Keçmiş deputat, sevilən aktrisa, səfir anası - FOTOLAR+VİDEO

 Keçmiş deputat, sevilən aktrisa, səfir anası -  FOTOLAR+VİDEO
  08 Noyabr 2018    Oxunub:41259
Bu gün Azərbaycanın tanınmış aktrisası Amaliya Pənahova 73 yaşında vəfat edib. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti bir sıra obrazlarla tamaşaçıların yaddaşında qalıb.
O, teatr və kino sahəsində 500-dən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolların adını çəkmək olar. Eyni zamanda rejissor kimi də özünü sınayaraq 12 tele və teatr tamaşasına quruluş verib. Bir çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır.



Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul"u xüsusi qeyd etmək yerinə düşər.

"Babək" filmindəki "Zərnisə", "Arxadan vurulan zərbə" də "Ziba", Qərib cinlər diyarında filmindəki "Zərri", "Qanun naminə" filmində "Balış" vəs obrazları aktrisaya böyük tamaşaçı rəğbəti, bitməyən sevgi qazandırıb.



Xalq artisti 1994-cü ildən pedaqoji fəaliyyətə başlayıb və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinin müəllimi olub.

Bu gün onu sevən və xatirəsini hörmətlə yad edənlər arasında tələbələri də var. Hansı ki, onların əksəriyyərini 1992-ci ildə yaratdığı Bakı Bələdiyyə Teatrına işə cəlb etmişdi və daima onların yaradıcılıq imkanlarının üzə çıxarılmasında maraqlı idi.

A.Pənahova 2000-2005-ci illərdə Milli Məclisin deputatı seçilib, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

O, aktyor və teatr xadimi Yusif Muxtarovun həyat yoldaşı olub. Müsahibələrində mərhum yoldaşından sevgi ilə danışardı.



A. Pənahova bir sıra ölkələrdə səfir işləmiş diplomat İlqar Muxtarovun anasıdır.

Aktrisa uzun müddət uşaqlıq boynunun xərçəngi xəstəliyindən əziyyət çəkirib. Amma daima yaradıcılığı ilə gündəmə gələn sənətçi bunu ictimaiyyətdən və mətbuatdan gizlətməyə çalışırdı. O, həmişə sevənlərinin yaddaşında mübariz qadın obrazlarının yaradıcısı kimi qalmağı arzulayırdı. Şübhə yox ki, sevilən aktrisa bu arzusuna çatdı...

Allah rəhmət etsin!



























Hazırladı: Şahanə Rəhimli
Azvision.az


Teqlər: Amaliya-Pənahova   Aktrisa  





Xəbər lenti