Neft niyə bahalaşır və artım hara qədər davam edə bilər - TƏHLİL

Neft niyə bahalaşır və artım hara qədər davam edə bilər - TƏHLİL
  06 Oktyabr 2018    Oxunub:23889
Dünya bazarında neft yenidən durmadan bahalaşmaqdadır. Avqustun ortalarından başlayaraq, “qara qızıl”ın qiyməti qalxır və 2014-cü ildə tərk etdiyi maksimumlara qayıdır. Artıq “Brent” markalı neftin bir barreli 15 dollar, yəni 20 faiz bahalaşaraq, psixoloji vacib olan 90 dollar həddinə yaxınlaşıb. Nə baş verir? Neftin qiymətini qaldıran hansı amillərdir və bahalaşma hansı həddə qədər davam edə bilər?
İndiki bahalaşma həm kəskinliyinə, həm də xarakterinə görə 4 il əvvəlki enişi çox xatırladır. O vaxt da qiymətin hərəkətinə təsis göstərən əsas amil siyasi şərait, İran ətrafındakı oyunlar və spekulyantlar idilər, indi də elədir. Bir fərqlə: O vaxt İran sanksiyalardan azad olur və hasilatı artırırdı, indi isə əksinədir. Noyabrın əvvəllərində ABŞ-ın İrana qarşı yeni sanksiyalarının qüvvəyə minəcəyi gözlənilir. Bundan sonra İranın neft ixracı imkanları xeyli azalacaq.

Artıq İran gündəlik neft hasilatını OPEK-in ayırdığı kvotanın səviyyəsindən 350 min barrel azaldıb. Amma bu, hələ sadəcə başlanğıcdır, hasilatın azalması davam edir. Eyni proses Venesuelada da müşahidə olunur. Ekspertlərin fikrincə, iki ölkə birlikdə neft hasilatını gündəlik 2 milyon barrel səviyyəsində azaldacaqlar. Ona görə də, indi əsas sual belədir: Digər ölkələrin bu azalmanı kompensasiya etməyə gücləri çatacaqmı?

Hazırda OPEK ölkələri gündə 32 milyon barrel neft çıxarırlar. Bunun 2.7 milyon barreli İranın payına düşür. Liviyada da hasilatın 600.000 min barrel azalacağı gözlənilir. Bu, OPEK-in gündəlik hasilatında 10% azalma deməkdir. Problem ondadır ki, siyasi vəziyyətin sabit olmadığı ölkələrdə belə bir məsələ var: Onlar kağız üstündə hasilatı artıra bilirlər, amma real həyatda yeni quyular qazmaq və digər işləri görmək olmur.

Belə bir şəraitdə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ölkəsinin gündəlik neft hasilatını 1.3 milyon barrel artırmaq imkanında olduğunu bəyan etdi. Rusiya prezidenti Vladimir Putin isə bildirdi ki, ölkəsi hasilatı tədricən gündə 200-300 min barrelə qədər çoxalda bilər. Bu optimist bəyanatlar qiymətləri müvəqqəti olaraq salsa da, qısa müddətdən sonra digər risklər fonunda bahalaşma yenidən bərpa olundu.

Söhbət ilk növbədə siyasi risklərdən gedir. ABŞ prezidenti Donald Tramp hələ may ayında bəyan etmişdi ki, ölkəsi İranla imzalanmış Nüvə Proqramı üzrə anlaşmadan çıxır. Bu addım bölgədə siyasi gərginliyi atırmaqla, neftin gələcək hasilatını da təhlükə altına qoyur. Ekspertlərin fikrincə, hətta digər amilləri qırağa qoysaq, təkcə elə bu gərginliyin özü də neftin qiymətinin bahalaşmasına təsir göstərir.

Gərginliyi artıran həm də Donald Trampın ikibaşlı hərəkətləri və bəyanatlarıdır. Belə ki, o, bir tərəfdən İrana sanksiyalar tətbiq etməklə, özü neftin qiymətinin bahalaşmasına səbəb olur, digər tərəfdən isə yüksək qiymərlərə görə OPEK-i tənqid edir. Halbuki, neftin hazırkı bahalaşmasına görə tənqid olunası birinci şəxs elə Trampın özüdür. Eyni fikirləri 4 il əvvəl neftin 28 dollara qədər ucuzlaşması zamanı Obamanın haqqında demək olardı. Ümumilikdə, dünya neft bazarındakı kəskin dönüşlərin və qeyri-sabitliyin bircə günahkarı var: Amerika Birləşmiş Ştatları.

Əgər vəziyyət belə davam edərsə - yəni İranın ətrafında siyasi səbitləşmə əldə olunmazsa və Venesuela hasilatı artırmazsa, ilin axırına qədər neftin qiymətlərinin 100 dollardan yuxarı qalxacağı heç kimdə şübhə doğurmur. Bu isə dünya iqtisadiyyatı üçün əlavə problemlər deməkdir. Çünki neftin qiymətinin uzun müddət 100 dolların üstündə qalması qlobal iqtisadiyyatda tənəzzülə, daha sonra hətta böhrana gətirib çıxara bilər. Bu, heç kimə lazım deyil, ilk növbədə də Amerikanın özünə.

Düzdür, qiymətlərin yüksək həddə olması ABŞ-da şist nefti hasilatını yenidən stimullaşdıracaq. Amma yeni iqtisadi tənəzzül və böhran Trampın 2020-ci il seçkilərində şansını xeyli azalda bilər. Hər halda, Amerikanı yenidən böyük dövlət etmək yəqin ki, nefti bahalaşdırmaq və böhran yaratmaq hesabına olmamalı idi...

Tariyel Həsənov
AzVision.az



Teqlər: Neft   İran   Tramp  





Xəbər lenti