Bakı yol polisi reyd keçirdi - FOTO

Bakı yol polisi reyd keçirdi - FOTO
  07 Noyabr 2013    Oxunub:2794
Bakı yol polisi və Nəqliyyat Nazirliyi bəzi metrostansiyalar ətrafında avtobus və taksi sürücülərinə qarşı reydlər aparıb.
Bakı Şəhər Dövlət Yol Polisinin Nəqliyyat Nazirliyinin əməkdaşları ilə avtomobillərin hərəkətində sıxlığın aradan qaldırılması məqsədilə birgə reydləri davam edir.

AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, bugünkü reydlər paytaxtın "Koroğlu" metrostansiyasının yaxınlığındakı avtobus dayanacağından başlayaraq metronun "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu" stansiyalarına qədər olan küçə və yollar boyunca dayanacaqların, eləcə də yol boyu yolların hərəkət hissəsində, 2-ci cərgədə avtomobilləri saxlayan və qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı, eləcə də avtobus sürücüləri arasında nizam-intizamın yaradılması məqsədilə keçirilib.

Onun sözlərinə görə, reydlər zamanı yol polislərinin və Nəqliyyat Nazirliyi əməkdaşlarının saxlama işarəsinə əhəmiyyət verməyən və tədbir yerində avtomobili yüksək sürətlə idarə edən, hətta əməkdaşların üzərinə belə avtomobili çəkinmədən sürərək qaçmağa cəhd göstərən 6 sürücü barəsində tədbir görülməsi üçün raport təqdim edilib, 10 avtobus yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacaqlara göndərilib.

Dayanma, durma və park etmə qaydalarını pozduqlarına görə çoxlu sayda sürücüyə inzibati protokollar tərtib edilib, avtobus dayanacağı ərazisini zəbt etdiyi üçün evakuatorların köməyi ilə həmin avtomobillər cərimə meydançalarına aparılıb.

Sərnişinlər, piyadalar və ətrafda olan insanlar əməkdaşların fəaliyyətinə müdaxilə etdikləri üçün onlar arasında da geniş təbliğat işləri aparılıb. Tədbirlər davam etdirilir.

Bir daha avtomobil sahibləri və sürücülərinin nəzərinə çatdırılır ki, avtobus dayanacaqlarının ərazisində avtomobili park edənlərə, yolların hərəkət hissəsində, 2-ci cərgədə, piyada səkilərində, yolların kəsişmə hissəsinə yaxın məsafələrdə, "dayanma-durma qadağandır" nişanlarının təsir zonalarında tələbləri pozan avtomobil sürücülərinə qarşı mütəmadi tədbirlər davam etdiriləcək.

Həmçinin, sərnişindaşıma ilə məşğul olan sürücülər arasında nizam-intizamın yüksəldilməsi və əhaliyə nümunəvi xidmət göstərilməsi, eləcə də təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdiriləcək.

Reydlər zamanı hətta bir taksi fəaliyyəti ilə məşğul olan sürücüdən soyuq silah sayılan bıçaq da aşkarlanıb.

Qalereya




Teqlər:





Xəbər lenti