Sahibkarlara 500 min manatdan çox güzəştli kredit verildi

Sahibkarlara 500 min manatdan çox güzəştli kredit verildi
  08 Noyabr 2013    Oxunub:1253
Saatlıda sahibkarlara 500 min manatdan çox güzəştli kredit verilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Saatlı rayonunun Kamallı kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” çərçivəsində tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən 62 sahibkara 532,9 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 100-ə yaxın yeni iş yerinin açılmasına imkan verir.

Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılaraq, prioritet hesab olunan müasir çörək zavodunun, kiçik cins heyvandarlıq təsərrüfatlarının və plastik qapı-pəncərə istehsalı müəssisəsinin nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və yeni internet səhifəsi barədə məlumat verib. Artıq yeni sistemin köməyi ilə sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər.

Tədbir çərçivəsində Saatlı rayonunun Əhmədbəyli kəndində dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmiş sahibkar İlyas Mikayılova və Elşən İbadova məxsus fermer təsərrüfatlarına baxış keçirilib.


Teqlər:





Xəbər lenti