Əhalinin ərzaq təhlükəsizliyi yüksələcək

Əhalinin ərzaq təhlükəsizliyi yüksələcək
  26 Oktyabr 2013    Oxunub:1870
AMEA Botanika İnstitutu yeni beynəlxalq proqrama qoşulub.
Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICBA-CAC) regional əlaqələndiricisi doktor Kristina Toderich Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda işgüzar səfərdə olub.

İnstitutdan bildiriblər ki, K.Toderichin Bakıya səfəri İslam İnkişaf Bankının dəstəyi ilə “Aral və Xəzər dənizi hövzələrinin az məhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” mövzusunda müştərək layihə çərçivəsində təşkil olunub.

Səfər zamanı ICBA-CAC-ın baş direktoru, professor İsmixan Eluafi və AMEA Botanika İnstitutunun direktoru, professor Validə Əlizadənin imzaladıqları müqaviləyə uyğun olaraq layihənin həyata keçirilməsi üçün ilk addımlar və tədbirlər planı müzakirə edilərək, Kür-Araz ovalığının şoran arid ərazilərində yaxşılaşdırılmağa ehtiyac duyulan pilot sahə seçilib.

Layihənin məqsədi şoran torpaqların bərpası və heyvandarlığın inkişafı üçün davamlı qida bazasının yaradılması, deqredasiya olunmuş otlaqların yaxşılaşdırılması, aqromeşəçiliyin inkişafı üçün innovativ texnologiyaların tətbiq edilməsi və qiymətləndirilməsidir.

Layihənin ideyasını az məhsuldar torpaqların meliorasiyasında istifadə üçün yeni biliklərin əldə edilməsi məqsədi ilə bitki ekofiziologiyası, botanika, biokimya və bitki qidalanması sahələri üzrə sahələrarası tədqiqatlar aparılması təşkil edir. Bu məlumatlar tələbələrin, doktorantların, fermerlərin, heyvandarlıqla məşğul olan insanların təlimi, kənd təsərrüfatına yardım və əhalinin ərzaq təhlükəsizliyinin yüksəldilməsi üçün istifadə olunacaqdır.

Əldə olunan nəticələr arid otlaq ekosistemlərin stabil fəaliyyətinə və növün biomüxtəlifliyinin qorunmasına şərait yaradacaqdır.

Layihə, həmçinin ərzaq təhlükəsizliyi üzrə Avrasiya mərkəzi ilə sıx əlaqələr yaratmağa imkan verir ki, bu da layihədə iştirak edən Rusiya Federasiyası, Qırğızıstan və Özbəkistanın tərəfdaşlar qrupunun məlumat bazası və insan resurslarından istifadə imkanını təmin edir.


Teqlər:





Xəbər lenti