“Diplomatların dueli”, yaxud, "Saakaşvili 2.0" dövrü Gürcüstana nə vəd edir? – TƏHLİL

  “Diplomatların dueli”,  yaxud,  "Saakaşvili 2.0"  dövrü Gürcüstana nə vəd edir? –  TƏHLİL
  03 Noyabr 2018    Oxunub:27825
Ötən bazar günü Gürcüstanda bir neçə baxımdan böyük maraq doğuran prezident seçkisi baş tutdu. Əvvəla, qonşu ölkədə sonuncu dəfədir ki, prezident birbaşa səsvermə yolu ilə seçilir. Yəni kim qalib gəlsə, o, Gürcüstanın tarixində xalqın səsilə seçilmiş sonuncu prezident kimi qalacaq. Çünki ölkədə aparılan siyasi islahatlar 2023-cü ildə növbəti prezidentin artıq parlament üzvləri və regionların təmsilçilərindən ibarət 300 nəfərlik xüsusi məclis tərəfindən seçiləcəyini nəzərdə tutur.
İkincisi, heç indi seçilən prezidentin özü də ciddi siyasi fiqur olmayacaq. Ölkənin parlament respublikasına çevrilməsi ilə prezident simvolik fiqura dönür və əsasən təmsilçilik funksiyaları saxlanılır. Amma buna baxmayaraq, prezident seçkisinin əhəmiyyətini azaltmaq da düzgün olmazdı. Çünki o, ən azından, qonşu ölkənin yaxın gələcəkdə gedəcəyi siyasi yolun istiqamətini müəyyənləşdirmək baxımından böyük maraq doğururdu. Yəni əhali kimin, hansı qüvvənin tərəfindədir, ölkənin hansı yolla getməsini istəyir? Seçki bu suallara birmənalı cavab verməsə də, bəzi məqamların aydınlaşdığını söyləmək olar.

İlk dəfə olaraq Gürcüstanda prezidentin adı seçkinin ikinci turunda müəyyənləşəcək. Birinci turda 24 namizəddən ikisi təxminən bərabər səs toplaya biliblər. Bunlar hakim partiyanın dəstəklədiyi keçmiş xarici işlər naziri, gürcü əsilli fransız diplomat, gürcü dilini fransız dilindən daha pis bilən Salome Zurabişvili və hazırda ölkəyə gələ bilmədiyi üçün Niderlandda yaşayan eks-prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadzedir. Vaşadze də vaxtilə xarici işlər naziri olub. Ona görə, indiki seçkiyə “keçmiş xarici işlər nazirlərinin dueli” də deyə bilərik. Özü də, onların hər ikisini məhz Saakaşvili Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin etmişdi. Digər oxşar cəhət isə hər ikisinin diplomat karyerasının Gürcüstandan kənarda qurulmasıdır.

Seçki günü əvvəlcə exit-polların nəticələri çaşqınlıq yaratdı. Belə ki, hakim partiyanın sifarişi ilə seçkini izləyən “Psihoproyekt” təşkilatı Zurabişvilinin 52 faiz səslə qalib gələcəyini desə də, müxalif namizədin dəvətilə prosesə qatılmış “Edison Research” hər iki namizədin təxminən 40 faiz ərəfəsində səs toplayacağını və ikinci turun qaçılmaz olacağını bəyan etdi. Və haqlı çıxdı: Seçicilərin 40% aktivliyi ilə keçən seçkidə iki əsas namizədin hər biri 38 faiz ətrafında səs topladılar. Daha dəqiq desək, Zurabişvili 38,63%, Vaşadze 37,74% səs yığıblar. Amma hakim partiyanın namizədinin 0,89% faiz artıq səs toplamasına baxmayaraq, onun ikinci turda qalib şansı praktik olaraq yoxdur. Çünki digər namizəd – “Avropa Gürcüstanı” partiyasıın sədri, parlamentin keçmiş spikeri, 10,97% səs toplamış David Bakradze öz tərəfdarlarını Vaşadzeyə səs verməyə çağıracaq.

Beləliklə, elə indidən Saakaşvili və onun tərəfdarları qələbələrini bayram edə bilərlər və edirlər də. Seçki günü feysbukda Hollandiyadan canlı yayıma çıxan Saakaşvili bildirdi ki, bu, onun Gürcüstandan kənarda etdiyi sonuncu canlı yayımdır. Və Bidzina İvanişviliyə xitab edərək, tezliklə ölkəyə qayıdacağını söylədi. Onun xanımı Sandra Rulofs isə Tiflisdə Qriqol Vaşadzenin qələbəsi üçün çalışırdı.

Əslində Salome Zurabişvili seçkiyə müstəqil namizəd kimi qatılmışdı. Lakin milyarder Bidzina İvanişvilinin başçılıq etdiyi “Gürcü arzusu” hakim partiyası öz namizədini irəli sürmədi və ona dəstək verəcəyini elan etdi. Nəticədə Zurabişvilinin qələbə qazanması üçün xeyli maliyyə və inzibati resurslar ayrılmışdı. Buna baxmayaraq, Zurabişvili qalib gələ bilmədi. Niyə? Hakim partiya olan “Gürcü arzusu”nun rəhbərləri özlərinə çox arxayın olduqlarını və rəqibin gücünü düzgün qiymətləndirə bilmədiklərini deyirlər. Partiyanın siyasi şurasının sədri və Tiflisin meri Kaxa Kaladze hətta bildirdi ki, kənar namizədi dəstəkləmək yox, öz namizədlərini irəli sürmək lazım idi. Bəzi ekspertlər Zurabişviliyə xas snobizmin və özündən müştəbehliyin sadə xalqa xoş gəlmədiyini deyirlər.

Amma bir məqamı da unutmaq olmaz: Salome Zurabişvili görünür, həm də öz fransız keçmişinin təsirilə dəfələrlə ermənilərə isti münasibəti, həmçinin Türkiyə və Azərbaycan əleyhinə işlətdiyi xoşagəlməz fikirlərlə də yadda qalmışdı. Bu isə Gürcüstanda yaşayan, heç də az və zəif olmayan azərbaycanlı elektoratın ondan üz döndərərək, Vaşadzeyə səs verməsinə səbəb olmuşdu. Bu məqam seçkinin ümumi nəticəsi baxımından da önəmlidir: Əgər Zurabişvili qalib gəlsə, istisna deyil ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərində müəyyən soyuqlaşma yarana bilərdi.

Gürcüstanda seçkinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçirilməlidir. Əgər Vaşadze qalib gələrsə, böyük ehtimalla, qonşu ölkədə ikinci Saakaşvili dönəmi başlayacaq. Güman ki o, ölkəyə qayıdacaq və hökumətə rəhbərlik edəcək. Batano Mixeilin xarakterini nəzərə alanda, bunun Gürcüstan və bütövlükdə region üçün nələr vəd etdiyini proqnozlaşdırmaq bir qədər çətindir. Amma bir şey aydındır ki, Gürcüstana kimin rəhbərlik etməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlərdə həmişə diqqətli və həssas davranmağa çalışacaqlar. Çünki Gürcüstan üçün Azərbaycanın önəmi həddindən artıq böyükdür.

Tariyel Həsənov
Azvision.az



Teqlər: Gürcüstan   Vaşadze   Zurabişvili  





Xəbər lenti