Rusiyada azərbaycanlılara təzyiq davam edir

Rusiyada azərbaycanlılara təzyiq davam edir
  02 Noyabr 2013    Oxunub:1235
“Azərbaycanlılara qarşı təzyiqlər kampaniya halını alıb”.
“Moskvada Orxan Zeynalovla bağlı hadisədən sonra qeyri-ruslara, xüsusilə azərbaycanlılara qarşı yoxlamalar, təzyiqlər kampaniya halını alıb”. AzVision.az APA- ya istinadən xəbər verir ki, bunu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva vilayəti üzrə rəhbəri Aydın Cəfərli deyib. O bildirib ki, bunu azərbaycanlılar və digər millətlərin nümayəndələri ilə yanaşı, rusların özləri, rus ictimaiyyəti də aydın görür və etiraf edirlər ki, bu yoxlamalar, yersiz incidilmələr bir kampaniyadır: “Adi bir məişət cinayəti üzərində bu cür geniş kampaniyanın başlanması bütün ölkə ictimaiyyətində mənfi rəy yaratmaqdadır. Eyni zamanda, burada qüvvələr var ki, yaranmış vəziyyətdən öz məqsədləri üçün sui-istifadə edirlər. Bu da millətlərarası münasibətlər üçün yaxşı nəticə verməyəcək. Apardığımız söhbətlər zamanı rus ziyalıları da bunu etiraf edir”.

ÜAK təmsilçisi qeyd edib ki, hazırda azərbaycanlılar baş götürüb kütləvi şəkildə Moskvadan gedirlər: “Bilmirik bu, süni əngəldir, ya yox, amma Rusiyanı tərk etmək istəyənlərin əksəriyyəti Azərbaycana bilet tapa bilməmələri ilə bağlı bizə şikayətlər edirlər. Demək olar ki, bu günlərdə Azərbaycana bilet yoxdur. Gedənləri bir çoxu ara sakitləşdikdən sonra qayıtmağı nəzərdə tutsa da, bir çoxu artıq birdəfəlik buranı tərk edir”.

A. Cəfərlinin sözlərinə görə, bazarlarda və hər həftənin beşinci günü evlərdə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı yoxlamalar daha da intensivləşib. O, regionlarda yaşayan azərbaycanlılardan da onlara şikayətlər daxil olduğunu söyləyib: “Bildirirlər ki, heç nəyin üstündə tez-tez onları yoxlayırlar, onlara cinayətkar gözü ilə baxırlar və sair... Bizim əlimizdən o gəlir ki, mümkün qədər onları sakitləşdirək, təxribata getmələrinə imkan verməyək. Əlimizdən gələn qədər də yerli hökumətdən hüquqlarımızı tələb edirik”.

Diaspor nümayəndəsi sonda əlavə edib ki, mövcud durumda Rusiyada azərbaycanlılara qarşı hər an təhlükə gözlənilir.


Teqlər:  





Xəbər lenti