Bugünkü qəzetlərdən ən maraqlı yazılar

Bugünkü qəzetlərdən ən maraqlı yazılar
  06 Mart 2013    Oxunub:3407
Azadlıq

Gülər Əhmədova Elşad Abdullayevlə üzləşmək istəyir

Gülər Əhmədovanın vəkili Eldar Qədimi bildirib ki, Gülər Əhmədovanın səhhətinin pisləşdiyini və onun istintaqdan narazı olduğunu bildirib. “O, YAP-dan dəstək gözləmir və Əvəz Zeynallının məhkəməsinə getməyəcək”, vəkil qeyd edib. İstintaq Elşad Abdullayevi Azərbaycana gətirib Gülər Əhmədova ilə üzləşdirməlidir. Bu günə kimi aparılan işləri istintaq kimi qiymətləndirmək olmaz.

İki rayonda etiraz aksiyası

Məqalədə qeyd olunur ki, Goranboyda fəhlələr icra başçısı Nizaməddin Quliyevdən abadlıq-quruculuq işlərində çalışdıqlarına görə əmək haqlarını tələb edirlər. İşçilər RİH-nin binası önünə yığışıb icra başçısı ilə görüş istəyirlər. Ümumilikdə, icra başçısının işçilərə 26 min manatdan yuxarı borcu var. Fəhlələrə əmək haqlarının ödənilməsi N.Quliyevə yaxın olduğu deyilən Müqayis adlı birinə həvalə olunub. Ancaq bu şəxs işçilərin pulunu ödəmək istəmir. İcra başçısı və Müqayis adlı şəxs məsuliyyəti bir-birinin üzərinə atırlar. Beləcə, fəhlələr pulsuz-parasız qalıblar.
Masallıda isə, inzibati ərazi bölgüsü sakinləri qəzəbləndirib. Kənd sakinləri məsələni həll etmək üçün icra hakimiyyətinə gedib başçı ilə görüşmək istəyiblər. İcra başçısı Rafil Hüseynov polislərin aksiya iştirakçılarını ərazidən qova bilmədiyini görüb 5 nəfəri qəbul edib. Rafil Hüseynov sakinlərin şikayətinə cavabında, mümkünsüz olduğunu bildirib. Sakinlər isə öz tələblərində israrlı olduqlarını bildiriblər.


Yeni Müsavat

Qərb diplomatlarının Bakıdakı gizli layihəsi

Hakimiyyət düşərgəsindən və diplomatik kanallardan iqtidarda ciddi kadr dəyişikliklərinin olacağı barədə növbəti məlumatlar sızdırılıb. Son xəbərlərdə vurğulanır ki, dəyişikliklər rayon icra hakimiyyətlərinin başçılarının 80-90 faizini, bir neçə ciddi naziri (onlardan biri Füzuli Ələkbərovdur), polis və prokurorluq, gömrük sistemindəki orta ranqlı məmurlarla yanaşı, bu dəfə Prezident Administrasiyasını da əhatə edəcək. Belə ki, bu dəyişikliklər sayəsində hakimiyyətin seçki komandası müəyyənləşəcək və oktyabrdakı ağır seçki prosesini hansı güc mərkəzinin keçirəcəyi də aydınlaşacaq. Mənbə iddia edir ki, hakimiyyət daxilindəki gərginliyin diqtəsindən başqa, xarici faktorlar da ciddi bir islahatı qaçılmaz etməkdədir: “Xarici faktorlardan birinə - Rusiya amilinə görə prezident komandası yenilənməlidir. Qərb faktoru isə hakimiyyəti onsuz da islahatlara sövq edir. Bizdəki məlumatlar əsasında iddia oluna bilər ki, ən müxtəlif səviyyələrdə və ən müxtəlif intonasiyalarda prezident Əliyevə deyilib ki, islahatlara getməli, korrupsioner və Moskvaya bağlı kadrları dəyişməlidir. Əks halda, Qərb, xüsusilə London və Vaşinqton onu müdafiə edə bilməyəcək.

Rusiya radiosu Azərbaycandakı seçkiqabağı vəziyyəti müzakirəyə çıxardı

Rusiyanın dövlət radiostansiyası “Qolos Rossi” öz efirində Azərbaycanı müzakirəyə çıxarıb. Azərbaycandakı prezident seçkiləri ərəfəsindəki vəziyyəti təhlil etmək üçün studiyaya Rusiya Strateji Araşdırmalar İnstitutunun Qafqaz araşdırmaları üzrə direktoru Yevgeni Baxrevski dəvət olunub. Aparıcılar - “Qolos Rossi” radiostansiyasının şərhçisi İvan Suxov və İron Times portalının redaktoru Madina Şavloxova politoloqa Azərbaycandakı vəziyyətin müxtəlif aspektləri ilə bağlı suallar veriblər. Ekspertə görə münasibətlərin kəskin pisləşdiyini demək olmaz. Onun sözlərinə görə, Qəbələ RLS-in bağlanması, əlbəttə, xoşagəlməz məqamdır. Rusiyalı ekspert daha sonra bildirib ki, İlham Əliyev hakimiyyətə gələndən sonra qısa müddət ərzində vəziyyətə nəzarəti ələ ala bildi. Lakin varlılar və kasıblar arasında dəhşətli uçurum yarandı, bu da, məsələn, İsmayıllıda olduğu kim iğtişaşlara gətirib çıxarır.

