`İdeya Bankı`nda nələr var? – MÜSAHİBƏ

`İdeya Bankı`nda nələr var? – MÜSAHİBƏ
  31 Oktyabr 2013    Oxunub:5094
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yarandığı ilk gündən “ASAN xidmət” mərkəzlərinin vətəndaşlara xidmət sahəsində innovativ fəaliyyətinin dəstəklənməsi və həyata keçirilməsi sahəsində addımlar atıb. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təkmillişdirilməsi və bu sahədə vətəndaş ideyalarının dəstəklənməsi məqsədilə Dövlət Agentliyinin “İdeya Bankı” da yaradılıb. “İdeya Bankı” üzrə müvəkkil, Dövlət Agentliyinin Strateji Araşdırmalar sektorunun müdiri Fariz Cəfərov müsahibəsində bir sıra maraqlı məqamlara aydınlıq gətirir.

- “İdeya müvəkkili” - çox maraqlı səslənir. Bu vəzifə özündə nəyi ehtiva edir?
- Bildiyiniz kimi, Dövlət Agentliyinin kollektivi gənclərdən təşkil olunub və kollektivdə entuziazm yüksək səviyyədədir. Bizim vəzifəmiz dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Bu səbəbdən innovativ ideyaların toplanmasında maraqlıyıq. Əhatəmizdə yaradıcılıq qabiliyyəti yüksək olan insanlar çoxdur. Bu ideyaların toplanması, təhlil edilməsi və qiymətləndirməyə təqdim edilməsi “İdeya müvəkkili”nin vəzifəsidir. Onu da qeyd etmək istərdim ki, ideyaların toplanılması zamanı Dövlət Agentliyinin vəzifə və funksiyalarına uyğun olan ideyalara üstünlük verilir.

- Deyə bilərsinizmi, proses necə və hansı meyarlara əsasan həyata keçirilir?
- Dəyərləndirmə bir neçə meyar əsasında aparılır. Bunlara innovativlik, səmərəlilik, aktuallıq və digər kriteriyalar daxildir. Bu meyarlara cavab verən hər bir ideya seçilir və onların əsasında fəaliyyət planı hazırlanılır. Fəaliyyət planına daxil olan hər bir ideya nəzərdə tutulduğu vaxt çərçivəsində həyata keçirilir. İdeyaları reallaşdırılmaq üçün qəbul edilmiş vətəndaşlar Agentliyimizə dəvət olunur, onların təşəbbüskarlığı qiymətləndirilir və bu tədbir mətbuatda geniş şəkildə işıqlandırılır.

- Bütün bu ideyaların toplanılmasında əsas məqsəd nədir?
- Daha öncə qeyd etdiyim kimi, ölkəmizdə kifayət qədər kreativ ideyalara malik olan vətəndaşlarımız vardır. Onların ideyalarını “İdeya Bankına” cəlb etməkdə məqsədimiz vətəndaşlara göstərdiyimiz xidmətin keyfiyyətinin yüksəldilməsi, fəaliyyətimizin təkmilləşdirilməsi və vətəndaşların dövlət idarəçiliyində iştirakını təmin etməkdir.

- Oxucularımız üçün ideyaların toplanılması üsullarını bilmək maraqlı olardı. Bunu necə həyata keçirirsiniz?
- İdeyalar müxtəlif mənbələrdən qəbul edilir. Vətəndaşlar ideyalarını e-mail vasitəsilə ([email protected] e-poçt ünvanına), Agentliyin internet səhifəsində (www.asan.gov.az) xüsusi olaraq yaradılmış “İdeyanı Paylaş” bölməsinə daxil olmaqla, mərkəzlərimizdə yerləşdirilmiş “İdeya Qutusu”na atmaqla, “ASAN xidmət” mərkəzlərinin sosial şəbəkələrdəki səhifələri vasitəsi ilə təqdim edə bilərlər. Hər bir ideyaya reyestr nömrəsi verilir və “İdeya bankına” daxil edilir.

- Ümumiyyətlə, bu günə kimi “İdeya Bankı”na daxil olan ideyaların sayı ilə əlaqədar vətəndaşlarımızın aktivliyini necə qiymətləndirirsiz?
- Çox maraqlıdır ki, qısa bir zaman kəsiyində və vətəndaşlarımız aktivliyi nəticəsində 1000-dən çox ideya qəbul olunub və onların əksəriyyəti artıq fəaliyyətimizdə öz təzahürünü tapıb. Hər bir ideya bizim üçün olduqca böyük dəyərə malikdir və heç bir ideya diqqətdən kənarda qalmır.


Teqlər:





Xəbər lenti