisəyə görə ölkəyə idxal olunan məhsulların qiymətlərinin yüksəlməsi idxal inflyasiyası yaradırdı.

Ancaq indi vəziyyət fərqlidir. 2017-ci ildən etibarən dünya bazarlarında neftin satış qiyməti sabitləşib. Həmçinin, ölkənin valyuta bazarında sabitlik hökm sürür.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: İnflyasiya  





Xəbər lenti