Məhkumların ölüm sayı 12 dəfə azalıb

Məhkumların ölüm sayı 12 dəfə azalıb
  08 Noyabr 2013    Oxunub:1462
Azərbaycanda məhkumlar arasında xəstəlikdən ölüm halları 12 dəfə azalıb.
AzVision.az xəbər verir ki, BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan və baş qərargahı ABŞ-da yerləşən digər nüfuzlu təşkilat - İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası Azərbaycanın penitensiar sistemində vərəmə nəzarət proqramını 2013-cü ilin Səhiyyə Mükafatına layiq bilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumata görə, mükafatın təqdimatı bu günlərdə ABŞ-ın Kolorado Sprinqs şəhərində dünyanın 70 ölkəsinin ədliyyə, o cümlədən penitensiar sistemini təmsil edən 500-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilmiş Assosiasiyanın 15-ci İllik Konfransında olub. Bu məqsədlə Azərbaycan Ədliyyə Nazirliyinin Tibb xidmətinin rəhbəri Rəfael Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Mükafat Assosiasiyanın prezidenti tərəfindən təntənəli mərasim zamanı Azərbaycan tərəfinə təqdim olunub.

Qeyd edək ki, belə mükafatlar penitensiar sistemlə bağlı proqramların dünya standartlarına uyğun icra edilməsində xüsusi fərqlənməyə və yüksək nailiyyətlərin əldə olunmasına görə verilir və Azərbaycan bu il səhiyyə sahəsində təltif olunmuş yeganə ölkədir.

Azərbaycanda məhkumların hüquqları və imtiyazları xeyli genişləndirilib, saxlanma şəraiti, dərman və digər təminatları, xüsusilə tibbi xidməti əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr yeni tibb avadanlığı ilə təchiz olunub.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq nəticəsində məhkumlar arasında vərəmə qarşı mübarizə üzrə birgə fəaliyyət çox müsbət nəticələr verib, bu xəstəliyin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-testin dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq olunub. Bütün bunlar penitensiar müəssisələrdə xəstəlikdən ölüm hallarının sayının 12 dəfə, vərəmdən isə ölüm hallarının təqribən 40 dəfəyədək azalmasına səbəb olub.


Teqlər:  





Xəbər lenti