Ramil Səfərovun ilginc istintaq ifadəsi yayılıb

Erməni hərbçisini öldürdüyünə görə Macarıstanda 8 il məhbus həyatı yaşayan Azərbaycan zabiti Ramil Səfərovun istintaq materiallarını dərc edib. Məqalənin ən maraqlı bölümü Ramilin məhkəmədə verdiyi ifadədir. O ermənini necə öldürdüyünü danışır və qeyd edir ki, yalnız onda aydın şəkildə dərk etdim ki, hər şeyi itirdim - ailəmi də, karyeramı da, həyatımı da. Ermənilər məndən onsuz da hər şeyimi almışdılar, indi isə belə bir iş də baş vermişdi...Sadəcə bunları demək istədim. Ümid edirəm ki, siz məni anlayacaqsınız".

İqtidar özünə qarşı hücuma keçir...

Nazirlər Kabinetinin Milli Məclisə hesabat verəcəyi tarix məlum olub. Gələn həftə Nazirlər Kabineti Milli Məclisə 2012-ci ilin hesabatını verəcək və iclasda hökumətin son bir illik fəaliyyətinə qiymət veriləcək. Hesabat ənənəvi hesabatlardan sayılsa da, hökumətin bəzi istiqamətlər üzrə fəaliyyəti kəskin tənqid olunacaq. Konkret olaraq müdafiə, əmək və əhalinin sosial müdafiə, kənd təsərrüfatı və təhsil nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Gömrük Komitəsi, “Azəryolservis” ASC əsas tənqid obyektləri olacaq. Artıq hakimiyyətin çətiri altında olan KİV-lərə tənqidi materialları çoxaltmaq barədə göstəriş verilib. Eyni zamanda deputatlara, məmurlara da çıxışlarında tənqidi motivləri artırmaq tapşırılıb. Bu baxımdan hökumətin parlamentdə hesabatı zamanı deputatlardan sərt mövqe sərgiləmək tələb edilir.

Göyçayın icra başçısı villalarını qorumaq üçün idmançılar yığıb

İsmayıllı hadisələrindən qorxuya düşən məmurlar artıq bugünlərdə öz mülklərinin təhlükəsizliyi ilə məşğul imiş. Hüquq müdafiəçisi Vidadi İsgəndərli dedi ki, əsgərin atasının guya əsgər ölümü məsələnin siyasiləşdirilməməsi barədə bəyanat verməsi yalandır. Hüquq müdafiəçisi dedi ki, əsgərin ölümü ilə bağlı Göyçayda yerli hakimiyyət bərk qorxuya düşübmüş: “Yas yerinə idmançıların gətirilməsi əslində biabırçılıq idi. İcra başçısı Ziya Məmmədovun bacısı oğludur axı. Onların Göyçayda böyük villaları var. Məlumat aldıq ki, icra başçısı Mənsur Məmmədov ora polis postları qoyub və idmançıları yığıb. Kəndə iki giriş var, hər ikisi nəzarətdə idi, yollar polislər tərəfindən bağlanmışdı. Görün bunlar nə qədər qorxurlar ki, mənim arxamca üç idmançı gəlib məni izləyirmiş.

Gündəm Xəbər

Fransada azərbaycanlılarla bağlı qalmaqala görə cinayət işi açılıb

Fransanın Milli Assambleyasında keçirilən tədbir zamanı ermənilər tərəfindən iki azərbaycanlı gəncin döyülməsi faktı ilə bağlı polis cinayət işi açıb. Azərbaycanlıları döyən ermənilər istintaqa cəlb olunublar. Bu barədə Modern.az-a Fransadakı “Azərbaycan Evi”nin rəhbəri, bu hadisədə xəsarət almış Mirvari Fətəliyeva bildirib. “Biz baş vermiş hadisə ilə bağlı şikayət etmişik. Bununla bağlı istintaq gedir”, - deyə M.Fətəliyeva vurğulayıb.
“Hələlik hadisənin təsiri altındayam və çox yorğunam. Bundan artıq dəqiq informasiya verə bilmirəm. İstintaq davam edir və nəticələrin nə zaman açıqlanacağını bilmirəm”.

İki general –nazir hədəfdə

“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi martın 9-da saat 15.00-da və 17.00-da Ədliyyə Nazirliyi və müdafiə naziri Səfər Əbiyevin “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən malikanəsinin qarşısında piket keçirilməsi üçün Bakı İcra hakimiyyətinə müraciət edib. Hər iki piketdə 30-40 nəfərin iştirakı nəzərdə tutulur. Piket “Məhkəmə qətnamələri icra edilsin!”, “Qanunların aliliyini pozanlar cəzalandırılsın!”, “Pul kompensasiyaları ödənilsin!”, “S.Əbiyevin xaricə çıxışına qadağa qoyulsun!”, “Məhkəmə hakimiyyətini iflic edən məmurlara ar olsun!”, “Pensiya hüququmuz təmin edilsin”, “Qorxaq icra məmurları işdən çıxarılsın”, “Özbaşınalığa son qoyulsun!” və sair bu kimi sosial yönümlü şüarlarla keçiriləcək.

Unikal

“Həmsədrlərin bəyanatı Azərbaycanın əleyhinədir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu ATƏT-in Minsk qrupu həmsədrlərinin 4 mart bəyanatının Azərbaycanın əleyhinə olduğunu bildirir. O, açıqlamasında birgə bəyanatdakı “həmsədrlər Dağlıq Qarabağa mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən narahatdırlar” ifadəsinə diqqət çəkib: “Vasitəçilər demir ki, hava limanının işə düşməsindən narahatıq, çünki bu münaqişə həll olunmamış bölgədəki vəziyyəti daha çox gərginləşdirə bilər. Deyirlər ki, mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən narahatıq. Yəni Azərbaycana işarə edirlər ki, guya hava limanına yalnız “mülki təyyarələr enəcək” və rəsmi Bakı bunun ətrafında vəziyyəti gərginləşdirməməlidir.


Teqlər:  





Xəbər lenti