Zakir Mirzəyev 70

Zakir Mirzəyev 70
  31 Oktyabr 2013    Oxunub:5377
Tanınmış qarmon ifaçısı Zakir Mirzəyevin yubileyi qeyd edilib.
Bu gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış qarmon ustası, Əməkdar Artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyevin anadan olmasının 70 illiyinə həsr edilmiş gecə keçirildi.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, Siyavuş Kərimi Zakir Mirzəyevi məharətli qarmon ifaçısı, Azərbaycan muğamlarının bilicisi, öz sənətini yeni nəslə yorulmadan təbliğ edən fədakar pedaqoq və nəhayət cəfakeş alim kimi səciyyələndirdi. S.Kərimi yubilyara xoş arzularını bildirərək, rəhbərlik etdiyi təhsil ocağının fəxri fərmanını ona təqdim etdi.
Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədiliyev Zakir Mirzəyevi qarmon ifaçılığında yüksək sənətkarlıq məktəbi yaratmış Kərbəlayi Lətif, Əhəd, Abutalıb, Teyyub Dəmirov kimi azman sənətkarlardan sonra bu sənətdə öz dəsti-xətti olan ifaçı kimi qiymətləndirib.

Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev və başqaları Zakir Mirzəyevin xalq arasında hörmət qazanmış musiqiçi və insan kimi yüksək keyfiyyətlərindən danışıb.

Gecədə incəsənət ustalarının ifasında xalq mahnıları, muğam və təsniflər ifa olunub.

Sonda Z.Mirzəyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.


Teqlər:





Xəbər lenti